Nağıllar, hekayələr

Plyatskovski M. Uzunqulaq Əlifba böyüklərə hörmət etməyi necə öyrəndi

Əlifba adlı uzunqulaq yol ilə gedirdi. O, yalnız “İ” və “A” hərflərini deməyi çox xoşlayırdı və durmadan "İ-A", "İ-A", "İ-A"... təkrarlayırdı. Birdən uzunqulaq ağlamağa başladı. Onu görən keçi Marmeladik soruşdu:

 

- Niyə ağlayırsan, ay uzunqulaq? Bəlkə xətrinə dəyən olub?

 

- Yox. Heç kim mənim xətrimə dəyməyib.

 

- Bəs nə olub?

 

- Nənəm məni evdən qovub. Böyüklərə hörmət etməyi öyrənməyənə qədər məni evə buraxmayacağını söyləyib... Heç bir yerdə belə bir məktəb yoxdursa, axı mən necə öyrənə bilərəm?

 

- Göz yaşlarını sil, uzunqulaq. Mən sənə kömək edəcəm!- keçi dedi.

 

- Oy! Həqiqətən?

 

- Bəli, sənə kömək edəcəm, lakin yadda saxlamalı olacağın bir neçə qayda var. Yaxşı yaddaşın var?

 

- Şikayət etmirəm!

 

- Lap yaxşı! Odur ki, yadda saxla: böyüklərə yol vermək lazımdır, onlarla nəzakətli davranmalısan, onlarla mübahisə etməməlisən, onlara söz qaytarmamalı və ən əsası - onların məsləhətlərinə qulaq asmağı unutmamalısan...- deyə keçi uzunqulağa qaydaları sadalamağa başladı.

 

- Vay, nə qədər qayda var! Sən hamısını necə yadda saxlayıbsan?

 

- Mən tərbiyəli Keçiyəm. Buna görə!

 

- Mən isə, tərbiyəsiz uzunqulağam, hə? – uzunqulaq keçiyə hirsli şəkildə sual verdi.

 

 - Mən, deyəsən, belə bir şey söyləmədim - Keçi karıxdı- Mən artıq getməliyəm!

 

Aralarında mübahisə olmasın deyə, keçi tez uzunqulaq ilə sağollaşıb yoluna davam etdi.

 

Bir müddət keçəndən sonra, uzunqulaq yol boyu çətinliklə irəliləyən, beli yüklənmiş qoca at Tpruyanı gördü, və öz-özünə düşündü: "İndi yoxlayacam... keçi mənə böyüklərə hörmət etməyi öyrədə bildi ya yox...".

 

Uzunqulaq qaçaraq ata çatmağa çalışdı və nəhəyət, ona çatıb dedi:

 

- Salam, at Tpru! Qorxma, səninlə nə mübahisə edəcəm, nə də səni inciddəcəm!

 

- Başqa nə? – qoca At maraqla soruşdu.

 

- Mən səni irəliyə buraxacam, həm də birdən mənə nəsə məsləhət görsən, qulaq asacam!

 

- Əla! – at Tpru uzunqulağı təriflədi. - Bəs bunu mənə niyə deyirsən?

 

- Nənəm məni evdən qovub dedi ki, mən böyüklərə hörmət etməyi öyrənənə qədər evə qayıtmayım. Nə düşünürsən: mən artıq öyrənmişəm?

 

- Demək olar ki, öyrənibsən. Afərin! Bu barədə sənin nənənlə şəxsən özüm danışacam. Amma sənə bir məsləhət daha verməyimi istəyirsən?

 

- Əlbəttə istəyirəm!

 

- Nənənə tez-tez kömək et! O, artıq qocalıb əldən düşüb...

 

- Mütləq! – uzunqulaq söz verdi. Sonra bir az düşündü və əlavə etdi: - İndi Sizə kömək edə bilərəm?