Nağıllar, hekayələr

Pişik və siçan

Biri var idi, biri yox idi. Dünyada insanlar yox ikən pişiklər var idi. Xoruzlar dünyanı oyadır, aslanlar bütün heyvanları qoruyur, itlər ev tikir, qurbağalar kitab oxuyur, hörümçəklər kilim toxuyurdu.
 
Beləcə, hər heyvanın gördüyü bir iş vardı, amma hamısı da pişikdən qorxardı, çünki pişik həm aslanın yaxın qohumu, həm də pələngin nəvəsi idi.
 
Pişiyin iti gözləri, ox kimi kirpikləri, biz – biz tükləri, qorxulu pəncələri var idi ki, gəl görəsən. Pəncələri elə böyük, dırnaqları elə iti idi ki, bütün böcəkləri, siçanları asanlıqla tutardı. Bu pişiyin adı – sanı hər yana yayılmışdı. Onun adı Tufan idi.
 
Günlərin bir günü özünə ov axtaran Tufanın gözünə bir siçan dəydi. Amma bu siçan çox balaca idi. Onun dişinin dibində qalardı. Aclığa dözməyən Tufan onun üstünə atıldı. Bu zaman balaca siçan pıqqıldayıb gülməyə başladı. Tufan təəccüblənib soruşdu:
 
- Ay siçan, sən gülürsən, yoxsa ağlayırsan?
 
- Əlbəttə ki, gülürəm.
 
- Niyə?
 
- Səni adlı – sanlı Tufan sanıb sevindim ki, sənə ov olacağam. Özümə gülürəm. Sən Tufan deyilsən.
 
- Necə yəni? Tufanam!
 
Siçan bir daha çox gülməyə başlayır və soruşur:
 
- Bütün heyvanların qorxduğu pişik sənsən?
 
-Mənəm. Sən məndən qorxmursan?
 
- Qorxsam nə olacaq ki? Böyüksən, güclüsən, amma heç mədəni deyilsən.
 
Tufan bu sözə təəccüblənir, bir az daha hirslənir.
 
-Kim deyir?
 
Siçan gülməyini dayandırmadan :
 
- Sən bir pəncəni arala, mən səni başa salım. Mədəniyyət təmizliklə başlayar, - dedi.
 
- Pişiklər həm mədənidir, həm də təmizdir.
 
- Ha- ha- ha...
 
- Niyə gülürsən? Heç ətrafında pişik zibili varmı? Pişiklər zibillərini torpaqla örtərlər. Həm də tez – tez əlini üzünü təmizləyərlər. Amma sən əlinin – üzünün çirkli olmasına baxmayaraq, məni yemək istəyirsən.
 
Tufan utanaraq söyləyir:
 
- Düz deyirsən.
 
Əl – üzünü təmizləmək üçün pəncəsini siçanın üstündən qaldırır. Siçan isə həmin an durmadan qaçır.
 
Tufan siçanın arxasınca baxa – baxa aldadıldığını başa düşür və utanır.
 
Siçan isə hər rast gəldiyinə adlı – sanlı Tufanın əlindən necə qaçdığını danışırmış. Bu hadisəni eşidən bütün heyvanlar gülüşərmiş. Axırda Tufan da başına gələnlərə gülür.
 
Bütün pişiklər bu işdən özləri üçün bir nəticə çıxarırlar.
 
O gündən bu günə qədər pişiklər həm siçan tutur, həm quş, hətta göldə balıqda tuturlar, heç ac qalmırlar.
 
Əl -  üzlərini isə yalnız yeməklərini yeyib qurtardıqdan sonra təmizləyirlər.