Nağıllar, hekayələr

Həyat dərsi

Gənc iş adamı yeni «Yaquar»ı ilə bir küçədən keçirdi. Birdən maşının önünə nəyinsə dəydiyini hiss etdi. O, maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısında 12—13 yaşlarında çəlimsiz bir qız dayanmışdı.

 

Gənc özünü saxlaya bilməyib qışqırmağa başladı:

 

— Sən kimsən? Bu zəhrimar daşı niyə atdın? Bilirsən, bu daş mənə neçəyə başa gələcək?

 

Uşaq yalvararaq cavab verdi:

 

— Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdı.

 

Uşaq bir tərəfdən danışır, bir tərəfdən də gözlərindən sel kimi yaş axıdırdı. Əli ilə yolun kənarındakı əlil arabasından yıxılmış 15—16 yaşlarında olan oğlanı göstərdi və dedi:

 

— Böyük qardaşım arabasından yıxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin.

 

Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarında yerə yıxılmış oğlanı qaldıraraq, yenidən arabasına oturmağa kömək etdi.

 

Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq təlatümü yenicə sakitləşmiş dənizə bənzər gözlərilə minnətdarlıqla gəncə baxıb:

 

— Allah razı olsun, — dedi.

 

Uşaqlar arabanı sürərək evlərinə tərəf getdilər. Onlar gözdən itənə qədər gənc dayanıb mənalı baxışları ilə arxalarınca baxdı.

 

Maşının önü əzilmişdi. Bu həyat dərsi olan əziyi heç vaxt təmir etdirmədi. Çünki bu hadisə gəncə həyatda daha həssas olmağı, bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi...