Nağıllar, hekayələr

Mixail Zoşenko. Xəstələr

İnsan-qəribə məxluqdur. Yox ağlım kəsmir ki, o, meymundan əmələ gəlsin. Qoca Darvin bu məsələdə, deyəsən, bir balaca ağ eləyib. Çünki insanın hərəkətləri necə deyərlər, xalis insan hərəkətləridir, heyvanlar aləminə heç bir dəxli yoxdur. Məsələn, əgər heyvanların öz dilləri olsaydı, inanmıram, onlar bu yaxınlarda eşitdiyim söhbəti özlərinə rəva bilərdilər. 


Əhvalat vaqe olub  müalicəxanada Ambulator qəbulda. Mən həftədə bir dəfə daxili xəstəliklərə görə müalicə olunuram. Doktor Opuşkinin yanında. Çox mərifətli, kəlləli həkimdi. Beşinci ildi onun yanında müalicə olunuram, xəstəliyim zərrəcə də ağırlaşmayıb, elə olduğu kimi qalıb.


Budur, müalicəxanaya gəlirəm. Məlum olur ki, növbədə yeddinci adamam. Çarə nədi, gözləmək lazımdı. Dəhlizdəki divanda oturub gözləyirəm. Görürəm yan-yörəmdəki xəstələr öz aralarında danışırlar. Özü də haray-həşirsiz, xısın-xısın, dava-dalaşsız.


Qısa yarımpalto geymiş fətirsifət bir kişi öz qonşusuna deyir:


-Bəyəm səninki də xəstəlikdi? Xəstəliyə bax-qrıja! Bağışla, sənin azarın bir köpüklük azar deyil. Sən baxma ki, üzdən kökəm. Mən ağır xəstəyəm. Böyrəklərim tamam sıradan çıxıb. 


Qonşusu deyəsən əməlli-başlı inciyir:


-Elə bilirsən mənimki ancaq qrıjadı? Ciyərlərimdə salamat yer yoxdur. Qulağımın dibinə də piy şişi çıxıb, müsibətdi.


Fətirsifət deyir:


-Boş şeydi. Bu xəstəliklər böyrəklə müqayisə oluna bilməz.


Bu yandan da, yun şala bürünmüş arvad istehzayla söyləyir:


-Pah atonan! Böyrəkləri özünə gör nə təhər dər eləyib. Doğmaca bacım qızının böyrəkləri yaman gündəydi, ancaq nə dəxli, tikmə tikirdi, paltar ütüləyirdi, dünya vecinə deyildi. Bu piyli sifət ki sizdə var, gərək heç bir xəstəlikdən qorxmayasız. Böyrək sizi öldürə bilməz!


Fətirsifət özündən çıxır:


-Məni öldürə bilməz?! Eşitdiz, ay camaat! Deyir bu xəstəlik məni öldürə bilməz. Siz heç nə qanmırsız, amma tibbi söhbətlərə burnunuzu soxursuz.


Qadın deyir:


-Mən sizin xəstəliyinizi inkar etmirəm, ay yoldaş. O cür xəstəlik olur, bunu mən boynuma alıram. Amma o da var ki, mənim xəstəliyim sizin o böyrəklərinizdən daha qorxuludu. Məndəki... xərçəngdi!!!


Fətirsifət deyir:


-Nolsun, xərçəngdi! Baxır hansı xərçəngdi. O biri xərçəng tamam ziyansız xəstəlikdi, ola bilər, beş-altı aya keçib getsin.


Bu dəhşətli ədalətsiz təhqirdən arvadın rəngi ağappaq ağarır, əsməyə başlayır.Əllərinizi dizinizə çırpıb deyir:


-Yarım ilə xərçəng sağalar? Eşitdiniz, siz allah? Sən nə qanırsan xəstəlik nədi, xəstə olsaydın ta bu cür qarın bağlamazdın!


Fətirsifət vətəndaş əvvəl istədi bu təhqirə layiqincə cavab versin, sonra nə fikirləşdisə, əlini yellədi və susdu. Bu vaxt gözləyənlərin içində bir vətəndaş qımışa-qımışa dedi:


-Nə xərdi, ay vətəndaşlar? Nəyinən belə öyünürsüz axı? Haçana kimi öz eyiblərinizlə lovğalanacaqsız?


Xəstələr dönüb kişiyə baxdılar və başlarını aşağı salıb səssizcə həkimin qəbulunu gözləməyə başladılar.