Nağıllar, hekayələr

Gülzar İbrahimova. Dəniz balası Tufan

Bir qoca balıqçı vardı. Onun koması dənizə elə yaxın idi ki, dənizdə fırtına olanda komaya da su gəlib çatırdı. Buna görə də balıqçı özünə hündür çarpayı düzəltmişdi ki, dəniz səmtdən su gələndə yatmış yerdə islanmasın.

 

Balıqçı hər səhər balıq ovlayar, ovu bazarda satar, beləliklə ac qalmazdı.

 

Bir səhər balıqçı gördü bütün daxma su içərisindədir. Bildi ki, gecə yenə tufan olub. Daxmadan çıxanda gördü yerdə yaş, bükülü bir şey var. Elə bildi zibildi, dalğa gətirib. İstədi kənara atsın, fikir verdi ki, nədirsə, tərpənir. Əlinə götürəndə gördü körpə uşaqdır. Üzünü göyə tutub qışqırdı:

 

- Aman Allah, bu körpənin təqsiri nədir ki, atılıb suyun içərisinə?

 

 Qocanın heç ağlına da gəlmədi ki, körpəni atıblar dənizə, tufan onu böyük dalğalarında yelləyib, yelləyib, sonra sahilə gətirib.

 

Körpə soyuqdan üşüyüb ağlamaq əvəzinə gülürdü. Baba buna məəttəl qaldı. Tez körpənin yaş bələyini dəyişdi. Körpənin canı isinən kimi balıqçıya baxıb qığıldandı. Körpə tufandan sonra tapılmışdı deyə, baba adını Tufan qoydu. Balıqçı körpəyə çay verdi, onu əzizlədi:

 

- Can, zavallı körpə! Hansı insafsız səni dənizə atıb? Kimə pislik eləmisən? 

 

 Balıqçı nə danışırdı, körpə gülür, qığıldanırdı.

 

- İç çayını, aparım səni verim kənddə birinə, saxlasın, mən qocalmışam! ‒ Belə deyən kimi körpə ağlamağa başladı. Balıqçı zarafatla:

 

- Yaxşı, səni heç kimə vermərəm, çayını iç!

 

 

Körpə gülüb səsini kəsdi. Balıqçı yenə onu danışdırdı:

 

- Qocalmışam, bir də gördün, səni qucağıma alıb, dum-dum elədim dəydim yerə.

 

 Belə deyəndə körpə elə güldü, elə güldü, qoca da ona qoşuldu. Balıqçı, istədi çayını içib körpəni aparsın kəndə, gördü körpə yuxuya gedib. Getdi ona kənddən süd gətirsin. Baba qayıdana qədər körpə yatdı. Sonra isə südünü içib baba ilə gülüb qığıldandı. Baba elə sevinirdi ki...

 

Səhər qoca körpənin gülüş səsinə ayıldı. Quş kimi yerindən sıçrayıb körpəyə süd isitdi. Südü körpəyə içirdə-içirdə dedi:

 

- Xəbərin var, sən sehrlisən? Hər səhər güclə ayağa qalxırdım, sənin səsini eşidən kimi yerimdən dik qalxdım.

 

 Körpə elə güldü, elə güldü, elə bil kimsə onu qıdıqlayırdı. Qoca könülsüz-könülsüz körpəni qucağına alıb kəndə apardı. 


Əhvalatı olduğu kimi mollaya danışıb dedi:

 

- Molla, elə nurlu uşaqdır, onu elə adama ver, yaxşı baxsın.

 

- Arxayın get, əhvalatı kənd camaatına danışaram, kim istəsə uşağa sahib çıxar.

 

 Qoca Tufanı qoyub gedəndə körpə elə ağladı, balıqçının ürəyi parça-parça oldu. Tez uzaqlaşdı ki, onun səsini eşitməsin.

 

Aradan iki gün keçmişdi, qoca bir də baxdı, molla, qucağında da körpə gəlir. Molla dedi:

 

- Sən gedəndən səsini kəsə bilmirik. Bəlkə bir çarə biləsən?

 

- Yazıq uşaq, bilsəydim gətirməzdim! ‒ Deyib, qoca Tufanı Molladan alan kimi uşaq səsini kəsdi. Qocaya baxıb qığıldandı. Məəttəl qaldılar.

 

Tufan gələndən babanın sevinci yerə-göyə sığmırdı. O daha əvvəlki kimi beli bükülmüş, güclə yeriyən qoca deyildi, elə bil cavanlaşmışdı. Bərəkəti də artmışdı. Tufan qayıqda olanda o, qiymətli balıqlar tuturdu.  

 

Günlər keçir, Tufan böyüyürdü. Bir gün o iməklədi-iməklədi, düz getdi girdi dənizə. Baba komadan çıxdı, gördü körpə belinə qədər suyun içərisinə girib, hay-küy saldı.


 Tufan gülüb bir az da suyun dərininə getdi. O elə bilirdi baba onunla oynayır. Baba isə dəhşət içərisində özünü çatdırıb körpəni sudan çıxartdı. Dizi üstə qumun üstünə çöküb oturdu. Tufanı yerə qoyub ona qışqırdı:

 

- Hara gedirsən, az qala boğulmuşdun!  

 

Baba yaman qorxdu. Sakitləşəndən sonra ayağa qalxıb dənizə yaxınlaşdı, əl-üzünü yudu, qayıtmaq istəyəndə baxdı ki, Tufan yenə sudadır.

 

- Aman, sən necə dəcəlsən, nə vaxt gəldin bura?!

 

Baba deyinə-deyinə yenə Tufanı dənizdən çıxardı. Amma bu sirrə məəttəl qaldı. Beş aylıq körpə əməlli üzürdü.

 

İllər keçdi, baba gördü Tufan yaxşı üzə bilir, ona həmişə dənizə girməyə icazə verdi. Hər səhər baba oyanıb Tufanı dənizdən çağırırdı:

 

- Çıx sudan, çayımızı içək!

 

- Bir az da üzüm, gəlim!

 

Günlər keçdi, Tufan böyüyüb on iki yaşında yaraşıqlı oğlan oldu. Tufan özü balıq tutur, bazarda satır, özlərinə nə lazımdısa, alırdı. Qalan vaxtlar isə üzürdü. Onun ən çox xoşladığı bir əyləncə var idi. Şah gəmisi dənizə çıxanda, onun həndəvərində üzür, musiqiyə qulaq asır, gəmidə rəqs edənlərə baxırdı.  


Belə günlərin birində yenə də şah gəmisində şadyanalıq idi. Gəmidən özü yaşda bir qız boylanıb ona baxırdı. Oğlan özünü qıza göstərmək üçün suyun altına baş vurdu. Aradan bir xeyli vaxt keçdi. Tufan başını sudan çıxarıb baxanda gördü gəmidəkilərin hamısı ona baxır. Qız da ağlayır. Hətta şah da orda idi. Tufan utandığından girdi suyun altına, daha çıxmadı.

 

Qız şahın qızı idi. Adı da Şahzadə idi. Şah gəmisi dənizdə olanda Şahzadə gəmidən boylanar, Tufanla danışardı.

 

- Niyə sənin adın Tufandır?

 

- Babam deyir məni tufandan sonra dənizdən tapıb!

 

Şahzadə güldü, elə bildi oğlan zarafat edir:

 

- Sən suda yoxa çıxanda, elə bildim boğuldun, saray adamlarını köməyə çağırdım, heç kəs soyuq suya tullanmadı. Saraydakıların ürəkləri bərk olur.


Bir gün Tufan suyun dibinə girib, ordan böyük bir mirvari  tapıb onu Şahzadəyə hədiyyə elədi. Şahzadə mirvarini atasına göstərəndə acgöz vəzir dedi:

 

- Bu, qiymətli mirvaridir, o balıq oğlanı gətirək saraya, hər gün bizə mirvari gətirsin.

 

- Razılaşsa, gəlsin! – Şah dedi.

 

Vəzir öz adamlarını babanın komasına göndərdi. Onlar gəlişlərinin məqsədini deyəndə baba belə cavab verdi:

 

- Başınıza dönüm, şahın o qədər varı, dövləti. Yetimin birindən nə istəyir? Dənizdən hər gün bir mirvari nə təhər çıxardacaq tifil uşaq?

 

- Az danış, qoca! Razılaşmasanız, zindana saldırarıq sizi!

 

- Mən balıq kimiyəm, dənizsiz qala bilmərəm! ‒ Tufan dedi.

 

Cavab vəzirə çatanda vəzir adamlarına göstəriş verdi:


 - Hər ikisi zirzəmiyə atılsın! – Deyib, vəzir gizlincə baba ilə Tufanı zirzəmiyə saldırdı. Neçə dəfə şah gəmisi dənizə çıxsa da, Şahzadə Tufanı görmədi. Dostundan lap nigaran qaldı. Gəmidə ‒ soyuqda o qədər dayandı, axırı sətəlcəm oldu. Qızının kefsiz olduğunu görən şah soruşdu:

 

- Nə istəyirsən, qızım, ürəyin nə istəyir, de!

 

- İstərdim dənizdəki dostumu axtarıb tapsınlar!

 

Bu sözləri cəllad eşitdi. Onun vəzirdən zəhləsi gedirdi. Ona görə tez dedi:

 

- Dəniz oğlanı babası ilə zirzəmidədir.

 

- Mənim niyə xəbərim yoxdur bundan, vəzir? ‒ Deyə, şah hirsləndi.

 

- Şah sağ olsun, əmrə tabe olmadıqlarına görə, onları zindana saldırmışam.  

 

- Tez onu zindandan azad edib, yanıma gətirin!

 

Babanı azad elədilər. Tufanı da çimdirib qəşəng geyindirdilər, Şahzadənin yanına gətirdilər. Qız onu görən kimi kefi düzəldi. Amma anası Tufanı görəndə huşunu itirib yerə yıxıldı. Onu ayıldan kimi Tufanı bağrına basıb qışqırdı:

 

- O mənim balamdır, anadan olan kimi yoxa çıxmış balam!

 

Hamı buna məttəl qalsa da, vəzir hər şeyi başa düşdü. O, şahın oğlunu körpə ikən dənizə atdırmışdı ki, taxt-tac gələcəkdə özünə qalsın! Dalğalar isə körpəni sahilə çıxartmışdı. Ana ağlaya-ağlaya dedi:

 

- Şah sağ olsun, o bizim on iki il əvvəl yoxa çıxmış balamızdır. Körpə doğulan kimi onun qulağına tək sırğa taxmışdım. Həmin sırğanın tayını özümdə saxlamışam.

 

 Şah həyəcanla Tufanı bağrına basdı. Şahzadə qardaşını qucaqladı.


- Gözümüz aydın, balamız tapıldı! Nəzir demişəm, şah, qoy hamıya şərbət paylansın! ‒ Vəzir belə deyib, getdi üç gümüş piyalədə şərbət gətirdi. Şaha, özünə və Tufana!

 

Şah şərbəti içməmişdən xeyli danışıb oğluna öyüd-nəsihət elədi. Hamının gözləri Tufanda idi deyə, onun boğazı qurumuşdu. Şahın danışıb qurtarmasını gözləyirdi ki, tez şərbətini içsin. Utandığından gümüş məcməyini yavaş-yavaş fırladırdı.

 

Şah sözünü qurtaran kimi şərbəti başına çəkdi. Tufan da şərbəti içdi, vəzir də. Vəzir öz şərbətini içən kimi boğulmağa başladı. Və o başa düşdü ki, zəhərli şərbət özünə düşüb. Vəzir öz pisliyinin qurbanı oldu. Tufanı zəhərləmək istəyirdi, qurduğu tələyə özü düşdü.

 

Tufan xoşbəxt oldu. Babasını da saraya gətirdi. Üzməyi bacısına elə öyrətdi, qız nə vaxt istəsəydi, üzüb dənizin dibindən özünə mirvari gətirirdi. Onlar xoşbəxt yaşayan kimi də nağılımız qurtardı. Nağıl qurtaran kimi də elə bir sehrli yağış yağdı, bütün acgözlərin gözlərini yudu, bütün paxılların, paxıllığını yuyub apardı. Ondan sonra insanlar daha çox sevinc içərisində yaşadılar...