Nağıllar, hekayələr

Zahid Xəlil. Ayaqqabıların söhbəti

Doğrusu bu əhvalatı eşidəndə tüklərim biz-biz oldu. Fikirləşdim ki, yəni doğrudan belə şey olar?


Amma xidmətçi qadın dedi ki, əgər siz bu əhvalatın doğruluğuna inanmasanız mən də məktəbimizdə oxuyan bütün şagirdlərə deyəcəyəm ki, sizin nağıllarınızı heç oxumasınlar. Əlacım kəsildi. Qələm, dəftər hazırlayıb dedim:


—Danış nağılını.


— Xeyr, — dedi — bu nağıl-zad deyil, əsl həqiqətdir ki, var. Sonra da başladı danışmağa.


Gecə hamı yatanda qulağıma səs gəldi. Diqqətlə baxdım ki, görüm yatmayan kimdi. Gördüm hamı yerindədir. Səs də dəhlizdən gəlir. Yavaşca dəhlizin qapısına kimi getdim. Kimsə deyirdi:


—Eh, uşaqları aldatmağa nə var, ayağını necə sıхdısa tez məni çıxarıb tulladı.


Başqa bir səs dedi:


—Sən Rafiqin ayaqqabıları idin?


—Əlbəttə! Bəs sən?


—Eh, mən də! — Elə ki onun ayaqlarını sıxdım, xidmətçilər məəttəl qaldı. Axı mən onun ölçüsündən bir az da böyük idim.


—Demək sən məndən qabaq bu biclikləri bilirmişsən.


—Daha neyniyim elə birinci gün geyinib küçəyə çıxmışdı. Bir də gördüm burnum bərk ağrıdı. Özümə gələndə nə görsəm yaxşıdı Rafiq burnumu yumru bir daşa vurub. Daş gedib xeyli aralı durmuşdu. Sonra o həmin daşı tapıb vura-vura aparmağa başladı. Özün bilirsən necə ağrıdır. Gördüm belə getsə axırımdı. Başladım ayağını sıxmağa. Birdən o ayaqlarını tutub yerə oturdu. Uşaqlar başına toplaşdı.


—Nə olub sənə?


—Deyəsən ayaqqabımın içinə kərtənkələ girib. Uşaqlar ay güldülər ha... məni çıxardılar. Diqqətlə ora-bura baxdılar, gördülər ki, heç ne yoxdur. Dedilər:


—Bu ayaqqabı sənin ayağına xırdadı. Hələ sən onunla futbol da oynamaq istəyirsən.


O gündən Rafiqin ayağından çıxardılar məni.


—Sən lap yaxşı qurtarmısan. Sonra məni geyindirdilər Rafiqin ayağına. Dedilər, bu lap yaxşıdır. Elə bağçaya təzəcə girmişdi ki, Rafıq balaca bir küçük gördü. Ayaqları ilə küçüyü cırnatmağa başladı. Birdən küçük mənim üzümdən bərk bir dişdəm aldı. Gözlərimdən yaş çıxdı. Amma dillənə bilmədim. Çünki Rafıq indi də mənimlə küçüyü döyməyə başladı. Mənim burnumda bir mıx var idi, əhvalatı ona danışdım. Mıx başını qaldırıb girdi Rafiqin barmağına. Elə qışqırdı ki, gəl görəsən.Mən də bir yandan başladım sıxmağa. Günorta Rafiq məni çıxarıb tulladı bir qırağa.


Xidmətçi qadın üzümə baxıb sözünə davam etdi:


Elə ki, ayaqqabıların söhbətini eşitdim tez özümü atdım dəhlizə. Söhbət də o saat kəsildi. Doğrudur, danışan ayaqqabıları tanıya bilmədim, amma başa düşdüm ki, hərdən ayaqqabılar uşaqların ayağını nə üçün sıxırmış.