Nağıllar, hekayələr

Alf Proysen. 10-a qədər saya bilən keçi balası

Bir vaxtlar 10-a qədər saymağı öyrənmiş kiçik bir keçi balası var idi. Bir dəfə o, gölə su içməyə gəldi. Keçi balası öz əksini suda görüb, uzun müddət hərəkət etmədən öz əksinə baxdı. 
 
Daha sonra nə baş verdiyinə qulaq asın!
 
- Bir! – keçi balası dedi.
 
Bunu yaxınlıqda dolaşıb, ot yeyən buzov eşitdi.
 
- Sən orada nə edirsən? - buzov soruşdu.
 
- Özümü sayıram, - deyə keçi balası cavab verdi. - Səni də saymağımı istəyirsən?
 
- Əgər ağrılı deyilsə, say! - buzov dedi.
 
- Heç bir ağrı vermir. Sadəcə tərpənmə, əks halda saya bilmərəm!
 
- Mən qorxuram. Anam da yəqin ki, icazə verməyəcək. Yaxşısı budur, sayma! - Buzov mızıldanaraq geri çəkildi.
 
Ancaq keçi balası onun arxasınca addımlayıb başladı saymağa:
 
Bir-mən, İki - sən. Bir, iki! Mə-əə!
 
- Anaaaa! - buzov həyəcanla qışqırdı. 
 
Hardansa boynunda zınqırov olan bir inək dananın yanına yaxınlaşıb soruşdu.
 
- M-muuu! Niyə ağlayırsan?
 
- Keçi məni sayır! - buzov şikayət etdi.
 
- Bu nə deməkdir? - inək hirslə soruşdu.
 
- Mən ona qədər saymağı öyrənmişəm! - keçi balası öyünərək cavab verdi - Buyurun qulaq asın: Bir – mən, İki - buzov, Üç -İnək. Bir, iki, üç!
 
- Oy, indi o səni də saydı! - buzov nərə çəkdi.
 
İnək başa düşəndən sonra çox əsəbləşdi:
 
- Mən indi sənə görsədərəm, bizimlə lağ etməyin axırı necə olur!? Gəl, buzov, onun dərsini verək!
 
İnək və buzov keçi balasının üstünə atıldılar. Keçi balası dəhşətli dərəcədə qorxdu və ilan sancmış biri kimi yerindən sıçradı və çəmənlikdən qaçmağa tələsdi. Buzovla inək isə onu tutmağa çalışdılar. 
 
Yaxınlıqda bir öküz otlayırdı. O, iti buynuzları ilə yeri qazıb, torpağın altından ot köklərini çıxarıb iştahla yeyirdi. Keçi balasını, buzovu və inəyi görən öküz onlara tərəf hərəkət etdi.
 
- Niyə o qısaquyruqlu körpəni təqib edirsiniz? - Öküz soruşdu.
 
- Bizi sayır! – buzov ağlayaraq cavab verdi.
 
- Amma biz onu tutacağıq! – inək zorla nəfəs alaraq dedi.
 
- Bir –mən, İki- buzov, Üç - İnək, Dörd - Öküz. Bir, iki, üç, dörd! – keçi balası yenı saymağa başladı.
 
-Oy, indi səni də saydı! – buzov  hönkür-hönkür ağlamağa davam etdi.
 
- Yaxşı, bu, onun yanında qalmayacaq. İndi ona görsədəcəm! - deyə öküz nərə çəkdi və digərləri ilə birlikdə keçi balasının arxasınca qaçdı.
 
Onlar geniş və tozlu bir yola çıxdılar və yol boyu qaçdılar. Bu zaman yolun kənarında at sakitcə yeriyib, ot çeynəyirdi. At səs küyü eşidib və hər yanın toz büründüyünü görüb uzaqdan qışqırdı:
 
- Bu nə təlaşdır?
 
- Keçi balasını təqib edirik! – sürətli qaçmaqdan tənginəfəs olan inək cavab verdi.
 
- O, bizi hesablayır! – buzov dedi.
 
- Amma heç kim ona bu hüququ verməyib. Uffff! - Buğa yorğunluqdan nərə çəkdi.
 
- Bəs o bunu necə edir? – deyə at başqalarının arxasına keçərək soruşdu.
 
- Çox sadə - keçi balası cavab verdi – Bax belə! Bir - mənəm, iki – Buzovdur, üç - İnəkdir, dörd - Öküzdür, beş isə sən- Atsan. Bir, iki, üç, dörd, beş!
 
- Oy, indi o səni də saydı! – buzov yenə sızladı.
 
- Ay səni yaramaz! Gözlə! İndi sənə görsədərəm! - at kişnədi və keçi balasının ardınca digərlərindən də sürətlə qaçmağa başladı.
 
Elə yolun kənarında, çəmənlikdə böyük, kök bir Donuz yatırdı. Ayaq səslərini eşidib donuz oyandı.
 
- Xryu-xryu-xryu! Hamınız hara belə? - deyə hər şeyi bilməyə çalışan donuz soruşdu. O, dərhal ayağa qalxıb digərlərinin ardınca sürətlə getdi.
 
- Keçi balasını təqib edirik! - deyə İnək bir az nəfəs alaraq cavab verdi.
 
- O, bizi sayır! - Buzov hirslə dedi.
 
- Ona ..... ona heç kim belə hüquq verməyib! - Öküz nərə çəkərək cavab verdi.
 
- İndi biz ona dersini verəcəyik! - At kişnədi, az qala ayaqları ilə Buzovu tapdalasın.
 
- Bəs o bunu necə edir?  - hamı ilə ayaqlaşmağa çətinlik çəkən donuz soruşdu.
 
- Bu çox sadədir! – keçi balası dedi – Eşit! Bir- mənəm, iki – buzov, üç - inək, dörd - öküz, beş – at, altı isə sən - Donuzsan. Bir, iki, üç, dörd, beş, altı!
 
- Oy, indi səni də saydı, - buzov yenı hönkür-hönkür ağlamağa başladı.
 
- İndi sən bunun əvəzini ödəyəcəksən! - Donuz qışqırdı – İndi əlimə keçərsən!..
 
Onlar yolu əllərinə alıb başa aşağı, çaya tərəf, keçinin arxasıyca qaçdılar. Çayın üstündə kiçik bir yelkənli gəmi var idi. 
 
Heyvanlar yelkənli gəminin göyərtəsində bir xoruz, bir it, bir qoç, bir də bir pişik gördülər. Xoruz - kapitan, İt - losman, Qoyun –gəmi şagirdi, Pişik isə - gəmi aşpazı idi.
 
- Dayan! – xoruz qaçan heyvanları görüb qışqırdı.
 
Amma artıq çox gec idi. Keçi balası sürətini dayandıra bilməyib yelkənli gəminin içərisinə atladı. Qalan hamı onun arxasınca gəminin içinə tullandılar. Yelkənli gəmi yelləndi və çayın ən dərin hissəsinə batmağa başladı. 
 
- Quqqulu qu, quqqulu qu! Köməyə gəlin! -  xoruz qışqırdı. – Gəmi batır!
 
Hamı qorxudan titrədi. Xoruz yenə yüksək səslə, çox ucadan qışqırdı:
 
Aranızda kim saya bilər?
 
- Mən saymağı bacarıram! – keçi balası öyünərək dedi.
 
– Onda hamımızı tez say! Qayıq sadəcə cəmi on sərnişin daşıya bilir!
 
- Tez ol, tez ol! - hamısı bir ağızdan qışqırdılar.
 
Keçi balası saymağa başladı:
 
1- Mənəm, 2- Buzov, 3-İnək, 4- Öküz, 5- At, 6 -Donuz, 7- Pişik, 8-İt, 9-Qoç və 10 – Xoruzdur!
 
- Halal olsun keçi balasına! Halal olsun! - hamısı bir ağızdan qışqırdılar.
 
Daha sonra sərnişinlər çayı keçərək sahilə çıxdılar. 
 
Keçi balası o vaxtdan yelkənli gəmidə qalıb işlədi. İndi o, orada nəzarətçi işləyir və hər dəfə xoruz heyvanları yelkənli gəmisinə mindirəndə, keçi balası gəmi kəndirinin yanında dayanaraq sərnişinləri “sayır”.