Nağıllar, hekayələr

Elçin Hüseynbəyli. Nəvə

İllər ötsə də, olub-keçənlər indiki kimi yadımdadır. Hər şey qəfil baş verdi. Həyət-bacada qısqıvraq gəzən, saysız-hesabsız, – mənə elə gəlirdi, – toyuq-cücə saxlayan nənəm xəstələndi. Yaşı yetmişi ötən nənəm, deyilənlərə görə, ömründə xəstəlik nədir, bilməmişdi.

 

Amma indi xəstələnmişdi. Həm də, deyəsən, bərk xəstələnmişdi. Başqa vaxt məni buyurub çağırmayan nənəm indi hərdən yazıq-yazıq mənə baxır, dodaqlarını güclə tərpədib su istəyirdi.

 

Tərs kimi babam da evdə yox idi, qış üçün odun tədarükünə getmişdi, on-beş gün olmayacaqdı. Xəstə nənəmlə tək qalmışdım. Dərd məni götürmüşdü, başımı itirmişdim. Nənəmin xəstələndiyi elə birinci gün çox mətləblər mənə aydın oldu. Məsələn, aydın oldu ki, çay dəmləməyi bacarmıram.

 

Bunu nənəmin əl hərəkətlərinin, baxışlarının köməyi ilə yarımca günə öyrəndim. Əsas məsələ o imiş ki, dəm çaynikini qaynamağa qoymayasan. Dəm çaynikindən və nənəmin “qəfədan” dediyi böyük çaydandan süzdüyüm çayı şəstlə onun çarpayısının yanındakı stulun üstünə qoydum. Çətinliklə tapdığım zoğal mürəbbəsindən bir neçə qaşıq stəkana boşaltdım. Stəkandakı çayın daşaraq nəlbəkiyə, stulun üstünə dağılması nənəmin xoşuna gəlməsə də, onun baxışlarından duyurdum, səsini çıxarmadı. Doğrudur, qonşu Nübar xala turşulu şorba bişirib gətirsə də, xəstəyə mən qulluq edirdim. Şəhərə – atama-anama zəng etmək istəyimə nənəm mane oldu, “Xəbər vermə, iş-güclərindən qalmasınlar, bir-iki günə ayağa qalxaram”.

 

Məsələ onda idi ki, atamla anam məni bir ay olardı ki, kəndə göndərmişdilər. Dostlarımdan, oxuduğum məktəbdən uzaq düşmüşdüm.

 

Kənddə nə qədər qalacağımı, neçənci sinfə kimi oxuyacağımı bilmirdim. Kənd uşaqları ilə qaynayıb-qarışmaq elə də çətin olmadı. Burda xoşuma gələn şeylər çox idi. Amma ən çox xoşladığım nar idi. Nar, həqiqətən, mənim çox xoşuma gəlirdi. Çünki onun qıpqırmızı, sürüşkən dənələri vardı və uşaqların üzünə pısqırtmaq daha asan idi. Bir neçə gündən sonra isə dərslər başlanırdı. Və mən fikirləşirdim ki, nənəm tezliklə sağalmasa, çoxdan gözlədiyim arzuma çatmayacam. Çünki uşaqların ilk dərs günü geyəcəkləri ağappaq köynəklərə qıpqırmızı nar dənələrini pısqırtmaq arzusunda idim.


Deyəsən, bir də ona görə həvəslənirdim ki, məni ola bilər ki, şəhərə – öz evimizə göndərərlər. Təkrar edim ki, mən kəndə sanki sürgünə göndərilmişdim. O vaxt mənə elə gəlirdi ki, elə bir qəbahət iş tutmamışam. Sadəcə olaraq, bir dəfə şəhərdəki qonşunun pəncərəsinin şüşəsini qırmışdım, bir dəfə də dərs zamanı müəllimənin çantasına baxmışdım.

 

Bir dəfə də özümdən bir yaş kiçik qardaşımı ağaca bağlamışdım... Əlbəttə, qardaşımı çox axtarmışdılar, axşamdan xeyli keçmiş sağ-salamat tapıb evə gətirmişdilər və məni yandıran o idi ki, heç kim mənim zarafat elədiyimə inanmırdı. Heç məni çox istəyən nənəm də...

 

Bir dəfə də qonşunun pişiyini bütün günü ac-susuz balkonumuzda bağlı saxlamışdım. Əlbəttə ki, indi hər şey yadımda qalmayıb və mənə elə gəlirdi ki, elə bir pis iş tutmamışam.

 

Kəndə göndərilməyimi sürətləndirən, deyəsən, kənddən bizə qonaq gəlmiş əmim oğlunu dənizin kənarına aparıb itirməyim olmuşdu. Bunun da günahkarı, düzünə baxsan, əmim oğlunun özü idi.

 

Çünki o, həmişə məni cırnadırdı və deyirdi ki, hər şeyi, hətta dombalaq aşmağı da məndən yaxşı bilir. Bəlkə də, mən onun dediklərini vecimə almazdım. Ancaq dombalaq aşmaq məsələsində o, tamam haqsızıydı, çünki harda gəldi dombalaq aşmaq – özü də necə lazımdı – mənim adətimiydi və qonaqlar yanında öz məharətimi göstərmək üçün bu əməliyyatı həyata keçirəndə bir neçə dəfə danlanmışdım da... Mən də acığa düşüb əmim oğlunu dənizin qırağında qoyub gizlənmişdim. Sonra da başım şəhərin küçələrində qaçışan maşınların nömrələrini saymağa qarışmışdı və sevimli əmim oğlunu yadımdan çıxarmışdım. Əslində, sonradan elə pis iş olmadı və onu tapıb gətirdilər. Nənəm həmişə olduğu kimi, mənim tərəfimi saxladı və dedi ki, bunun nə yaşı var, hələ körpədir...


Həmin il mən beşinci sinfə gedirdim və hər şey öz qaydasında idi. Ancaq bir gün əlim dinc durmadı və mən özümdən qabaqda oturan Könülün ağappaq bantı ilə qələmdən əlimə düşmüş rəngi sildim...

 

Yadımdadı ki, həmin gün nənəm məni danışdırmadı və atam məni balkonda saxladı. Məktəb bağlanan kimi isə atamın göstərişi, nənəmin və babamın təkidi ilə məni göndərdilər kəndə.

 

Onsuz da babamgil bizdə – şəhərdə olanda kənddən ötrü darıxırdılar və bir bəhanə ilə ora qayıtmaq, məni də özləri ilə aparmaq istəyirdilər. Düzdür, kəndə göndərilməzdən qabaq evdə iclasa bənzər bir yığıncaq keçirildi. Mənim bütün həyatım xatırladıldı – ayağımın ilişib yıxılmağımdan tutmuş mənimçün son bədbəxt hadisəyə, yəni qonşunun sevimli pişiyini ac-susuz saxlamağıma qədər.

 

Təxminən yadımdadır ki, atamla üzbəüz qalmışdım, onun dediklərini başımla təsdiqləyirdim. Düzünü deyim ki, atamın dediklərində həqiqətəoxşar şeylər çox idi və mən onun dediklərini həvəslə mənimsəyirdim, öz hərəkətlərimi götür-qoy edirdim, fikirləşirdim ki, çox şeyləri daha da maraqlı etmək olardı. Məsələn, əlimi Könülün ağappaq bantına yox, palıdı donuna da silə bilərdim, onda qələmin rəngi bilinməzdi. Müəllimənin çantasına isə dərsdən sonra onunla hazırlaşan vaxt da baxa bilərdim. Ancaq pişik məsələsində mənim məharətimə söz ola bilməzdi və elə indi də onu ac saxlamağıma peşman deyiləm. Çünki o pişikciyəz mənim xoşladığım sərçələri qəflətən tutub yeməyə öyrəşmişdi və bu da məni bərk qəzəbləndirirdi. Bütün bu kəşfləri fikirləşən zaman atam hələ sözünü davam etdirirdi və öz nitqindən, deyəsən, vəcdə gəlirdi.

 

Məni əsəbiləşdirən isə böyrümdə oturub başımı sığallayan, hərdən də alnımdan, üzümdən öpən anam idi və onun başımın tüklərində ilişən əli atamın dediklərini təsdiqləyən başımı tərpətməyə mane olurdu, həm də mənim fantaziyalarımın inkişafını ləngidirdi...

 

Əslinə qalsa, dediyim kimi, kənd mənim daha çox xoşuma gəlirdi. Çünki mənim burada böyük hörmətim vardı və heç kim məni acılamırdı. Mən şəhərdən gəlmişdim, kənd uşaqları mənə fəxrlə baxırdılar. Ona görə də onlar məni arabaya qoyub hara istəsəm, aparırdılar, hərdən mən istəyəndə isə əllərini göyə qaldırıb at kimi kişnəyirdilər.

 

Ümumən, hər şey yaxşı idi və mən, bəlkə də, kənddə doğulmadığıma heyifsilənirdim...

 

Bizim evdən bir az aralıdakı meydançada uşaqlar futbol oynayırdılar və mən lap dilxor olurdum. Mənsiz oyun, yəqin ki, maraqsız idi. Çünki onların balaca rezin topları vardı. Yekə dəri top isə ancaq məndəydi və kənddə belə toplara Pelenin oynadığı top kimi baxırdılar. Mən oynamayanda topu onlara vermirdim, oynasam, mütləq kapitan olmalıydım. Mənim şərtim beləydi. Özü də 11 metrlik cəriməni özüm vurmalıydım və meydanın hansı tərəfində yıxılmağımın 11 metrlik cəriməyə dəxli yoxuydu. 11 metri isə özümün xırdaca addımlarımla ölçürdüm. Mənim topumu qaytaran uşaq mütləq oyundan çıxarılmalıydı. Ona görə də heç kim mənim topumu tutmaq istəmirdi.

 

Top əyri gedəndə isə 11 metrəlik təkrar edilirdi. Çünki topun əyri getməsinə it hürüşü, yaxud kiminsə dərindən nəfəs alması da səbəb ola bilərdi. Hərdən mən arada hirslənirdim də. Onda topu qoltuğuma vurub, bir xeyli oynamağa ara verirdim və müəyyən mükafat müqabilində məni ələ alırdılar. Adətən, mən oynadığım komanda udmalı idi, çünki mən o birisi günü topumu verməyə bilərdim.

 

Əlbəttə, bütün bu həngamələr mübahisəsiz ötüşmürdü və öz mövqeyimi müdafiə etmək üçün xeyli enerji sərf eləmək lazım gəlirdi.


Nənəmin yastığının dibini kəsib oturduğum müddətdə uşaqlar bir neçə dəfə bizə gəldilər. Onlar mənim dərdimə şərik olduqlarını bildirmək üçün dəridən-qabıqdan çıxırdılar. Əslində, doğrudan da, dilxor olmuşdular.

 

Axı mənsiz onların heç bir işi keçmirdi. Uşaqların narahat olmağı xoşuma gəlirdi. Çox istəyirdim ki, hamı elə həmişə mənimlə maraqlansın və mən daim diqqət mərkəzində olum.

 

Nənəmin xəstəliyi isə uzanırdı. Əziyyətim də çoxalırdı. Amma öyrəndiklərim də az deyildi. Tezdən qalxır, su hazırlayır, nənəmin əl-üzünü yumasına yardım edirdim. Artıq çay dəmləməyi, Nübar xalanın bişirdiyi xörəyi isitməyi, qablara çəkməyi öyrənmişdim. Nənəmin arzusu ilə iki dəfə kartof qaynatmış, əllərim yansa da, qabıqlarını təmizləmiş, gözlərimin yaşarmasına baxmayaraq baş soğan doğrayaraq əməlli-başlı yemək hazırlamışdım.

 

Get-gedə başqa işlərə də alışırdım, nənəmin etirazına baxmayaraq, evləri süpürür, həyətdəki quyudan su çəkir, yetişmiş pomidorları bostandan yığırdım. Toyuq-cücəyə dən səpmək, su qoymaq, hini təmizləmək, ağacların dibinə tökülmüş meyvələri yığıb səliqə ilə çardağın altında düzmək mənim üçün adi işə çevrilmişdi.

 

Oynamaq-filan getdikcə yadımdan çıxır, ən maraqlı əyləncələrim, vaxt ötdükcə mənə gülünc görünürdü. Nübar xalanın mənim haqqımda dediklərinə özüm də təəccüblənirdim: “Maşallah, od parçasıdır Kamal. Heç elə bil şəhər uşağı deyil, əlindən hər iş gəlir”. Ən böyük mükafatım isə nənəmin razılıqla gülümsəməsi idi.


Yadımdadır ki, ən təəccüblü iş uşaqlar növbəti dəfə mənə baş çəkəndə oldu. Onları çardağın altındakı stolun arxasında oturmağa dəvət etdim. Hər birinin qarşısına bağçamızdakı meyvələrdən düzdüm, yemələrini xahiş etdim. Bu lütfkarlığım uşaqları təəccübləndirmişdi.

 

Onlar gördüklərinə və eşitdiklərinə inanmırdılar. Nəhayət, əllərini çəkinə-çəkinə meyvələrə uzatdılar, çarpayının altında saxladığım topu onlara verməyimi isə əsl möcüzə kimi qarşıladılar. Topu sığallayır, birbirinə ötürür, bunun həqiqət olduğuna inanmaq istəyirdilər.

 

Bu, hələ harasıdır?! Mənə bağışlananları və zorla aldıqlarımı sahiblərinə qaytardım. Ramiz göz yaşları içində mənə verdiyi, əslində, ondan qopartdığım uzun, naxışlı xətkeşi geri alanda heyrət içində idi. Sənan qotazlı, rəngbərəng ipi olan təsbehini əlində tutub çaşqın vəziyyətdə mənə baxır, bu səxavətin səbəbini anlamağa çalışırdı. İlqar nə vaxtsa çətinliklə ayrıldığı bəzəkli alışqanı yenidən əlində tutduğuna inana bilmirdi.

 

Məndə olanların hamısını sahiblərinə qaytardım. Mənə ad günümdə şəhərdə hədiyyə edilmiş qlobusu həmyaşıdıma – Elçinə bağışlamağım isə bütün kənddə bir neçə gün danışıldı.

 

Müflisləşsəm də, bir yüngüllük, rahatlıq duyurdum. Elə hislər keçirirdim ki, mənim üçün tamamilə yeni idi. Deyəsən, bu, əsl xoşbəxtlik idi.

 


Atamla anamın qəfil gəlişi mənim üçün sürpriz oldu. Anam codlaşmış əllərimdən tutanda göz yaşlarını saxlaya bilmədi. Atam özünü təmkinli apardı, amma gözlərindən mehribanlıq, razılıq oxunurdu.

 

Ürəyimdən keçən sualı onlara vermədim: “Məni şəhərə aparacaqsınız, yoxsa kənddə qalacağam?”

 

Anamın və atamın baxışlarından anladım ki, mənim sürgün müddətim bitib.