Mədəni irsimiz

Zərb alətləri

Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə aid edilir. Bu dövrlər insanlar müəyyən vasitələrlə ritmlərin alınmasına nail olublar. Belə vasitələrdən biri də ayaq döyməklə zərb üsulundan istifadə etmək idi. Qazılmış quyuların üzərinə quru ağac döşəyərək üstünü müxtəlif heyvan dəriləri ilə örtüb onu ayaqla döyəcləyir, və beləliklə, çeşidli ritmlər alırlarmış. İlk zərb alətlərinin yaranması, çox güman ki, belə başlamışdır. İndi də zorxana oyunlarından birinin adı “Ayaqdöymə” adlanır. Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustandakı Cingir dağının ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, “Qaval daşı” adlanan böyük bir qaya parçası da var. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qayalar ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə qədər “Qaval daşı” adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır. Azərbaycan ərazisində tarixən zərb çalğı alətlərinin müxtəlif növləri çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus rolu olmuşdur. Alətşünaslığımızın səciyyəvi xüsusiyyətlərindən biri də onun zərb çalğı alətləri ilə zəngin olmasıdır.
Hazırda musiqi sənətimizin inkişafında başlıca rol oynayan bir çox zərb alətləri geniş istifadə edilir. Bu alətlər əsasən 3 növə ayrılır:


1. Membrano fonlu. Bu qrupa təbil, kos, qoşa nağara, nağara, dümbək və bu növ zərb alətləri daxildir.


2. İdiofonlu. Buraya kasa və saxsı qablar, müxtəlif növlü laqqutilər, şaxşaxlar, zınqırovlar, qumrovlar və s. aid etmək olar.


3. İdio-membrano fonlu. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir. Membrano fonlu zərb çalğı alətləri arasında ən geniş yayılmışı-nağara və onun müxtəlif növləridir. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın bir sıra növləri mövcuddur. Ölçüləri ilə fərqləndirilən bu növlər böyük nağara, cürə nağara, çiling nağara, qoltuq nağara, əl nağara adlandırılır.


Bu alət əsasən iki quruluşda mövcuddur: bir üzlü və iki üzlü. Birüzlülərə qoşa nağara, nağarazən, təbil, dəf, qaval, ikiüzlülərə kos nağara, böyük nağara, cürə nağara və qoltuq nağara aid edilir. Nağaralar arasında ən çox yayılanı qoltuq nağara və qoşa nağara hesab edilir. Zəngin və müxtəlif növlü zərb çalğı alətlərindən bir çoxu: təbil bas, dənbal, məzhər, təbil, qumrov, zil, dühul, zəng, zınqırov, kaman, sinc, davul, naqus, xal-xal və başqaları musiqi mədəniyyətimizin inkişafı tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır. 


Laqqutu


Müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarətdir. Azərbaycanda Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir. Nağara, qoşa nağara, qaval və başqa zərb alətləri ilə birlikdə müasir ansambl və orkestrlərin tərkibində ifa edilir. Laqqutu mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır. Alətin ölçüləri 250x125x50 mm-dir. Qoz, ərik, tut, fıstıq ağaclarından içərisi xüsusi ölçüdə oyularaq hazırlanır. Oyuğun üst hissəsi alt hissəsinə nisbətən nazik yonulduğundan ifa zamanı xüsusi səs tembri alınır. Bu alətin adının etimologiyası, güman ki, onun çıxardığı səs tembri ilə bağlıdır. Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb.


Qoltuq nağara


Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir. Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:


Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara.


Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, “döyəcləmək”, “taqqıldatmaq” mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də “Cəngi”, “Yallı” və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir. Sağanağı qoz, ərik və müxtəlif növ ağac materiallarından hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.


Cürə nağara


Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı “cürə” (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300-320 mm, hündürlüyü 340-360 mm-dir.


Böyük nağara

Bəzi regionlarda “toy nağarası” da adlandırılır. Diametri başqa nağaralardan xeyli böyükdür. Böyük nağara heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur. Böyük ölçülü kos nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurnaçılar dəstəsində istifadə edilir. İki ağac toxmağı alətin hər iki üzünə zərbə vurmaqla səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400- 450 mm, hündürlüyü 500-550 mm-dir.


Qoşa nağara


Xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən “qoşa dumbul” da deyilir. Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır. Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur. Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.


Qaval


Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını 25 dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir. Bir çox Şərq ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır. Qaval bütövlükdə membranlı alət olsa da, onun idiofonlu alətlərə məxsus əlamətləri də vardır. Onun sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz səs tembri yaradır. Qaval Ü.Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir. Geniş ifaçılıq imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir. Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. Eni 60-75 mm, diametri 350-450 mm olur.


Dəf


Milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünə məxsus rolu olmuş zərb çalğı alətlərindən biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: Bir dəf vuran ustanı gör, Səf-səf duran heyvanı gör, Dəfdə şikaristanı gör, Bir-biri ilə cəng arar. Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-neydəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250-260 mm, sağanağının qalınlığı 45-50 mm-dir. Hazırda nadir hallarda istifadə olunur.


Dümbək


Qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.