Nağıllar, hekayələr

Zahid Xəlil. Dünyanın ən ədalətli gözətçisi

Bax gözətçi buna deyərəm: qollarını yana açıb düz bostanın ortasında dayanıb. Bir quşun hünəri varsa yaxınlaşsın. Qoruqçu elə bir səs çıxarar ki, quşun bağrı yarılar: cırınq, zaranq, dratax!


Hərdən gözaltı yetişmiş çiyələklərə baxır, öz-özünə fikirləşirdi: Yəqin bal kimidi. Amma mən ondan birini də qoparmaram. Haram şey nəyimə gərəkdi. Hə, qardaş, heç kəsin malına əyri gözlə baxmaram. Hələ siz bostanın üstündə uçan boz sərçələrə baxın, oğurluq etmək istəyirlər, haramzadalar. Eybi yox, mən sizə göstərərəm. Cırınq, zaranq, drrax!".


Gözətçi pərən-pərən olmuş quşların arxasınca baxıb elə bir şaqqanaq çəkdi ki, bostanın boz köpəyi hirslə hürüb quyruğunu qapmağa başladı. Çiyələklər balaca, qaramtıl dişlərini göstərib deyirdilər:


—Bizi yemək olar! Niyə gözlərini bərəldirsən, yesənə?!


Qarovulçu ağzının suyunu güclə saxlayıb deyirdi:


—Lənət şeytana. Yox, mən sizi yeyə bilmərəm. Səhər bağ sahibinə nə cavab verərəm.


Orasını da deyim ki, bu ədalətli qarovulçunun ürəyi çox təmiz idi və görünür elə buna görə də özündən deməyi yaman xoşlayırdı. Ən çox sevdiyi məşğələ bir pələngi öldürməsi haqqında rəvayəti danışması idi. Bir dəfə hardansa çobanaldadan quşu uçub gəldi. Çobanaldadan çiyələk yemək istəyirdi. O düz qarovulçunun qarşısına qonub dedi:


—Qardaş, o pələngi necə öldürdüyünü yaxşı-yaxşı danış.


Qarovulçu şövqlə dedi:


—Hə, bir də gördüm ki, zolaqlı, xallı pələng gəlir. Bığları da ki, qaydasında. Dişlərini yada salanda adamın ürəyi yanırr. Düzdü, pələng çox böyük idi. Amma nə qədər böyük olsa da mənim dizimdən ancaq olardı. Pələng bostanın ortasına çatanda mən bir nərə çəkdim: drraxt! Onu gördüm ki, gumb bir şey partladı: sən demə bu pələngin ürəyi imiş. Səhəri onu sürüyüb apardılar. Bağ sahibi bax bunu mənə onda bağışladı.


Çobanaldadan qarovulçunun söhbətinə qulaq asa-asa çiyələk kollarını dənləyirdi. O, yetişmiş meyvələrdən yeyib cəh-cəhlə oxumağa başladı. Gözətçi qəzəblə qışqırdı: Cırınq, zaranq, drraxt! Tez ol bostandan çıx. Başımı söhbətə qatıb gör nə yeyir, qarınqulu.


Eh, çobanaldadan onun sözünə heç əhəmiyyət də vermədi. Qırmızı çiyələklə qarnını doldurandan sonra uçub düz qarovulçunun sarı, uzun burnuna qondu. Başqa quşlar bu əhvalatı görüb ürəkləndilər. Bir anda bostana daraşdılar. Qoruqçu necə hirsləndisə qırılıb yerə düşdü, üstünün zınqırovları hərəsi bir yana dağıldı.


Deyirlər ki, bostan pozulandan sonra uşaqlar onun qollarını at kimi minib çapırmışlar. Qoruqçu isə hələ də işə yaradığı üçün elə əvvəlki kimi sevinirmiş. Orasını da deyim ki, bu əhvalat doğrudan da olub. Özü də bilirsiniz harada? Kür çayı boyunca uzanıb gedən bostanların birində.