Nağıllar, hekayələr

Əbdürrəhim bəy Haqverdiyev. "Sərçə"

Baharın gözəl günlərindən biri idi. Molla Abbasla dəhlizin qabağında əyləşib söhbət edirdik. Mollanın arvadı dəyirmanlıq üçün buğda yuyub günə sərmişdi. Molla Abbas həm mənimlə söhbət edirdi, həm də əlindəki uzun çubuqla buğdanın üstünə gələn toyuqları və quşları qovurdu. Birdən bir arı gəlib bir buğda apardı.

 

Hər ikimiz təəccüb etdik: buğda arının nəyinə lazımdır? Hey fikirləşdik, bir şey anlaya bilmədik.

 

Bir azdan sonra arı gəlib bir buğda da apardı. Molla Abbas dedi:

– Arı gəlib bir də buğda aparsa, bu qocalığıma baxmayaraq, onun dalınca gedəcəyəm.

 

Cavabında dedim ki, mənim ayaqlarım bərkdir, tez gedib bir xəbər gətirərəm.

 

Həqiqətən, arı gəlib bir buğda da götürüb uçdu. Mən qalxıb onun dalınca yüyürdüm. Arı getdi – mən getdim, arı getdi – mən getdim. Endik bir dərəyə. Arını gözdən qoymurdum. Baxıb nə gördüm?

Gördüm, kolun altında bir kor sərçə oturub. Arının vızıltısını eşitcək ağzını ayırdı və arı buğdanı onun ağzına atıb uçdu.

Yəqin ki, arı həmin sərçə ilə dost imiş. Sərçə kor olandan sonra da bu dostluğu unutmayıb.