Bu maraqlıdır!

Yazı-Piktoqramdan Hərflərə

Sivilizasiyanın ilkin mərhələlərində yazının meydana gəlməsi insanların bilik və təcrübələrinin artması ilə bağlı idi. Əldə olunan bilikləri gələcək nəsillərə ötürmək lazım idi. Bunu isə yazı vasitəsilə etmək olardı.
 
 
Çox qədimdə insanlar fikir və duyğularını yazıda əks etdirmək üçün rəsmlərdən istifadə edirdilər. Bu yazı növü yəni məzmunun rəsmlərlə ifadə olunması elmdə piktoqrafiya adlanır. Belə rəsmlərə isə piktoqram deyilir.
 
 
Piktoqrafik yazıların elementlərinə Azərbaycanın bir sıra bölgələrində rast gəlmək olar. Bunlardan ən məşhurları Bakı yaxınlığındakı Qobustan və Ordubaddakı Gəmiqaya rəsmləridir. Piktoqramlar vasitəsilə insanlar gələcək nəsillərə xalqın adət-ənənələri, məşğuliyyəti, inancları haqqında informasiya çatdırırdılar. Məsələn Gəmiqaya rəsmlərində günəş təsvirlərinin çoxluğu Azərbaycanda Günəşlə bağlı inancların geniş yayıldığını göstərir. Günəş tanrısına inam türk xalqlarının mifologiyasında əks olunmuşdur. Azərbaycan folklorunda da Günəş və Ayla bağlı xeyli əfsanə var.
 
 
Miladdan öncə III minillikdə Qədim Misir xalqı öz yazı sistemini yaratdı. Sonralar heroqlif (müqəddəs) adlanan bu yazı, əsasən, ilahların heykəlləri və sarkofaqlar üzərində həkk olunurdu.
 
 
Misir yazısı yüzlərcə heroqlifdən ibarət idi. Bəzi heroqliflər sözü (anlayışı), bəziləri isə səsi ifadə edirdi. Belə mürəkkəb yazını mənimsəmək vaxt tələb edirdi. Yazmaq və oxumaq xüsusi peşə sayılırdı və dövrünə görə şərəfli və gəlirli bir iş hesab edilirdi.
 
 
Çinlilərin Miladdan 2000 il öncə yaratdıqları və bu gün də istifadə etdikləri yazı sistemi də heroqlif yazısı hesab olunur. Çin heroqlif yazısında minlərlə işarə vardır. Bu işarələrdən bəziləri konkret səsi, bəziləri isə bütöv sözü – anlayışı bildirir.
 
 
Miladdan öncə III minilliyin ortalarında şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mismarla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Mixi yazıda minə yaxın işarədən istifadə olunurdu. Hər bir işarə bir neçə cızıqdan ibarət olub bütöv sözü ya da ayrıca bir hecanı göstərirdi.
 
 
Sonralar mixi yazı təkmilləşdirildi. Artıq 600-dən çox işarədən ibarət olan bu yazıdan Assuriya və Urartu padşahlıqlarında geniş istifadə edirdilər.
Sonuncu Assuriya padşahı Aşşurbanipal yaxşı təhsil görmüş hökmdar idi. Onun əmrinə əsasən, mixi yazı ilə tərtib olunmuş çoxlu gil “kitablar” bir yerə toplandı. Aşşurbanipalın kitabxanası dünyada ilk kitabxana hesab olunur.
 
Piktoqramdan fərqli olaraq heroqliflərlə və mixi yazı vasitəsilə fikri daha dəqiq ifadə etmək olurdu.
 
 
Bu gün istifadə etdiyimiz yazı sistemi fonoqrafik (səsli) yazı növünə aiddir, çünki müasir yazıdakı işarələr – hərflər ayrı-ayrı səsləri ifadə edir.
 
Qədimdə Aralıq dənizinin sahillərində yaşayan finikiyalılar bir neçə ixtiraları ilə tarixin yaddaşında qalıblar. Onlardan biri də əlifbadır.
 
Finikiya tacirləri başqa şəhərlərə mal aparır, alış-veriş edirdilər. Çox vaxt onlar borc pul və ya nisyə mal verir və bu zaman həmin şəxslərlə sövdələşirdilər. Şifahi sövdələşmələr tez-tez pozulurdu. O vaxt mövcud olan yazı sistemləri isə müqavilə şərtlərini yazıda dəqiq əks etdirməyə imkan vermirdi. Beləliklə, tacirlər əlifba yaratmalı oldular. Finikiya əlifbası 22 samit səsi işarə edən hərflərdən ibarət idi.
 
 
Əvvəlki yazı sistemlərinə nisbətən əlifba daha tez və asan mənimsənilirdi. Odur ki bu yazı növü tez bir zamanda başqa xalqlar arasında da yayıldı və maarifin inkişafına güclü təsir göstərdi. Hər xalq öz dilinin səs sisteminə uyğun əlifba yaratdı.
 
 
Zaman keçdikcə Finikiya dili və əlifbası unuduldu, lakin sonradan bu əlifbanın əsasında yaradılmış yunan və latın əlifbalarından indiyə qədər istifadə olunur.
 

Rafiq Ələkbəroğlu