Nağıllar, hekayələr

Rafiq İsmayılov. Dülgər oğlu

Nazim ətraf məhəllələrdə tanınmış usta idi. Kimə dülgər işi lazım olsa, ona müraciət edərdi. Əlindən hər iş gəlirdi: qapı-pəncərə düzəltmək, mebel təmir etmək...

 

İkimərtəbəli evinin birinci mərtəbəsini emalatxana üçün ayırmışdı. Əvvəllər onun işi yaxşı gedirdi. Hətta iki işçisi də var idi. Lakin plastik qapı-pəncərələr dəbə düşdükdən sonra sifarişləri azaldı. İmkansızlıqdan işçiləri buraxıb tək işləməli oldu. İndi bütün günü emalatxanasında zəhmət çəkib tər tökürdü ki, ailəsi korluq çəkməsin.

 

Nazimin ən böyük arzusu isə 12 yaşlı oğlu Elxanı böyüdüb boya-başa çatdırmaq, ona yaxşı tərbiyə və təhsil vermək idi. Elxan emalatxanada atasının ağır zəhmətə qatlaşdığını görəndə neçə dəfə köməyini təklif etmişdi:

 


– Ata, qoy sənə kömək edim. Görürəm axı, sənin üçün çox ağırdır.

 

Usta Nazim isə cavabında demişdi:

 

– Yox, oğlum, sən dərslərinlə məşğul ol. Sənin mənə ən böyük köməyin yaxşı oxumağındır.

 

Atasının bu sözləri heç vaxt Elxanın yadından çıxmırdı. Bu səbəbdən səylə çalışır, dərslərini yaxşı oxuyurdu. O, ağıllı oğlan idi, başa düşürdü ki, təhsildəki hər bir uğuru atasına güc verir. Bilirdi ki, yaxşı oxuyub bir iş sahibi olsa, atasını bu ağır zəhmətdən qurtarar.

 

Həmin gün usta Nazimin təcili sifarişi var idi. Sabaha dörd qapı çatdırmalı idi. Səhər tezdən durub işləməyə başladı. Yenicə dəzgahını işə salıb taxtaları kəsməyə başlamışdı ki, birdən elektrik kəsildi. Nazimin qanı qaraldı. “Bu işıq verənlərin heç insafı yoxdur. İşıq pulu bir gün gecikən kimi gəlib qapının ağzını kəsdirirlər. Özləri isə istədikləri vaxt elektriki kəsirlər”, – deyə düşündü. Bir müddət dəzgahı yağlamaqla, alətləri itiləməklə məşğul oldu. Amma işıq yanmırdı ki, yanmırdı. Nəhayət, səbri tükəndi, emalatxanadan çıxıb evin giriş qapısının yanındakı elektrik lövhəsinə nəzər saldı: “Aaa, bu elektrik dəstəyini kim aşağı salıb?” Nazim ikinci mərtəbəyə aparan pilləkənə yaxınlaşıb yuxarı baxdı. Heç kim görünmürdü, səs-səmir də gəlmirdi. Qayıdıb elektrik dəstəyini qaldıran kimi işıqlar yandı.

 

Nazim emalatxanaya keçib yenidən dəzgahı işə saldı. Lakin heç on dəqiqə keçmədi ki, elektrik yenə də kəsildi. Bu dəfə usta cəld girişə tərəf getdi. Burada pilləkənlə tez-tələsik yuxarı çıxan Elxanı gördü.

 

- Dayan! Sən burada nə edirsən? Düş aşağı görüm.

 

Elxan pilləkəndən düşüb atasının qarşısında başıaşağı dayandı.

 

- İşığı sən söndürdün? - deyə usta Nazim zəhmli səslə soruşdu.

 

Elxan başını tərpədib: “Hə”, - dedi.

 

- Niyə? - Nazim oğlunun çiynindən tutub silkələdi. - Səndən soruşuram! Niyə?

 

Elxandan səs çıxmırdı.

 

- Mən səhərdən axşama qədər qan-tər içində çalışıram ki, səni bir yana çıxardım. Sən də mənimlə oyun oynayırsan?! Heç utanmırsan?

 

Elxanın gözündə yaş damlaları göründü. Bu, atanın ürəyini bir qədər yumşaltsa da, hirsini soyutmadı. Bir tərəfdən təcili sifariş, digər tərəfdən oğlunun məsuliyyətsiz hərəkəti onu lap özündən çıxarmışdı. Elxanın çiynindən yüngülcə itələyib:

 

-Get dərslərinlə məşğul ol! - dedi.

 

Axşam evdə hamının qanı qara idi. Nazimin qorxusundan heç kim səsini çıxarmırdı. Düzdür, Nazim sifarişçiyə zəng edib qapıları təhvil vermək üçün sabah axşama kimi möhlət almışdı, amma indi onu ən çox düşündürən oğlunun hərəkəti idi. O, həmişə elə düşünürdü ki, oğlu yaşına görə çox məsuliyyətli, sözünün, hərəkətinin yerini bilən, ağıllı oğlandır. Birdən-birə belə bir hərəkət...

 

Mətbəxdə oturub səssiz-səmirsiz şam etdilər. Sonra Elxan yavaşca durub öz otağına getdi.

 

Usta Nazim mətbəxin qapısını örtüb həyat yoldaşını məzəmmət etməyə başladı:

 

- Özün görürsən ki, mən səhərdən axşama kimi işləyirəm. Uşağın tərbiyəsi ilə məşğul olmağa vaxtim yoxdur. Niyə ona nəzarət eləmirsən? Məgər bunu da mən etməliyəm?!

 

- Nazim, vallah, bilmirəm, bu gün ona nə olmuşdu. Özün də bilirsən ki, Elxan elə uşaq deyil. Sən allah, get onun könlünü al. Həssas uşaqdır, barışmasanız, ürəyinə salacaq, dərslərində də geriləyəcək.

 

Nazim bir qədər fikirləşdikdən sonra qərara gəldi ki, həyat yoldaşı düz deyir. Oğlu ilə küsülü qalmaqdan yaxşı bir şey çıxmaz. Vəziyyəti düzəltmək lazımdır. Bunu isə o etməlidir, çünki o, atadır. Bəlkə, oğlu ilə sakitcə söhbət eləsə, onun bugünkü hərəkətinin səbəbini də öyrənə bilər.

 

Qapını açıb dəhlizə çıxdı. Elxanın otağında zəif işıq yanırdı. Yavaşca gəlib qapını açdı. Elxan öz çarpayısında yatırdı. “Görünür, stolüstü lampanı söndürmək yadından çıxıb. Eybi yox, sabah söhbət edərəm”.

 

Nazim stola yaxınlaşıb lampanı söndürmək istədi. Elə bu zaman gözü “ELXANIN GÜNDƏLİYİ” yazılmış qalın dəftərə sataşdı. Dəftəri götürüb vərəqlədi. Elxan son bir neçə ayda başına gələnləri, fikir və duyğularını bu dəftərdə qeyd etmişdi. Ata qeydlərdən bir neçəsini oxudu. Bu onu çox maraqlandırdı. Sanki oğlunu daha yaxından tanımağa başladı. Son qeydlər yazılmış vərəqi açdı. Sonuncu qeydin qarşısında bugünkü tarix yazılmışdı:


“15 oktyabr 2021-ci il. Səhər saat 08:30. Bu gecə pis bir yuxu gördüm. Gördüm ki, atam emalatxanada işləyərkən onu elektrik vurur. Allahım, sənə qurban olum, onu qoru!.. Mən əlimdən gələni edəcəyəm ki, bu hadisə baş verməsin!..”

 

Nazim ayaq üstə dura bilməyib stula əyləşdi. Onun gözləri yaşarmışdı.