Nağıllar, hekayələr

Zahid Xəlil. Quşlar

Mənim babam cavanlıqda çox mahir ovçu olub. O, cürbəcür quş səsi çıxara bilirmiş. Elə indinin özündə də babam əlini ağzına tutub kəkliyi, meşətoyuğunu, bildirçini yamsılaya bilir.

 


Babam danışır ki, bir dəfə kolluqda gizlənib bildirçin səsi çıxarırmış. Bildirçinlər yaxına gələndə onları tüfənglə vurmaq istəyirmiş. Elə bu vaxt yuxarıdan başına bir zərbə dəyir. Əgər papağı qalın olmasaymış, yəqin ki, huşunu itirərmiş. Çevrilib baxanda görür ki, zərblə başına dəyən qırğıdır. Qırğı bildirçin səsini eşidib ova gəlirmiş. O, qarşısındakının quş olmadığını görsə də, özünü ona çırpmışdı. Çünki quşlar gördüyündən çox, eşitdiyinə inanır.

 

Quşlar təhlükə barəsində bir-birinə xəbər ötürür, səslə həyəcan siqnalı verirlər. Təhlükəni birinci görən quş xəbərdarlıq etməyi özünə borc bilir.