Nağıllar, hekayələr

Vüqar Haqverdiyev. Uçan fincanlar

Məhəmməd baba bizim binanın birinci mərtəbəsində yaşayır. O, dünyagörmüş nurani bir kişidir. Zəhməti çox sevir. Evinin arxasında gözəl bir bağça salıb. İçində ətirli, gül-çiçəklər, müxtəlif meyvə və çöl ağacları var…


Bir gün Məhəmməd baba bağçada təmizlik işləri aparırdı. Birdən çiyninə nə isə sürtülüb yerə düşdü. Kişi diksinib geri tullandı, yumşaq otların üstündə sınmayıb salamat qalmış qəşəng bir fincanı görüb çox təəccübləndi. Onu əlinə götürüb yuxarı boylandı. 


Üçüncü mərtəbənin açıq eyvanında dostu Kərim kişinin nəvəsi balaca Səbişi dizinin üstünə qoyduğu yaraşıqlı bir qutunu canfəşanlıqla eşələyirdi. Qız birdən sevinə-sevinə qutudan həyətə düşən fincanın nəlbəkisini çıxartdı. Onu əlində göyərçin kimi tutub sürahinin dəmir barmaqları arasından havaya buraxdı. Qabın üstünə gəldiyini görüb kişi tez özünü yaxınlıqdakı ağacın dalına verdi. Nəlbəki də otların üstünə düşüb salamat qaldı. Məhəmməd baba onu tez götürdü. 


Səbiş eyni qaydada qutudakı bütün qabları balkondan “uçurdu”. Kişi də onları bir-bir götürüb ağacın arxasına yığdı. Sonda qız qutunun özünü də aşağı tulladı və yaxşı iş görübmüş kimi, çəpik çala-çala evlərinə girdi. Məhəmməd baba qabları qutuya yığıb evlərinə apardı…


Bir neçə gündən sonra Səbişi həyətdə nənəsi və babası ilə bir yerdə görüb, onları evə çay süfrəsinə dəvət etdi. Arvadı Solmaz nənəyə tapşırdı ki, çayı o günki fincanlara süzüb gətirsin. Çay gələndə Məhəmməd baba dedi:


-Bu fincanlar sizə tanış gəlir?


Səbişin nənəsi qalın eynəyini gözündə rahatlayıb fincanlara diqqətlə baxdı. Birdən necə heyrətləndisə, az qaldı eynəyi burnundan sürüşüb, düşsün.


-Aaa…bu ki, gəlinimin cehizidir!... Bura necə gəlib düşüb?!


Məhəmməd baba sınayıcı nəzərlə balaca Səbişə baxdı. Qız heç nə olmamış kimi dedi:


-Fincanları mən balkondan uçurmuşam.


Baba və nənə təəccüblə qıza baxdılar. 


-Balkondan uçurmusan? Fincan da uçar ay qız?


Səbiş dedi:


-Niyə uçmur, cizgi filmlərində görməmisiniz, necə uçurlar?


Baba dedi:


-Səbiş, o filmdir, filmdə hər şey olur. Sən görmürsən ki, bu fincanların qanadları yoxdur, onlar necə uça bilərlər?!


Səbiş dodağını büzüb çiyinlərini çəkdi. Nənə dedi:


-Səbiş, sən axı bunları evdən necə götürmüsən ki, bizim xəbərimiz olmayıb? Bəs demədin ki, qablar dəyər Məhəmməd babanın başını yarar?


Məhəmməd baba Səbişin başını sığallayıb dedi:


-Səbiş bala, sən düz deyirsən, fincanlar uçur! Bax, uça-uça bizə gəliblər. Ancaq gələndə dedilər ki, səndən yaman küsüblər, sən onları istəmirsən, eyvandan çölə atmısan, ona görə də onlar sənin yanına bir də qayıtmayacaqlar. 


-Yox, qayıtsınlar, mən bir də onları çölə atmaram! -Səbişin gözləri yaşardı. 


Məhəmməd baba dedi:


-Səbiş bala, nəinki onları, evdən çölə heç nə atmaq olmaz!... Bilirsən niyə?


Səbiş fikrə getdi və birdən barmağını dişləyib dedi:


-Bilirəm, bilirəm, çünki onlar adamdan inciyər, küsər, uçub gedərlər, bir də qayıtmazlar, ev qalar bomboş!


-Ay sağol, düz tapdın! - deyə Məhəmməd baba fincanlardan birini götürüb qulağına yaxınlaşırdı,- bax indi bu fincan deyir ki, biz Səbişlə barışdıq, çaydan sonra onlara gedəcəyik. 


Səbiş sevincindən atılıb-düşdü.


-Urraa, onları mən özüm aparacağam!


Çay süfrəsindən sonra balaca Səbiş Solmaz nənəyə stolu yığışdırmaqda kömək etdi. Onun yuyub təmizlədiyi fincan və nəlbəkiləri dəsmalla silib səliqə ilə qutuda öz yerlərinə qoydu. Sonra da qutunu qoltuğuna vurub Məhəmməd babanın yanına qaçdı. 


-Biz gedirik evimizə!...


O gündən sonra Səbiş kimi görürdü, ona izah edirdi ki, evdən çölə heç nə atmaq olmaz.