Nağıllar, hekayələr

Qənaətcil sincab

Meşədə balaca bir sincab yaşayırdı. Sincab hündür bir ağacda özünə rahat yuva qurmuşdu. Bu ağac meşədəki ən hündür ağac idi və sincab bununla fəxr edirdi. 
 
Sincab çox qənaətcil idi. Bütün düşüncəsi qışa tədarük yığmaq idi. Buna görə çox israf etməməyə çalışır, çox yemir, başqaları ilə heç nə paylaşmırdı.
 
Sincabın zəngin tədarükləri haqqında eşidən, meşədə yeməksiz qalan və əziyyət çəkən balaca heyvanlar onun yanına gəlir, lakin əli boş geri qayıdırdılar.
 
Heyvanlar yalnız bu kəliməni eşidirdilər: 
 
"Tədarükümü hər kəsə paylasam, özümə yeməyə bir şey qalmayacaq. Yayda tədarük görmək, yığmaq lazımdır, sizin kimi bütün günü yeyib gəzmək yox! Gedin burdan! Məndən heç nə almayacaqsınız!
 
Qənaətcil sincab bax beləcə yaşayırdı. Heyvanlar isə artıq onun yanına gəlmir, onsuz da cavab olaraq nə eşidəcəklərini yaxşı bilirdilər. 
 
Sincabın heç bir dostu yox idi. Kim xəsis birisi ilə dost olmağı istər ki?
 
İsti bir yay günü idi. Sincab üçün çox iş var idi! Sincab səhərdən axşama qədər yorulmadan işləyirdi. Yeməyə belə vaxtı yox idi, yalnız qozaları yuvasına sürükləməklə məşğul idi. Ancaq yuvada çox yer qalmamışdı, çünki bütün yuva əvvəlki illərin ehtiyatı ilə dolu idi. Qozalar artıq yuvaya sığmırdı. Sincab kədərləndi:
 
- İndi nə edim? Yeməyi harada saxlayım? Sincab ağacdələnin yanına getdi və ondan yuvasını genişləndirməsini istədi.
 
- Zəhmət olmasa, əziz ağacdələn, mənim yuvamı genişlət, yoxsa balacadır, ora heç nə sığdıra bilmirəm!
 
Ağacdələn mehriban idi, buna görə də razılaşdı. Sincabın yuvasına daxil oldu, bir az nəzər yetirdi. Yuvanın dəliyi böyük idi, lakin içindəki yeməklər artıq görünmürdü. Orada bütün meşə heyvanlarını doyuzdurmaq üçün kifayət qədər yemək var idi. Ağacdələn sincab üçün dəlik açıb dedi:
 
- Niyə ac heyvanları qovursan? Burada hər kəs üçün kifayət qədər yemək var! Xəsis olma, sincab! Bax, bir gün gələr sənə kömək olarlar!
 
- Uç get burdan, pis ağacdələn! Sənə nə? - sincab hirslə dedi.
 
Ağacdələn qanadını ona tərəf yelləyib uçub getdi.
 
Beləliklə, yay keçdi və payız gəldi. Bir gecə güclü göy gurultusu başladı. Sincab sakitcə yuvasında yatmaq üçün uzandı, birdən güclü bir səs eşitdi. Ağacın bütün divarları titrədi, sincabın bütün tədarükləri isə yerə tökülməyə başladı.
 
Sincab yuvasından çıxdı və meşənin ən gözəl və ən hündür ağacının parlaq alovla yandığını gördü. İldırım onu vurmuşdu.
 
- Kömək edin! Kömək edin! Yanğın! – sincab qışqırdı. Tədarüklərini xilas etmək üçün sincab yuvasına daxil olmaq istədi, amma çox gec idi, yanğın artıq bütün evini bürümüşdü. Sincab yaxınlıqdakı bir ağacın üstünə tullandı və göz yaşları ilə yanan yuvasına və tədarüklərinə baxdı.
 
- Mənim tədarüklərim! – deyərək sincab ağladı, - Vay mənim halıma!
 
Ağacın altına meşə sakinləri toplanmağa başladı. Barmaqları ilə onu göstərib güldülər.
 
- Sənə yaxşı olur! – hamısı gülərək dedilər.
 
Sonra sincabın yanındakı bir budağa ağacdələn oturdu.
 
- Sənə demişdim axı, gün gələr onlar sənin köməyinə yetərlər! -ağacdələn kinayə ilə dedi.
 
Sincab sadəcə ağır bir ah çəkdi. Hər şeyi başa düşdü və əvvəllər bu qədər kobud davrandığı qonşularından kömək istəməyə belə cəsarət etmədi. Çirkli və nəm sincab, köhnə bir şam ağacının budağının altında yuxuya getdi, özünü tamamilə bədbəxt hiss etdi.
 
Sincab ən çox qışdan əvvəl kifayət qədər tədarük toplamağa vaxtının olmayacağından narahat idi, çünki yay artıq bitmişdi.
 
Ertəsi gün sincab sakit cingilti səsindən oyandı. Aşağıda, ağacın altında, çır-çırpını bir yerə toplayan kiçik bir siçan gördü. Sincab onun yanına düşdü və nə etdiyini soruşdu.
 
- Necə yəni nə edirəm? - siçan təəccübləndi, - Mən sənə kömək edirəm! Yeni yuvanı qızdırmaq lazım olacaq, çünki qış tezliklə gəlir! Buna görə də çır-cırpı daşıyıram!
 
Sonra sincab xatırladı ki, keçən qış bu balaca siçan ondan yemək istəmişdi, o, isə onu qovmuşdu.
 
- Niyə mənə kömək edirsən? Axı mən çətin vaxtlarda sənə kömək etməmişdim?
 
"Bəli, məhz elə buna görə sənə kömək edirəm, çünki çətinlik gəldikdə kömək edəcək heç kimin olmamasının necə bir hiss olduğunu yaxşı bilirəm” siçan dedi.
 
Daha sonra ağacdələn gəldi, sincabın üzünə gülümsəyib dedi: - Allah səninlədir! Meşə heyvanları ilə danışdıq, sənə artıq qəzəblənmirik. Bu isə sənə yaxşı bir dərs olsun, bir daha dostlarına qarşı belə bir səhv etmə”.
 
Ağacdələn sözünü deyib sincab üçün bir ağacın üstündə balaca, lakin rahat bir dəlik açdı.
 
Siçan ilə birlikdə sincab yeni yuvaya çır-çırpı toplayıb isitdi. Sonra dovşanlar gəldilər, hər biri sincaba bir yerkökü gətirdi, kirpilər göbələk, porsuqlar isə qoza gətirdilər. Sincab bütün qış üçün ehtiyat yığdı.
 
O vaxtdan bəri sincab çox dəyişdi. İndi bütün xeyirxahlığı ilə meşədə məşhurdur və köməyə ehtiyacı olan hər kəsə kömək edir.