Nağıllar, hekayələr

Yevgeniy Permyak. İki atalar sözü

Kostya hədsiz dərəcədə qənaətcil oğlan idi. Anası ona kağız pul, sikkə verdikdə, onu dərhal pul daxılına qoyurdu. Onun dostu Fedya isə tam əksinə... qəpik-quruşu olan kimi mütləq bir şey alırdı: ya göyərçinlər üçün taxıl, ya balıqlar üçün yem, ya da itlər üçün kolbasa.
 
Bir dəfə kənddə böyük yarmarka təşkil edildi. Kostya pul daxılından bir ovuc mis sikkə götürdü və özü üçün yeddi səsli qarmon almaq qərarına gəldi. Ancaq Fedya evdə qaldı, çünki onun bazarlıq etmək üçün kifayət qədər pulu yox idi.
 
Kostya yarmarkaya getmək üçün meşədən keçməli oldu - amma yolunu azdı. Birdən başının üstündə göyərçinin uçduğunu gördü. Göyərçinlər isə hər yerə uçurlar və bütün yolları tanıyırlar.
 
- Səmada uçan göyərçin, mənə yol göstər!- deyə Kostya göyərçinə səsləndi – Qarşılığında sənə pul verəcəm!
 
Göyərçin cavab olaraq soruşdu: - Axı pul mənim nəyimə lazımdır? Pulları qoymağa cibim belə yoxdur. Səni tanımıram belə... Sən kimsən ki, yol göstərim?
 
- Mən Fedyanın dostuyam - deyə Kostya cavab verdi.
 
- Həəəə.... bax bu başqa məsələ - göyərçin dedi – İndi sənə yol göstərərəm!
 
Göyərçin Kostyaya yol göstərdi və o, yoluna davam etdi. Az getdi, çox getdi gördü ki, çayın üzərindəki körpü sınıb çaya düşüb. 
 
- Bəs indi mən bu çayı necə keçəcəm? Bərəni necə tapacam? – Kostya öz-özünə düşündü.
 
Birdən, çayda üzən bir balıq ona yaxınlaşıb dedi:
 
- Mən səni tanıyıram. Sənin adın Kostyadır. Sən - Fedyanın dostusan. Yaxınlaş bura, mən sənə indi bərəni göstərəcəm!
 
Bax beləcə Kostya bərənin köməkliyi ilə çayı keçərək yoluna davam etdi. Axır ki, gəlib çatdı yarmarkaya. Yarmarkada adam çox idi: onlardan biri Kostyanın pulunu götürüb oradan uzaqlaşdı. Kostya nə qədər qaçsa da ona çata bilməyib başladı ağlamağa.
 
Kostya ağlayırdı çünkü heç nəyə xərcləməyib uzun müddət ərzində pul toplamışdı.
 
Birdən, pırtlaşıq saçlı bir it ona tərəf qaçaraq gəldi. Kostya iti ilk fədə görürdü. İt nəyin baş verdiyini anlayıb Kostyaya dedi:
 
- Kədərlənmə! Məni burada gözlə!
 
İtlərin yaxşı qoxu hissi var, onlar hər şeyi qoxulayıb tapa bilirlər. 
 
Bir müddət keçmişdi ki, it Kostyanın pulları ilə geri qayıtdı. O, pulları Kostyaya geri verib, onun qulağına nəsə pıçıldadı.
 
Kostya əlindəki bütün pula müxtəlif çeşidli şirni, çərəz, hətta yeddi səsli qarmon belə aldı. 
 
Kostya evə gəlincə yol boyu rastlaşdığı hər bir canlıya, quşa, balığa, arıya şirni, çərəz verdi.
 
Kostya gəlib kəndə çatdı. Fedyanı tapıb ona yeddi səsli qarmonu uzadıb dedi:
 
- Məndən sənə hədiyyə, mənim əziz dostum!
 
Fedya gözlərinə inanmadı və təəccüblə soruşdu.
 
- Sənə nə olub, Kostya? Nə qədər əliaçıq, xeyirxah olmusan!
 
- Bundan sonra mən həmişə belə olacam! - Kostya cavab verib dostunu bərk-bərk qucaqladı.
 
Fedya dostu Kostyanın başına gələnlərdən xəbərsiz idi. Fedya bilmirdi ki, it yarmarkada Kostyanın qulağına iki atalar sözü pıçıldadı:
 
Atalar sözləri bunlar idi:
 
“Yüz manatın olunca, yüz dostun olsun”
 
“Qənaətcil olmaq yaxşıdır, amma xeyirxah olmaq daha yaxşıdır”.