Görkəmli şəxsiyyətlər

Kimya üzrə Nobel mükafatçısı - Yakob Vant-Hoff

Hollandiyalı kimyaçı Yakob Hendrik Vant Hoff - kimyanın bir elm kimi inkişafına və formalaşmasına təsir göstərən ən mühüm simalardan biri hesab olunur. O, molekulların fəza quruluşunu öyrənən müasir stereokimyanın və fiziki kimyanın əsasını qoymuşdur.


Hoff, 1852-ci ildə avqustun 30-da Hollandiyanın Rotterdam şəhərində həkim ailəsində anadan olmuşdur. Yakobun kimyaya həvəsi hələ uşaq yaşlarından oyanmışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. O fəlsəfə, poeziya və riyaziyyat elmləri ilə də ciddi maraqlanmış, müəyyən təhsil almışdır.


Elmə böyük bir maraqla yanaşan və elmi həyatının mənası hesab edən alim, hələ uşaqkən öz yolunu seçdi, qarşıya qoyduğu yoldan geri çəkilmədi, yorulmadan çalışdı, həm alim, həm də bir şəxsiyyət kimi özünü təkmilləşdirdi. Onun elmi sahədəki əməyinin tanınmasının zirvəsi - elm sahəsində Nobel mükafatı alması olub.


Gələcəyin Nobel mükafatçısının maraq dairəsi çox geniş idi, eyni zamanda fəlsəfə və poeziya ilə də maraqlanırdı. Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil aldığı şəhərlər arasında Parisin də adı çəkilir. 


Yakob Vant-Hoff dissertasiyasını Utrext Universitetində müdafiə etmiş, 1878-ci ildə isə Amsterdam Universitetinin kimya professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir.


Riyaziyyatı dərindən bilməsi onu digər kimyaçılardan fərqləndirirdi. Bu biliklər ona kimyəvi tarazlıqlara təsir edən reaksiyaların sürətinin öyrənilməsi kimi mürəkkəb məsələlərin həllində yardımçı olurdu.


1887-ci ildə Amsterdam Universiteti şəxsən Vant-Hoff üçün yeni kimya laboratoriyasının inşa edilməsi qərarını vermişdir. Lakin böyük kimyaçı bundan imtina etmişdir. O bunu pedaqoji və administrativ fəaliyyətin onun vaxtını çox aldığını və elmlə məşğul olmaq imkanlarının azaldığı səbəbilə izah etmişdir.


1896-cı ildə o, Berlin Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.


1901-ci ildə İsveç Akademiyası, Yakob Hendrik Vant-Hoffun “kimyəvi dinamika və məhlullarda osmotik təzyiq qanunları”nı kəşf etməsinin böyük əhəmiyyətini nəzərə almaqla onu kimya üzrə Nobel mükafatına layiq görmüşdür.


1901-ci ildə onun elmi fəaliyyətini əsas götürən Nobel Komitəsi, Vant-Qoffu kimya sahəsi üzrə ilk laureat elan etmişdir. (Kimyəvi dinamika kimyəvi reaksiyaların hazırlanmasında, aparılmasında, sürətində, tarazlığında və onun dəyişdirilməsində, elektrolitik dissosiasiyada, kənar təsirlərin rolunu öyrənən elmdir. Bu proseslərin hər biri müəyyən həcmdə və təzyiq altında baş verir. Fiziki kimya elminin xüsusi bir sahəsi "termodinamikanın əsasları" adlanır. Yuxarıda sadalanan kimyəvi sahələrin hər biri kimyəvi termodinamikanın qanunlarına əsaslanır) və mayelərdə osmotik təzyiq (osmotik daxildən xaricə olan təzyiq deməkdir, yəni məsələn bitkinin kökü bu təzyiq vasitəsilə torpaqdan suyu özünə çəkir) qanunlarının əhəmiyyətli olması əsas göstərilmişdir. Vant-Qoffa mükafatı İsveç Kral Elmlər Akademiyası adından təqdim edən Odner onu stereokimyanın banisi və kimyəvi dinamika elmi üzrə görkəmli işlər görənlərdən biri adlandırmış, həmçinin alimin tədqiqatlarının fiziki kimya elmi üçün son dərəcə vacib nəticələr verdiyini vurğulamışdır.


Nobel mükafatı ilə yanaşı, Vant-Hoff London Kral Cəmiyyətinin “Devi” medalı, Rusiya Elmlər Akademiyasının “Helmholts” medalına layiq görülmüş, Hollandiya və Rusiya Elmlər Akademiyasının, Britaniya Kimya Cəmiyyətinin, Amerika Kimya Cəmiyyətinin, Amerika Milli Elmlər Akademiyasının, Fransa Elmlər Akademiyasının üzvü seçilmiş, Çikaqo, Harvard və Yell universitetlərinin yüksək elmi dərəcələrini almışdır.


1878-ci ildə Yakob Vant-Hoff Rotterdam tacirinin qızı İohanna Fransin Meyes ilə evlənib. Onların iki qızı və iki oğlu olub.


Vant-Qoff 1911-ci il martın 1-də Berlində vərəm xəstəliyindən vəfat edib.