Nağıllar, hekayələr

Uşaqlar üçün ibrətamiz nağıl. Hiyləgər tırtıl

Bir qoca var idi. Qocanın evinin qarşısındakı alma ağacı o qədər qocalmışdı ki, qoca babanın özü belə onun nə vaxt əkilmiş olduğunu xatırlamırdı. Alma ağacı hər il yaxşı bar verir, payızda yetişən meyvələri - böyük və dadlı olurdu.

 

Qoca alma ağacını çox sevirdi, ona yaxşıca qulluq edirdi; hər gün sulayır, ətrafındakı torpağı şumlayır və düşmüş meyvələri toplayırdı. Bunlar hələ yetişməmiş, tırtıllar tərəfindən zədələnmiş almalar idi. İnsanlar bu həşaratlara öz aralarında “qurd” deyirlər. Tırtıllar hər yaz peyda olurlar: əvvəlcə onlar gənc yaşıl yarpaqları yeyir, daha sonra ağacdakı meyvələri yeməyə başlayırlar.

 

Baharın gəlişi ilə qocanın işi daha da artdı. O, zərərvericiləri məhv etmək üçün zəhərli kimyəvi maddələrdən istifadə etmirdi. Qoca, zədələnməmiş almaları qorumaq üçün tırtılların yuvalarını və düşmüş almaları əli ilə toplayırdı ki, onlardan əmələ gələcək körpə tırtıllar yenidən ağaca dırmaşıb yeni meyvələrə zərər verə bilməsinlər.

 

Quşlar babaya bu işində kömək edirdilər. Ağacdələnlər iti dimdikləri ilə ağacdan çıxardıqları hər cür qurd və böcəkləri yeyirdilər. Həşəratların arxasınca ağacdələnlər ağacın gövdəsində böyük dəliklər buraxırdılar ki, bu dəliklər daha sonralar digər quşlar üçün, məsələn arıquşu və sərçələr üçün, yuva olurdu. Beləliklə, qoca alma ağacı yalnız bir ağac deyil, həm də quşlar üçün bir mənzil idi. Sakinlər orada mehriban yaşayırdılar və hamısı üçün kifayət qədər yemək var idi. Qoca isə bunları görüb daha çox xoşbəxt olurdu. Quşlar hər səhər cəh-cəh vurur, zərərli böcəkləri yeyir və balalarını böyüdürdülər. Balaca quşlar isə çox tez böyüyürlər və tezliklə həşəratları ovlamağa başlayacaqlar.

 

Alma ağacının lap hündürlüyündə, gizlənmiş bir yuvada çox ağıllı bir tırtıl yaşayırdı. O, dərhal məsələnin nə olduğunu anladı, çünki yuxarıdakı yuvasından hər şey mükəmməl görünürdü. Tırtıl başa düşdü ki, alma yerə dəyəndə içindəki qohumu təkan hiss edir. Bu, çölə çıxıb yenidən ağaca dırmaşmağın vaxtı olduğuna işarədir. Amma qocanın da bundan xəbəri var. O, tez yerə düşmüş meyvələri yığıb toyuqlara yedizdirməyə aparır. Toyuqlar isə çox sevinirlər, çünki həm şirəli meyvələr, həm də qurdları yeyirlər.

 

- "Mən belə şəraitdə necə sağ qala bilərəm? - kiçik tırtıl öz-özünə düşündü. Tırtıl necə qorunacağını düşünüb tapdı.


Böyümüş digər tırtıllar yuvalarından çıxıb budaqlar boyunca sürünməyə başlayan kimi, o da onların arxasınca getdi. Tırtıl əvvəlcədən özü üçün bir alma işarələdi, lakin ona gedən yol təhlükəli idi. Bir çox quşun gözləri kiçik zərərvericiləri izləyirdi. Hiyləgər tırtıl ağacın qabığındakı çatlarda gizlənərək nəhayət məqsədinə çatdı. Ancaq o, dərhal almanı dişləmədi, bütün tırtılların buraxdığı nazik ipək sapların köməyi ilə almanın saplağını budağa möhkəm bağladı. O, bu işi görüb, böyük məmnuniyyətlə meyvənin nazik qabığını dişlədi və lətini yeməyə başladı, getdikcə ortasına, çiyidlərin olduğu yerə yaxınlaşdı və özünə orada rahat bir yuva düzəltdi.

 

Yay gəldi, ağıllı və hiyləgər tırtıl kökəlib artıq böyümüşdü.

 

Daha sonra, payız gəldi. Almalar yetişdilər, baba onları toplamağa başladı. Ən yuxarıda hələ də qırmızılı-sarı alma budaqdan asılmış vəziyyətdə dururdu. Alma hələ də torpağa düşməmişdi. Qoca bunun səbəbini təxmin etdi: demək ki, hiyləgər tırtıl orada qışlayır. Amma nə edə bilərsən?! Bütün zərərvericiləri toplamaq qeyri mümkündür. Gələn il də quşların yemə ehtiyacı olacaq. Quşlar olduğu üçün yemək də olmalıdır - bu təbiətin qanunudur.

 

Alma qışın soyuğuna və qar fırtınalarına dözdü, yazın gəlişinə artıq quruyub qaralmışdı. Bahar günəşinin ilk şüaları ilə tırtıl bir dəlik açıb çölə boylandı. Artıq çıxmaq vaxtıdır. O, sürünərək çölə çıxdı və cəld hərəkət edərək yaxınlıqdakı bir yarığa girdi. Orada o, çoxlu ipək sap ifraz etdi və özü onların ətrafına sarılaraq baramaya döndü. Bir neçə həftə sonra barama açıldı və içərisindən kiçik və çox şirin bir kəpənək işığa tərəf uçdu. Kəpənək ətrafına baxaraq düşündü: "Həyat hələ də davam edir!".