Nağıllar, hekayələr

Hind xalq nağılı. Axmaq timsah

Çayın yaxınlığındakı çuxurda çaqqal yaşayırdı. O, tez-tez çaya su içməyə gedirdi. Çayda isə ac timsah yaşayırdı. Timsah hər gün sahilə yaxın kolların arasında gizlənir, hər hansı bir heyvanın su içməyə gəlməsini gözləyirdi.


Bir gün çaqqal çaya su içməyə gəldi. O, sahilə yaxın yerlərdə suyun palçıqlı və bulanıq olduğunu görüb, daha təmiz su içmək üçün çayın ortasına kimi hərəkət etdi. Bir anın içində hardansa timsah peyda oldu və çaqqalın ayağından tutdu. 


Çaqqal çox qorxdu, amma sonra cəsarətini toplayıb pəncəsini timsahın ağzından necə çıxaracağını düşünməyə başladı. O, öz –özünə dedi: "Mən pəncəmi heç tərpətməməliyəm, sanki mənim ayağım deyil!" və sakit səslə timsaha dedi: - Ah, dostum timsah, ayağım palçığa ilişib, çıxara bilməsəm boğulacam! Mənə kömək et, tez ayağımdan tut!


Timsah asanlıqla bu hiyləyə aldandı. “Necə də axmağam! – o, fikirləşdi. "Mən yosunların köklərini çaqqalın pəncəsi bilib ağzıma almışam və oturub onları bərk-bərk dişlərimin arasında saxlamışam!" Timsah çaqqalın ayaqlarını buraxıb yosunların kökündən yapışdı. Çaqqal sevinərək təşəkkürünü bildirdi və şən mahnı oxuyaraq çaydan uzaqlaşdı.


Çaqqalın onu aldatdığını başa düşən timsah öz axmaqlığına qəzəbləndi.


Ertəsi gün çaqqal yenə sahildə peyda oldu. O, əmin idi ki, timsah oturub onu gözləyir. Amma yenə də səhv edib-etmədiyini yoxlamaq üçün ucadan dedi:


- Dünən su içəndə gördüm ki, balaca balıqlar suda üzüb qabarcıqlar əmələ gətirirlər. Bu gün su nədənsə çox sakit və hamardır, tək bir qabarcıq belə yoxdur. Bəlkə su içməyim!?


Bu sözlərdən sonra timsah nəfəs almağa başladı və suyun içindən qabarcıqlar peyda oldu. Çaqqal bunun timsah olduğunu anlayıb tez oradan uzaqlaşdı. Ayrılarkən isə çaqqal timsaha dedi:


- Oh, dostum timsah! Əgər bu gün məni yeyib nahar edəcəyini düşünürsənsə çox səhv edirsən!


Timsah əsəbiləşib uzun müddət öz axmaqlığına qəzəbləndi.


Çaqqal artıq su içmək üçün gölməçəyə getməyə başladı. Timsah isə hələ də ona qəzəbli idi, gecə-gündüz çaqqalı necə tutacağını düşünürdü.

 

Çayın yaxınlığında böyük bir manqo ağacı böyüyürdü. Çaqqal şirəli, yetişmiş manqoları çox sevirdi və meyvələrdən dadmaq üçün tez-tez bu ağacın altına baş çəkirdi. Bundan xəbər tutan timsah çoxlu manqo meyvələrini bir araya toplayıb, onların içərisində gizləndi.


Beləliklə, çaqqal manqo ağacının yanına gəldi, lakin nəhəng manqo yığınını görən kimi şübhələnib yenə hiyləyə əl atdı.


"Keçən dəfə bura gələndə" - o, dedi, - Manqolar bir-bir özləri düz pəncəmə sıçrayırdılar. Amma bu gün mən bunu görmürəm! Qəribədir!


Timsah bu sözləri eşidib bir neçə manqo seçib çaqqala atdı. Çaqqal kiminsə yığında gizləndiyini anladı və mahnı oxumağa başladı:


“Şirin meyvələrin arasında yalançı gizlənib. Axmaq - uduzar, ehtiyatlı isə - xilas olar!”


Çaqqal mahnı oxuyub oradan uzaqlaşdı. Timsah onun arxasınca qaçsa da, yetişə bilmədi. O, öz axmaqlığına həmişəkindən daha çox hirsləndi və çaqqalı həyatdan məhrum edəcəyinə and içdi!


Bir neçə gün keçdi. Bir gün günorta çağı timsah çaqqalı tutmaq ümidi ilə çaqqalın yuvasına sürünərək gəldi, içəri girib orada gizləndi.


Çaqqal yuvasına yaxınlaşanda yerdə böyük ayaq izlərini görüb əvvəlcə qorxdu, lakin tez özünü itirmədən düşünüb,  yenə öz hiyləsini işə saldı. O, yuvasına yaxınlaşıb yüksək səslə qışqırdı:


- Mənim əziz yuvam! Niyə susursan, səs çıxarmırsan?


Sonra əlavə etdi: “Əvvəllər yuvama yaxınlaşanda, əziz yuvam məni xoş mahnı ilə qarşılayırdı. Bu gün ona nə olub? Bəlkə kimsə onun xətrinə dəyib?”


Bu sözləri eşidən kimi timsah başladı boğuq səslə mahnı oxumağa:


“Salam olsun mənim sahibimə! Mən sənin xidmətçinəm! Mən sənin xidmətçinəm!”


Çaqqal timsahın səsini dərhal tanıdı və fikirləşib dedi:


- Oh, odun gətirməyi unutmuşam! Ocaq yandırmalıyam! Dərhal geri dönəcəm!


Çaqqal xeyli sayda odun gətirərək ocaq qaladı və yanan ocağı yuvasının çıxışına qoydu. Timsah istidən və tüstüdən boğulmağa başladı, çaqqal isə kənarda oturub mahnısını zümzümə etməyə davam etdi.