Nağıllar, hekayələr

Çingiz Aytmatov. Dəniz kənarıyla qaçan alabaş

ixtisarla


Qaranlıq çəkilib gedirdi. Səhər səxavətlə nura bələnirdi. Torpağın ümumi cizgiləri yavaş-yavaş aydın görünür, dənizin üzü get-gedə açılırdı.


Gecə küləyin coşdurduğu dalğalar sahilə yaxın yerlərdə hələ də ağ köpüklü cərgələrlə çarpırdı. Gözdən itən uzaq-uzaq dərinliklərdə isə ağır, xəfif ləpəli dəniz tutqun-tutqun parıldayır, sakitləşib ram olurdu...


Qara buludlar dəniz üzərindən köçlənərək sahil təpəliklərinə doğru sürünürdü.


Bu yerdə, Alabaş buxtasının yaxınlığında çəpəki ucalan dağlıq yarımadada ən çox nəzərə çarpan və uzaqdan baxanda doğrudan da dəniz kənarıyla baş alıb qaçan nəhəng ala-bula köpəyi xatırladan bir qaya-təpə var. Böyürləri qarışıq kollu-meşəli, başında sallaq pələqulağa oxşayan iri qar talasını, quzey çuxurunda isə ondan da iri bəyaz qar zolağını yayın qızmar günlərinəcən qoruyub saxlayan Alabaş qaya dənizdən də, meşədən də həmişə aydınca görünürdü.


Sübh tezdən, Günəş iki qovaq boyu qalxanda, buradan, Alabaş buxtasından bir nivx kayakı ayrılıb, dənizə yol aldı. Qayıqda üç ovçu və bir oğlan uşağı vardı. Kişilərdən nisbətən daha cavan və qüvvətli olan ikisi dörd kürəklə avar çəkirdi. Gözünü, ələlxüsus da boynunu dərin qat-qırış basmış, iri, kələ-kötür əlləri çat-çat olmuş qoca qayığın arxa tərəfində oturub çubuğunu ağır-ağır sümürərək sükanı idarə edirdi. Saç-saqqalı çallaşmışdı artıq. Demək olar, ağarmışdı. Qəhvəyi çöhrəsində çal qaşları gendən seçilirdi. Qoca yaşaran, qan sağılmış gözlərini adəti üzrə qıymışdı — axı o, bütün ömrü boyu Günəş şüalarını əks etdirən sulara baxmalı olmuşdu və indi adama elə gəlirdi ki, o, körfəzdə qayığın hərəkətinə kor-koranə istiqamət verir. On bir-on iki yaşlarında qaragözlü oğlan isə o biri başda, kayakın lap burnunda oturaraq tez-tez altdan-altdan böyüklərə baxır, o yan-bu yana çox çovumamaq, zəhmli ağsaqqalın acığını tutdurmamaq üçün yerində özünü güclə saxlayırdı.


Oğlan təlaş keçirirdi. Həyəcandan burun pərələri körük kimi qalxıb-yatır, üzünə xəfif çillər çıxırdı. Bu ona anasından keçmişdi; anası çox sevinəndə, üzündə belə xəfif çillər görünərdi. Oğlanın həyəcan keçirməsinin səbəbi vardı.


Bu dəniz səfəri onunçün, onu ovçuluq peşəsinə alışdırmaq üçün düşünülmüşdü. Elə buna görə də Kirisk cüllüt kimi başını o tərəf-bu tərəfə çevirir, ətrafa sonsuz maraq və səbirsizliklə baxırdı. Kirisk ömründə birinci dəfə idi ki, dədə-baba kayakında açıq dənizə, peşəkar ovçularla əsl ova gedirdi. Oğlan yerindən qalxmaq, avar çəkənləri tələsdirmək, dəniz heyvanlarını ovlayacaqları adalara tez çatmaq üçün az qala özü var gücü ilə kürəklərdən yapışmaq istəyirdi. Fəqət uşaq istəkləri təmkinli adamlara gülməli görünə bilərdi. O, bundan ehtiyat edərək var gücü ilə hissini büruzə verməməyə çalışırdı. Lakin buna heç də tam müyəssər olmurdu. Öz xoşbəxtliyini gizlinnsaxlamaq onunçün çətin idi; sağlam, qarabuğdayı yanaqları qıpqırmızı olmuşdu. İllah da gözləri — vəcdə gəlmiş fərəhnak, saf uşaq gözləri onun qəlbini coşduran sevinc və qürurunu gizli saxlaya bilmirdi. Axı qarşıda dəniz vardı, qarşıda onu kalan ov gözləyirdi!!!


Qoca Orqan onu başa düşürdü. O, gözlərini qıyaraq, qayığın dənizdə istiqamətinə baxa-baxa səbirsizlikdən yerində qurcalanan oğlanın halını da hiss edirdi. Qocanın baxışları hərarət saçırdı, o: «Eh, uşaqlıq, uşaqlıq!» — deyə gülümsəmək istədi, lakin yarısönmüş çubuğunu dərin qullab vurub sümürməklə cənglərindəki xəfif təbəssümü vaxtında gizlətdi. Təbəssümü büruzə vermək olmazdı. Oğlan onlarla dəniz səfərinə qayıqda əyləncə üçün çıxmamışdı. O öz dəniz ovçusu həyatını başlamalı idi; o həyatı birdəfəlik, havaxtsa bir gün elə dənizdə də başa vurmaq üçün başlamalı idi — neyləmək olar, çörəyini dənizdən çıxaran adamın taleyi belədir, çünki dünyada dəniz ovçuluğundan da çətin və təhlükəli iş yoxdur. Ona gərək uşaq yaşlarından vərdiş eləyəsən.


Elə buna görə də atalar deyiblər: «Ağıl — göydən, səriştə — uşaqlıqdan». Atalar belə də deyiblər: «Çörək gətirməyən oğul nəslə yükdür». Deməli, çörəkgətirən olmaq, ailə dolandıran olmaq üçün kişi xeylağı erkən çağlarından özünə bir peşə seçməlidir. Kiriskin də belə bir peşə öyrənmək çağıydı; oğlanı ovçuluğa öyrətmək, dənizə alışdırmaq vaxtı çatmışdı.