Nağıllar, hekayələr

Üç oğlan

Üç oğlan meşəyə getmişdi. Doyunca gəzdilər, günün necə keçdiyindən xəbər tutmadılar. Evə qayıtmaq istəyəndə qorxuya düşdülər. Axı evdə onları danlayacaqdılar.

 

“Nə edək, evdə düzünü deyək, yoxsa bir şey uyduraq?” – deyə fikirləşdilər.

– Mən deyəcəyəm ki, guya canavar bizə hücum etmişdi, – deyə birinci oğlan dilləndi. – Onda atam sevinər ki, sağ-salamatam. Yəqin ki, bir söz deməz.

– Mən isə deyəcəyəm ki, babamla rastlaşmışdım. Ona görə gecikdim. Atamla anam sevinər və məni danlamazlar.


– Mən isə düzünü deyəcəyəm, – deyə üçüncü oğlan dilləndi. – Doğru danışmaq həmişə asan olur. Ona görə ki, uydurmaq lazım gəlmir.

 

Onlar ayrıldılar.

 

Birinci oğlan evə gəlib canavar haqqında uydurmasını təzəcə söyləmişdi ki, meşəbəyi gəlib çıxdı. O dedi:

– Sən nə danışırsan, ay bala, bizim meşədə canavar nə gəzir?!

 

Ata dilxor oldu. Oğlunun gecikməsinə görə narahat olmuşdusa, yalan danışmasına görə ikiqat kədərləndi.

 

İkinci oğlan babasını gördüyünü təzəcə söyləyib qurtarmışdı ki, qapı açıldı, baba içəri girdi. Ana işin nə yerdə olduğunu anladı. Oğlunun yalan danışdığını başa düşüb lap hirsləndi.

 

Üçüncü oğlan evə gələn kimi günahını boynuna alıb üzr istədi. Atası başını bulasa da, onu bağışladı.