Nağıllar, hekayələr

Zahid Xəlil. Üç görməmiş

Biri var idi, biri yox idi, dünyada üç görməmiş var idi. İşin tərsliyindən bu görməmişlərin üçü də bacı idi. Böyük bacının adı Böyük Görməmiş, ortancıl bacının adı Ortancıl Görməmiş, balaca bacının isə adı Balaca Görməmiş idi. Sizi inandırıram ki, heç vaxt belə
görməmiş qarşımıza çıxmayıb. Tutaq ki, ata qarpız alıb gətirir. Böyük Görməmiş yanğınsöndürən maşın kimi əvvəl uzun bir fit verir. Sonra qışqırır:


—Qarpızın dadına əvvəl mən baxmalıyam.


Ortancıl Görməmiş paroxod kimi uğuldayır:


—Yox, yox, qətiyyən elə şey ola bilməz. Mən dura-dura kimin haqqı var ki, qarpızın dadına baxsın.


Balaca görməmiş nazik səslə amma hündürdən qışqırır:


Məgər mən ölmüşəm ki, qarpızın dadına birinci siz baxırsınız.


Beləcə görməmişlər arasında dava başlayır. Bir də ayılıb görürlər ki, qarpız çoxdan yeyilib qurtarıb. Onlar iş-işdən keçdiyini görüb özlərini sındırmırlar. Böyük Görməmiş yanğından sonra suyu süzülə-süzülə gedən yanğınsöndürən kimi astadan deyir:


—Çox dadlı qarpız idi. Mən ömrümdə belə ləzzətli qarpız görməmişəm.


Ortancıl Görməmiş sahilə lövbər salan paroxod kimi fısıldayır:


—Rəngi də ki, qıpqırmızıydı. Yəqin ki, dünyada ikinci belə qarpız yoxdur.


Balaca Görməmiş dayanacağa yaxınlaşan elektrik qatarı kimi uğuldayır:


—Belə yumru qarpızları ancaq muzeylərdə tapmaq olar.


Elə güman etməyin ki, bu görməmişlər həqiqətən görməmiş idi və ömürlərində heç nə görməmişdilər. Yox, yox siz nə danışırsınız? Onların ataları ağıllı bir kişi idi.


Günlərin bir günü ata düz bir maşın qarpız alıb gətirdi. Qoy ürəkləri istəyən qədər yesinlər. Bəlkə gözləri doya. Aydın məsələdir ki, bacılar maşına hücum çəkdilər. Hər biri bütün maşına sahib olmaq istədi. Amma bu işin mümkün olmadığmı görəndə Böyük Görməmiş ən iri qarpızı götürüb dedi:


—Bu mənim!


Ortancıl Görməmiş özünü həmin qarpızın üstünə atıb dedi:


—O özümündür! Balaca görməmiş qıyya çəkdi:


—Mənimdi!


İşi belə görən ata həmin qarpızı alıb dərəyə tulladı.


Qarpız diyirləndi, görməmişlər də onun dalınca. Qarpız axırda yekə bir daşa dəyib parça-parça oldu. Bacılar qarpız qırıqlarının yanında oturub onun ləzzətli qarpız olması barədə uzun-uzun mübahisə etdilər.