Görkəmli şəxsiyyətlər

Yusif Məmmədəliyev

Kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində dünyaya göz açıb. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Y.Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb. Y.Məmmədəliyev kimya elminə olan dərin marağını və sevgisini nəzərə alıb, 1929-cu ildə kimya biliklərini daha da dərinləşdirmək məqsədilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Dünya kimya elminin görkəmli alimlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. 1931-ci ildə N.Zelinskinin və A.Balandinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi-tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib.

 

1932-ci ildə vətənə qayıdan alim keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Üzvi kimya kafedrasına müdir təyin olunub. Bir tədris ili orada işlədikdən sonra Bakıdakı V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. Onun əsas elmi fəaliyyəti bu institutla bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan akademikliyədək şərəfli yol keçib. Y.Məmmədəliyev bu elm müəssisəsində kimyaya aid intensiv axtarışlar aparmağa və ilk məqalələrini çap etdirməyə başlayıb.

 

Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut edib. Tədqiqatlarında hər zaman bu zəngin mənbədən istifadə etməyə üstünlük verib, bundan əhəmiyyətli məhsulların alınması üçün geniş işlər aparıb. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və sair yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanılıb.

 

Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibbdə istifadə olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlərboyu müəmmalı qalan problemləri bu böyük alim həll edib - “qaynar lay” katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ildə Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib.

 

Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə müstəsna xidmətləri olub. Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb. Akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Bu metod ilə alınan yüksək keyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi layiqincə təmsil edib.

 

Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub.

 

Yusif Məmmədəliyevin Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olub. O, heç də elmlə az məşğul olmayıb. Y.Məmmədəliyev böyük nüfuza, fitri təşkilatçılıq qabiliyyətinə malik alim idi. O, 1945-ci ildə kimya elmləri sahəsində müstəsna xidmətlərinə görə bu sahədə ilk akademik seçilib. Y.Məmmədəliyevin istər akademiyanın, istərsə də bir çox müəssisələrin açılmasında, elmimizi ucaldan alimlərin hazırlanmasında misilsiz xidmətləri olub. Akademik Y.Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə haqlı olaraq dünya şöhrəti qazanıb və gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb.

 

Azərbaycanda Astrofizika Rəsədxanasının təşkilində Yusif Məmmədəliyev müstəsna rol oynayıb. Onun şəxsi nüfuzu və zəhməti bahasına Avropada ən böyük teleskop bu rəsədxanaya Almaniyadan gətirilib. Nəinki kimya sahəsinin, hətta humanitar elmlərin, elm tarixinin mahir bilicisi olan akademik Y.Məmmədəliyev yüksək vətənpərvərlik hissi ilə Azərbaycanda hələ o dövrdə Əlyazmalar Fondunun yaradılması, Qobustan abidələrinin qorunub saxlanılmasına, qədim Azərbaycan eposu olan “Kitabi-Dədə Qorqud” dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə, “Nizamişünaslıq” elminin əsasının qoyulmasına, Böyük Şərq şair və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin ucaldılmasına nail olub. Bununla yanaşı, alim o dövrdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadə edilməsi üçün heç nədən çəkinməyərək bütün qüvvəsi ilə çalışıb və bu istiqamətdə müstəsna rolu olub.