Nağıllar, hekayələr

Zahid Xəlil. İki nar

Kolun başında iki nar qonşu idi. İkisi də qızarıb yetişmişdi. Birinci nar ürəyində fıkirləşirdi:


—Görəsən birinci hansımızı dərəcəklər. Əlbəttə məni dərməlidirlər. Axı, mən daha iri və qırmızıyam.


İkinci nar fikirləşirdi:


—Qonşum da mənim kimi gözəldi. İkimizi də bir dərsələr nə yaxşı olardı. Ağ süfrənin üstündə də qonşu olardıq. Ömrümüzün axırına qədər bir yerdə yaşayardıq.


Birinci nar fikirləşirdi:


—Yox, əvvəl məni dərməlidirlər. Mən gərək ən böyük məclislərin bəzəyi olam. Qonşumu isə sonra dərmək olar. Hara tələsir ki? Hələ əməlli qızarmayıb da!


İkinci nar ürəyində dedi:


—Əgər əvvəl məni dərmək istəsələr, birtəhər başa salacam ki, qonşudan ayıbdı, əvvəl onu dərin. Narlar beləcə fikirləşirdilər. Birdən kimsə ikinci narı dərib apardı. O, nə qədər qışqırdı ki, qonşusunu dərsinlər, heç sözünə qulaq asan olmadı.


Birinci nar bunu görüb hirsindən partladı. Qırmızı dişləri göründü. Hardansa bir sərçə nar koluna qonub oxumağa başladı:


—Cik-cirik, cik-cirik, mən bilirəm o narı hara apardılar.


—Hara apardılar? — deyə parçalanmış nar soruşdu.


—Onu xonçaya qoyub toya apardılar!


Bu sözdən nar necə partladısa dənələri yerə töküldü. Sərçələr bir göz qırpımında ona hücum etdilər. Bütün dənələrini yeyib qurtardılar. Bu da paxıl narın axırı.