Nağıllar, hekayələr

Semiramidanın asma bağları

Babil bağları öz yaşına görə dünyanın yeddi möcüzəsindən ikincisidir.( Misir piramidaları birinci möcüzə sayılır). Bu bağlar zikkurat formasında inşa edilmiş dördmərtəbəli bir tikili idi. Hündürlüyü 28 metr olan hər bir mərtəbənin döşəməsi bir neçə qatdan ibarət idi.

Daş və kərpic qatlarından sonra su keçirməyən qurğuşun təbəqəsi gəlirdi. Qurğuşun təbəqə üzərinə uzaqlardan gətirilmiş münbit torpaq tökülürdü. Bu torpağa dünyanın müxtəlif yerlərindən gətirilmiş güllər, ağaclar, kollar əkilirdi.

 

Müasir tarixçilərin dediyinə görə, bu bağlar məhşur Babil hökmdarı Navuxodonosor tərəfindən onun midiyalı arvadının şərəfinə salınmışdı. Lakin qədim rəvayətlər Babil bağlarını əfsanəvi hökmdar – qadının -  Semiramidanın adı ilə bağlayır. Buna görə də  həmin bağlara Semiramida bağları da deyilir. Semiramida ilə bağlı iki rəvayət mövcuddur.

 

I rəvayət

 

 

Deyilənə görə, Semiramida Derketo adlı ilahənin qızı olmuşdur. Bu ad göyərçin mənasını verir.

 

Anası tərəfindən atılmış Semiramidanı  çobanlar götürüb saxlayırlar  və onu hökmdarın baş çobanına təqdim edirlər. Bu yerlərə yolu düşən Nineviya hakiminin vəziri Semiramidanı görüb ona vurulur. Vəzir Semiramida ilə evlənib, onu öz yanına Nineviyaya aparır.

Semiramida öz ağıllı və uzaqgörən qadın olduğundan əri həmişə onun məsləhətlərinə qulaq asır və həmişə də xeyir tapırdı.

 

Bu zaman Nineviya ilə Baktriyanın müharibəsi başlayır. Vəzir qoşunun başında müharibəyə yollanır. Nineviya qoşunu nə qədər çoxsaylı olsa da, heç cür Baktriyanıın baş şəhərini tuta bilmirdi. Möhkəm qala hasarları arxasından müdafiə olunan baktriyalılar  düşməni yaxına buraxmırdılar.

 

Vəzir öz arvadını yanına çağırmalı olur. Semiramida döyüş meydanına gəlib hər şeyi diqqətlə nəzərdən keçirir. O görür ki, ərinin əmri ilə Nineviya qoşunu şəhərə daxil olmaq üçün hər dəfə qalanın ən zəif, alçaq yerlərinə həmlə edir.Bunu bilən Baktriya döyüşçülərinin əksəriyyəti də məhz həmin yerlərdə qərar tutub düşmən həmlələrinə cavab verir. Semiramida ərinə məsləhət görür ki, az bir qüvvə ilə yenə də həmən yerlərə hücum edərək qoşunun əsas hissəsini şəhər qalasının ən uca yerinə göndərsin. Nərdivan və kəndirlərlə silahlanmış Nineviya döyüşçüləri qalanın müdafiə olunmayan uca divarlarından aşaraq şəhərə daxil olurlar və, beləliklə , şəhər təslim olur.

 

Bu hadisədən xəbər tutan Nineviya hökmdarı Semiramidanı görmək istəyir.Gözəl qadını görən hökmdar ona aşiq olur və vəzirdən tələb edir ki, Semiramidanı ona versin, əvəzində isə öz qızını vəzirə təklif edir. Nə edəcəyini bilməyən vəzir ağlını itirir və özünə qəsd edir.

 

Beləliklə, Semiramida hökmdar Ninə ərə gedir və onların bir oğlu olur. Hökmdarın vəfatınfan sonra Semiramida özü hökmdarlıq etməyə başlayır. Az bir müddət ərzində  o, Fərat çayı sahilində Babil şəhərini və bu şəhərdə gözəl bir bağ salır.Semiramida bir çox qonşu ölkələrli- Midiyanı, Lidiyanı, Misiri ələ keçirir və həmin ölkəkərdə gözəl şəhərlər, saraylar tikdririr.

 

Bu müddət ərzində Semiramidanın oğlu böyüyür.O, bir xədimin əli ilə anasını qətlə yetirib taxt – taca yiyələnmək fikrinə düşür. Bunu bilən Semiramida könüllü olaraq hökmranlığı oğluna təhvil verir, özü isə Babil bağlarına gəzməyə çıxır. Burada o, göyərçinə çevrilir və uçub yox olur.

 

 

II rəvayət

 

Babil hökmdarlarının kənizlərindən birinin adı Semiramida idi.Bu kəniz o qədər gözəl və hiyləgər idi ki, az müddət ərzində hökmdarın sevimli arvadına çevrilmişdi. Bununla kifayətlənməyən Semiramida hökmdardan xahiş etmişdi ki, onun şərəfinə dünyada misli olmayan bir bağ salsın. Semiramida özü bağın tikintisinə nəzarət edirdi. Bağ tikilib qurtarana yaxın Semiramida yenə ərinin yanına gəlib naz- qəmzə ilə ona dedi:

 

- Səndən bir şey xahiş etsəm, mənim üçün eləyərsənmi?

 

- Nə ?

 

- Beşcə günlüyə məni öz yerinə padşah elə.

 

Hökmdar gülüb dedi:

 

- Mənim sevgilim, burada nə var ki. İstəyirsən lap on beş gün ol.

 

Padşah bütün əyanları yığıb hamının yanında dedi ki, bu gündən on beş gün ərzində Babilin padşahı Semiramida olacaq. Onun əmrindən çıxanın vay halına.

 

Hökmdar taxtına əyləşən Semiramida birinci iki gün şəhər meydanında camaata yemək – içmək payladı. Hamı bilirdi ki, bunu eləyən paytaxt taxtına əyləşmiş Semiramidadır. Sonra o iki gün sarayda əyanlar üçün kef məclisləri düzəltdi.Nəhayət, beşinci gün gəlib çatdı. Semiramida saray keşikçilərini çağırdı və əmr etdi:

 

- Gedin padşahın otağına. Onun qollarını zəncirləyin və atın zindana.

 

Öz- özünə götür – qoy edən keşikçilər həm əsl padşahın , həm də indiki padşahın əmrinə tabe olma qərarına  gəldilər. Beləliklə, Semiramida Babilin hökmdarı oldu.