Odlar Yurdu

Dağların və düzənliklərin qovuşduğu diyar - Qazax

Qazax rayonu Bakıdan 470 kilometr aralıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Təzadlı relyefə malik olan rayonda həm dağlara, həm də göz işlədikcə uzanan düzənliklərə rast gəlmək olar. Dağların ətəklərindən başlayan və alp çəmənlikləri ilə örtülən Qarayazı düzü, Altuntaxt yaylağının arxa tərəfində mavi rəngə çalan İncə dərəsi, həmin dərənin digər tərəfində Qaraqoyunlu dağı, Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları, çaylar boyunca uzanıb gedən tuğay meşələri bu təzadlı relyefin nümunələrindəndir.
 
Vulkan püskürməsi nəticəsində yaranan, hündürlüyü 250 metrə çatan Göyəzən dağı nadir geoloji təbiət abidələrindəndir. Qazax rayonunun rəmzi sayılan bu dağın ətəyində qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür. Deyilənə görə, qədimdə bayramlarda və düşmənin hücum təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. 
 
Alimlərin hesablamalarına görə Qazax şəhərinin əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulub. Sərkərdənin saldırdığı yaşayış məntəqəsi «Kasal» adlanıb. O dövrün ərəb mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri yaşayış məntəqəsi olması qeyd edilir.
 
Qazax qədim memarlıq abidələri ilə zəngindir. Yuxarı Əskipara kəndindəki V-VIII əsrlərə aid məbəd , Şəkərqala məbədi, Dairəvi qüllə, Qızılhacılı körpüsü, XII əsrə aid Qırmızı körpü və başqaları bu yerlərin qədim tarixindən xəbər verir. Diqqəti cəlb edən məkanlardan biri də Daş Salahlı kəndinin yaxınlığında, Avey dağında yerləşən Damcılı mağarasıdır. Sahəsi 360 kvadratkilometr olan yarımdairəvi formalı mağaranın girəcəyinin hündürlüyü 4 metrə çatır. Təbii çatlardan aramsız su damcıladığına görə mağara damcılı adlandırılıb. Paleolit, neolit dövrünə, həmçinin orta əsrlərə aid məişət əşyalarının tapıldığı Damcılı mağarası dünya əhəmiyyətli abidələr sırasına daxildir.
 
Avey dağında və onun ətrafında abidələrin çoxluğu nəzərə alınaraq ərazi Dövlət tarix-mədəniyyət qoruğu elan edilib. Bundan başqa, Birinci Şıxlı kəndinin yaxınlığında aparılan qazıntılar zamanı Uzundərə, Çınqıltəpə, Acıtəpə yaşayış məskənləri aşkar olunub.   
 
Qazax rayonu ərazisində Xram çayı üzərindəki tarixi abidə olan Qırmızı körpü hazırda Gürcüstanla Azərbaycanı birləşdirir. Abidə XII əsrdə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvan zamanında tikilib. Memarlıq üslubu cəhətdən qədim Gəncə, Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə oxşarlıq təşkil edən dörd aşırımlı körpünün ümumi uzunluğu 175 metrdir. O, bişmiş kərpiclə üzləndiyindən "Qırmızı körpü" adını alıb. Sahil dayaqlarında vaxtilə karvanların gecələməsi üçün geniş otaqlar olub. Yaxınlıqdakı iri karvansaralar qədim zamanlardan körpünün karvan yollarında böyük əhəmiyyətə malik olmasından xəbər verir.
 
Qazax şairlərin və söz ustaların vətənidir. Bu diyar Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mehdi Hüseyn, Səməd Vurğun, Hüseyn Arif, İsmayıl Şıxlı kimi məşhur şair və yazıçılar, tanınmış şəxsiyyətlər yetişdirib. Qazax həm də aşıqlar vətəni kimi də ad çıxarıb. Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Aşıq Ədalət kimi ustad sənətkarlar bu elin mənəvi sərvətlərindəndir. Məşhur general Əliağa Şıxlinski də Qazax torpağının yetirməsidir. Azərbaycanda ilk müəllimlər seminariyası 1918-ci ildə Qazaxda açılıb. Qazax həm də xalçaçılıq mərkəzlərindən biri, atçılığın geniş inkişaf etdiyi məkan kimi tanınır. Bu yerlərin Diliboz cinsli atları vaxtilə bütün Qafqazda məşhur olub.