Nağıllar, hekayələr

Mixail Zoşenko. Kübar xanım

Qriqori İvanoviç dərindən köks ötürdü, çənəsini köynəyinin qolu ilə silib sözə başladı:


-Qardaşlar, şlyapa geyən arvadları görməyə gözüm yoxdu. Görürsən ki, biri şlyapa geyib, ayaqlarına son dəbdə olan corab keçirib, qucağında siçovula oxşayan it tutub, ya da dişləri qızıldandı. Belə kübar xanımlara baxanda, yadıma yumurtlamayan toyuq düşür.


Vaxt vardı, belə bir kübar xanım üçün sino gedirdim. Gəzirdik, hərdənbir teatra da baş çəkirdik. Elə hadisə də teatrda baş verdi. Teatrda bu xanım öz ideologiyasını bütün dolğunluğu ilə nümayiş etdirdi...


Onunla həyətdə yığıncaq vaxtı tanış olmuşdum. Gördüm bir fintiflüş xanım dayanıb-ayağında ipək corab, ağzında-qızıl dişlər.


-Hansı mənzildə yaşayırsız?- soruşdum.


-Yeddincidə,-dedi.


-Buyurun, -dedim,-yaşayın özünüz üçün.


Elə ilk baxışdan o mənim xoşuma gəldi. Yolumu tez-tez yeddinci mənzildən salırdım. Olurdu ki, bəzən rəsmi şəxs kimi gedirdim. “Vətəndaş xanım, sizdə su kəməri, ya tualet xarab olmayıb ki? İşləyir?”


-Hə,-deyirdi,-işləyir.


Özü yun şala bürünüb, artıq söz demir, susur, yalnız gözləri danışır, bir də qızıl dişləri bərq vurur. Düz bir ay gedib-gəldim-öyrəşdi. Ancaq söhbətimiz su kəmərindən, tualetdən uzağa getmirdi.

Deyirdi: “Çox sağ olun, Qriqori İvanoviç, hər şeyimiz yaxşı işləyir”.


Sonra yavaş-yavaş başladıq küçə gəzintilərinə çıxmağa. Küçəyə çıxan kimi buyururdu qoluna girim. Bəli, girirdim qoluna, qarmağa keçən durna balığı kimi dalınca yorturdum. Danışmağa da söz tapmırdım. 


Günlərin birində qayıtdı ki:


-Nə vaxtdı məni küçələrə salmısız, başqa yer yoxdu bəyəm? Siz bir aşiq vəzifə adamı kimi gərək məni teatra aparasız!


-Olar,-dedim.


Bəxtimizdən ertəsi gün komsomol komitəsi operaya iki bilet göndərdi. Bir bileti mən götürdüm, o birini isə çilingər. Vaska peşkəş verdi.


Bəzənib-düzənib getdik. Kübar xanım mənim biletim olan yerdə oturdu, mən də Vaskanın yerində. Deməli, oturmuşuq lap kəllədə, heç nə görmürəm, yalnız aktyorların ulartısını eşidirəm. Nədənsə hamısı sözləri oxuya-oxuya deyirdi. Darıxıb aşağı düşdüm. Gördüm ki, fasilədi. Kübar xanım isə foyedə gəzişir.


-Salam,-dedim.


Salam, -dedi.


-Maraqlıdı,-dedim,-görəsən burada su kəməri işləyir?


-Bilmirəm,-dedi.


Bunu deyib bufetə yönəldi, mən də dalınca düşdüm. Gördüm vitrinə göz gəzdirib yeməklərə baxır. Vitrinə də nimçələr düzülüb. Nimçələrdə də pirojnalar...


O qədər baxdı ki, təklif etməsəydim günah olardı. 


-Bəlkə,-dedim,-meyliniz çəkirsə, bir dənə pirojna yeyərdiniz. Utanmayın pulunu mən verirəm. 


-Mersi,-dedi.


Özü isə biədəb bir yerişlə nimçəyə yaxınlaşdı, kremli pirojnanı qapıb basdı ağzına. 


Cibimdə siçanlar oynamasa da, pulum az idi. Üç-dörd pirojnaya güclə çatardı. O, yeyir, mənsə ciblərimi eşələyirəm, əl havasına pullarımı sayırdım. Kübar xanım birinci pirojnanı üyüdüb qurtarmamış o birisinə əl atdı. Rəngim ağarmışdı, amma susurdum. Köhnəliyin qalığı olan burjua utancaqlığı ilə düşünürdüm ki, biabırçılıqdı, xanımı teatra gətirmişəm, amma pulum yoxdu.


O, yedikcə, mən xoruz kimi özümü dartırdım, guya dünya vecimə deyil, amma içimdə zülüm-zülüm ağlayırdım, xanım isə qəhqəhə çəkib gülür, üstəlik hələ məndən kompliment də gözləyir.


-Zala girməyin vaxtı deyilmi?-soruşdum.-Deyəsən, zəng olub axı.


-Yox, olmayıb,-dedi.


Bunu deyib, üçüncü pirojnanı götürdü.


-Acqarına ziyan eləməz?


-Xeyr,-dedi,-biz öyrəncəliyik.


Bunu deyib, dördüncü pirojnanı qapdı.


Bu yerdə qan beyninə vurdu.


-Yerinə qoy,-dedim,-qoy yerinə!


Xanım diksindi. Heyrətdən ağzı açıla qaldı, ağzında da qızıl dişlər parıldayır. 


Məni elə bil cin vurmuşdu. Fikirləşdim, cəhənnəmə ki, onsuz da bundan sonra onunla gəzə bilməyəcəm.


-Yerinə qoy,-dedim,-lənətə gəlmiş!


O, pirojnanı yerinə qoydu. Satıcıdan soruşdum:


-Üç dənə yeyilmiş pirojnaya görə neçə verməliyəm?


Satıcı isə özünü axmaq yerinə qoyub:


-Dörd yeyilmiş pirojna üçün filan qədər verməlisiniz,-dedi.


-Necə yəni dörd? Bir halda ki dördüncü nimçədədir?!


-Yox,-dedi.-Baxmayaraq ki, nimçədədi, amma xanımınız onu dişləyib, həm də barmaqlarını izləri qalıb üstündə.


-Nə danışırsız, necə yəni dişləyib? Bu sizin gülünc uydurmanızdı!


Satıcı özünü çox həyasız aparır, burnumun qabağında əllərini oynadır. 


Aydın məsələdi ki, camaat yığışdı. Bəziləri dedilər, dişləyib, o biriləri dedilər yox dişləməyib. Mənsə ciblərimi çevirdim-orada nə varsa, aydın məsələdi, yerə töküldü. Camaat uğunub getdi. Mənim isə gülməyə halım yox idi, pulları sayırdım. Saydım və gördüm ki, dörd pirojnaya çatır. Belə çıxır ki, boş yerə höcət eləmişəm. 


Satıcının haqqını verdim. Xanımıma müraciətlə:


-Axıra kimi yeyin, vətəndaş,-dedim,-haqqı ödənilib.


Xanım isə yerindən tərpənmir, deyəsən utanır yeməyə.


Bu yandan bir kişi özünü araya soxub:


-Narahat olmayın,-dedi,-mən yeyərəm. 


Elə yedi də, əclaf. Mənim hesabıma. 


Operanın da qalan hissəsinə baxıb tərpəndik evə.


Evdə öz kübar ədasıyla mənə dedi:


-Bəsdi donuzluq elədiz. Pulsuz adam gərək qızla gəzintiyə çıxmasın. Dedim:


-Səadət pulda deyil, xanım! İfadəyə görə üzr istəyirəm.


Onunla beləcə ayrıldıq.


Bir sözlə mənim bu kübar xanımlardan zəndi-zəhləm gedir.