Şimali Amerikanın ən məşhur heyvanlarından biri olan Amerika bizonu məməlilər sinfinin ən iri nümayəndələrindəndir. Belə hesab edilir ki, onun əcdadları bu qitəyə Mərkəzi Asiyadan sonuncu Buz dövrü zamanı donmuş Berinq boğazını keçərək gəliblər. Bədəninin uzunluğu bəzən dörd metrə, hündürlüyü iki metrə çatan bizonun çəkisi erkəklərdə bir tona yaxın olur. Qırmızımtıl qəhvəyi rəngdə anadan olsalar da yarım ildən sonra tünd qəhvəyi rəng alırlar. Nadir hallarda açıq xallı və albinos bizonlara da rast gəlmək olur.
Bizonlar ot yeyən heyvan olduğundan köçəri həyat sürürlər. Sürülər qida axtarışı ilə gündə üç kilometrə qədər məsafə qət edirlər. Çox da böyük olmayan qruplar halında yaşayan bu heyvanlar yayda iri sürülərdə cəmlənirlər. Adətən 13-15 il yaşayan bizonların bəzi fərdləri 25, və ya 30 il ömür sürə bilir. Bizonlar düzənlik və meşə növlərinə bölünürlər. Düzənlik bizonu nəhəng düzlərin qədim sakini, onun “meşə” qardaşı isə kontinentin şimal rayonlarında Alyaskaya qədər yayılıblar.
Bizon uzun illər boyu bir çox amerikalı hindu qəbilələrinin həyat əhəmiyyətli qonşusu olub. Nəhəng heyvanın əti hindular üçün qida, dərisi isə paltar, çadır, yəhər hazırlamaq üçün istifadə edilib. Şimalı Amerika qitəsində Avropalı mühacirlərin kütləvi surətdə məskunlaşmasına qədər müxtəlif hesablamalara görə 30-60 milyon bizon yaşayırmış.
Düzdür XIX əsrdə ovçular bu nəhəng heyvan növünün kökünü kəsməyi ağıllarına belə gətirmirdilər. Lakin yekunda belə də oldu. XX əsrin əvvəllərində Amerika bizonlarının sayı artıq bir neçə yüz başdan az idi. Avropalı mühacirlərə kənd təsərrüfatının inkişafı üçün yeni torpaqlar lazım idi və onlar bu torpaqları tək yerli hindulardan deyil, həmçinin bu yerlərdə məskunlaşan içi bizon qarışıq heyvanların da əlindən alırdılar.
Bizonların böyük hissəsi dəmir yollarının tikintisi zamanı məhv edildi. Axı tikintilərdə işləyən minlərlə işçinin qarnını doydurmaq lazım idi. Avropalıların gəlişinə qədər hindular bizonları piyada ovlayırdılar. Onlar bu məqsədlə müxtəlif üsullardan istifadə edirdilər. Məsələn odun və ya güclü hay-küyün köməyi ilə heyvanları xüsusi hazırlanmış cığırla qaçmağa məcbur edir və sürünü uçuruma yönəldirdilər.
Avropalı ovçular isə bizonları at üstündə odlu silahdan istifadə edərək ovlayırdılar. İlk vaxtlar bizonları ovlamaq elə də çətinlik törətmirdi, çünki onlar ovçunu çox vaxt yaxına buraxırdılar. Beləliklə də bizon ovu, həm də populyar əyləncəyə çevrilmişdi. Məşhur bizon ovçusu Uilyam Frederik Kodi il yarım ərzində 4 mindən artıq bizon ovladığı üçün “Buffalo Bill” ləqəbini almışdı. Belə sərrast ovçuların sayı isə Amerikada az deyildi.
Bu minvalla bir müddət keçdi və XX əsrə cəmi bir neçə yüz bizon çıxa bildi. Onların da bir hissəsi 1872-ci ildə yaradılan Yelloustoun parkında saxlanılırdı. Artıq hökumət bizonların qorunması üçün tədbirlər görməyə başlamışdı. Belə tədbirlərdən biri də Prezident Teodor Ruzveltin fəxri prezidenti olduğu American Bison Society təşkilatının yaradılması idi. Bizonların populyasiyasının xilas edilməsi üzrə tədbirlər tez bir zamanda özünü göstərdi. Böyük depressiya zamanının başlanmasına qədər bizonların sayı 3 mini keçmişdi. Hazırda isə ABŞ-da 220 mindən artıq bizon yaşayır.
Amerika bizonları barədə maraqlı faktlar:
Bizon Vayominq ştatının bayrağında təsvir edilib.
Bəzən Amerika bizonunu (american bison) səhvən, kəl (buffalo) adlandırırlar.
Bizonlar sürü halında olarkən canavarlardan qorxmadığından, hindular maskalanmaq və sürüyə maneəsiz yaxınlaşmaq üçün öldürülmüş canavar dərisindən istifadə edirdilər.
Bizonun sərt və kobud dili hindular tərəfindən daraq kimi istifadə olunurdu. Qitəyə gələn avropalılar qida kimi bizon dilini yüksək qiymətləndirirdi və çox vaxt bu heyvanları yalnız dillərini kəsib götürmək üçün öldürürdülər.
Keçən əsrin 90-cı illərində Amerika bizonları arasında brusellyoz xəstəliyinin yayılmasının qarşısını almaq üçün Yelloustoun parkında yaşayan 3 min 500 baş bizonun yarısı məhv edilmişdi.
29.12.2014