Nağıllar, hekayələr

Anar. Yağışlı gecə

…Gecədir. Yağış yağır... 


Bir qədər qüssəliyəm. 


Adi bir gecədir. Hər gecə olan gecələrdəndir. 


Bayram hər gün olmur. İnsanların ömrünün çox qismi  bayram həsrətində keçir. 


...14-15 yaşlarında bir qız dərsdən qayıdır. O, hər gün bax beləcə məktəbdən evə gəlir. Həftədə altı dəfə. Ayda 6x4 d əfə. İldə nə bilim neçə yüz neçə kərə, hər gün. Xəstələndiyi günlərdən başqa. Günlərin bir gününd ə 24-25 yaşlarında bir gənc – onların həyət qonşusu (o, gözəl v ə yaraşıqlıdır) – qızın qədəmləri qabağına əlvan çiçəklər səpələyir. 


Bu gün qızın bayramıdır. Bu hələ məhəbbət bayramı deyil. Axı məktəbli qızın vur-tut 15 yaşı var. 14-15. Lakin bu başqa bir bayramdır. Bu qadın qəlbində məhəbbətdən çox erkən oyanan və məhəbbətdən çox sonra sönən bir hissin, riqqətləndirici və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş, səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramıdır. Bu istəyə çatmaq məktəbli qızın ulu sevinci, xarüqəvi bayramıdır. Elə ona görə də bu bayramın baş tutmaması onun üçün ağır faciədir. 


Qızı çox sərt mühakimə etməyək. O hələ uşaqdır. O biçarə nə bilsin ki, baş tutmuş bayramlar belə səadət ilğımlarından qeyri bir şey deyildilər. İnsan bayramı gözləməkdən, onun həsrətilə yaşamaqdan həzz alır. 


..."İnsana səadət verilməmişdir. Bəlkə ona yalnız səadət arzulamaq, xoşbəxtlik ümidiylə, bəxtiyarlıq gümanıyla yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. Səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək həsrətində yaşamaq və nə isə hey gözləmək, gözləmək, gözləməkdir..." 


İnsan yalqızdır. O, insanlıq dənizinin içində böyük fırtınalarda iştirak edə bilər. Lakin həyatın əsas müşküllərini o özü tək, kimsəsiz həll etməlidir, açmalıdır. 


Ömür. Tale. Məhəbbət. Yaradıcılıq. İztirab. Ölüm. 


Bu əzəli və əbədi qüvvələr qarşısında insan təpə-tənha dayanmışdır. Quyu təkin. İnsan quyu kimidir. Quyunun suyunu içirlər. Lakin onun dibinə düşənlər çoxmudur? Həyat insanın güzgüsündə – quyunun suyunda əks olunur. Lakin günəşi, ağacları, otları, bütün ona baxanları üzünə yapışdıran bu suyun altında nələr vardır? Quyunun dibindən xəbərdar olanların çox qismi onun suyundan ikrah etmir? 


İnsan təkdir. Həyat, ölüm, eşq, yaradıcılıq problemlərini o tək etməlidir. O Robinzondur. Həyat – Cümə. O – Robinzondur. Ölüm – Cümə. O – Robinzondur. Sevgi – Cümə. O heç yerdən kömək diləmir, heç kəsdən yardım istəmir. Nə atadan, nə anadan, nə arvaddan, nə bacıdan, nə qardaşdan, nə övladdan, nə də dostdan. 


İnsan kiçik dənizdir. O böyük dənizdən – İnsanlıqdan su sızmaz, ün keçməz qayalarla – öz "mən"iylə, fərdiylə, taleiylə ayrılmışdır. O, heç vaxt böyük dənizlə qovuşa bilməyəcəkdir. İnsan əkiz doğulduqda belə dünyaya tək gəlir. Sevdiyilə, sevdikləriylə, necə deyərlər "can bir qəlb" olsa da, hərfi mənada "can bir qəlb" ola bilmir. Yüz min adamla birlikdə bir bombadan, bir minadan bir partlayışdan ölsə belə tək ölür. 


İnsanlıq – insanlardan ibarətdir, fəqət insan insanlığın ayrılmaz bir hissəsi deyil. Ayrılan, hər an ayrıla bilən bir hissəsidir. Məsələ bundadır. Hər kəs insanlığın səadəti və ya bədbəxtliyi barəsində düşünür. Lakin insanlıq hər kəsin səadəti və ya bədbəxtliyi haqqında düşünmür. İnsanlığın nə borcuna? 


İnsanlığın dərdlərini çiynindən atan adam özü haqqında düşünməyə başlayır. O, mərəzlərin ən dəhşətlisi olan özünüanaliz mərəzinə tutulur. Quyunun dibinə, qəlbinin quyusuna, könlünün gecəsinə düşür. O, öz daxilində həqiqət axtarır ki, həyatın həqiqətini də anlaya bilsin. O həyatın inkaredilməz həqiqətlərini" öz daxili varlığının təcrübəsiylə yoxlamaq istəyir. Ona elə gəlir ki, əsl həqiqət – insanın özünün şəxsən tapdığı həqiqətdir. O, bu həqiqəti axtarır, tapır, bəli, tapır, amma dalına qulaq asın, tapır, ...tapır və şübhələnir, tərəddüd edir, bir də, onda, yüz də yoxlayır və ...itirir. Yenidən axtarır, yenidən tapır və yenidən itirir. Təzədən axtarır, tapır, itirir və s və i.a. Axır ki, o qəribə bir həqiqət icad eləyir: yeganə həqiqi həqiqət yeganə həqiqi həqiqətin olmamasıdır. Bütün qalan həqiqətlər nisbidir. Hər şey. Varlığın dərk olunub olunmaması haqqında mübahisə edən filosoflardan tutmuş bir kilo almanın qiyməti haqqında mübahisə edən alıcıyla satıcıya qədər bütün insanların rəyləri, fikirləri, əqidələri nisbidir. Bu böyük həqiqəti tapan insan, onu tapdığı gün insanların əksəriyyətinin gözündə öz insanlığını itirir. 


Doğrudan da artıq o meyitdir. Canlı meyit. O Xeyir və Şəri dərk etməkdən acizdir, deməli yaşamır, çünki insanların çoxunun fikrincə yaşamaq – bu iki qüvvədən birinin tərəfinə durmaq deməkdir. Həqiqətin nisbiliyini anlayan insan heç bir tərəfə keçə bilmir. Çünki hər iki tərəf özünü Xeyir – müqabilini Şər sayır. Belə insan tərəfləri ayırmır. Onunçün hər tərəf eynidir. Şimal qütbündə dayanan adamçün hər tərəf cənub olan kimi. Şimal qütbündə dayanan adam özünün Şimal qütbündə dayanıb dayanmadığından da şübhəlidir. Bəlkə də o Cənub qütbündə dayanmışdır və hər tərəf onunçün Şimaldır. Axı qütblərin adı da nisbidir. 


Qütbdə durub-durub üşüyürük. Darıxırıq. Donuruq. 

Hisslərimiz donur. Beynimiz buz bağlayır. Ürəyimizdə altı ay gecə olur. Boz, nimdaş, rəngi getmiş taksilər sevdiklərimizi bizdən aparırlar. Onları saxlamağa cəhd etmirik. Laqeydliyimizin buzunu əridə bilmirik. Çünki yaxşı bilirik, taksini saxlamaq mümkündür. Vaxtı 
saxlamaq olmaz. Qadını qaytarmaq mümkündür. Keçib gedən dəqiqələri qaytarmaq olmaz. İztirab çəkirik. Amma bilirik, yaxşı bilirik ki, bu iztirab belə keçəri, gedəridir, "gəlimli-gedimlidir. Son ucu ölümlüdür". Ağrıyırıq, amma bilirik, yaxşı bilirik ki, ağrı da dönükdür, vəfasızdır. Vaxt onu bizdən dönd ərəcək, başqasına yar edəcəkdir. Ağlayırıq. Amma bilirik ki, göz yaşlarımız hərcayi muncuqlar kimidir. Vaxt sabah onu bizd ən alıb başqasının gözünü bəzəyəcəkdir. Yarəb! Bəlayi – eşq ilə... 


Olmaz! Elə ona görə ağrıdır. Uzun zaman iztirab çəkirsən, həqiqətən ağrıya bilmədiyinçün ağrıyırsan, hönkür-hönkür ağlaya bilmədiyinçün hönkür-hönkür ağlayırsan. Bəzən də aldanırsan. Könlün gec əsində məhəbbət ümidlərinə inanırsan, Təskinat, Təsəlli axtarırsan. Bəzən m əhəbbətin və onun işgəncələrinin ağrısı elə güclü olur ki, könlündəki diş ağrısını müalicə etməkçün Vaxt-təbibə yox, Ölüm-təbiətə müraciət edirsən. Lakin bu az-az olur. Yalnız hekayə qəhrəmanları sevgilisinin paltosunun vəfasızlığına dözməyib intihar edirlər. Bir də həyatda bu qəhrəmanları yamsılayanlar. Qalan adamlar yaşamaqçün qalırlar. Çox yaşayırlar. Uzun yaşayırlar. Qocalanda isə onlara yalnız cihazların sabit ünsiyyəti qalır. Radionun, televizorun, maqnitafonun. Bir də telefonun. 


Bəzən içirəm. Amma bu bir yol deyil. Onsuz da axşam içəndə sabah ayıq olursan. Elə bil yuxudan ayılırsan. Yuxu – içkisiz sərxoşluqdur. Sərxoşluq-yatmaqsız yuxu, həmişə yuxularla keçinmək olmaz. Səhərlər sərt, mütləq və amansızdırlar. Daha bizə nə qalır? 


Yazmaq. Yazmaq. Mümkün olmayan şeylər haqqında yazırıq. Qəhrəmanlıramızı bəxtiyar edirik. Qəhrəmanlarımızın sevdikləri taksilərdə əbədi getmirlər. Getsələr də qayıdırlar. Mütləq qayıdırlar. 


Yazıçı allahların ən rəhimdilidir. O yaratdıqlarını öldürdükdə belə onlara əbədi bir həyat bəxş edir. Bəlkə də bu eqoizmdən doğur. Biz özümüz qəhrəmanlarımızın varlığında əbədiyyətə qovuşmaq ist əyirik. Əbədiyyətə və insanlığa. Qayaların arasından qələmlə ovub yol açaraq Fərdimizi, "Mən"imizi, Kədərimizi İnsanlığın böyük dənizinə qatmaq istəyirik. Vaxt bizi məğlub edir. Biz vaxta qalib gəlirik. Vaxt müəyyən bir vaxtdan sonra bizi torpağa qatıb vətənimizin ərazisini bir adam cismi qədər böyüdəcəkdir. Əməlimiz, işimiz, yaradıcılığımız necə əhəmiyyətsiz olsa da hər halda bir sözdür, bir qəlbin döyüntüsüdür, təkraredilməz bir səs, bir nəfəs, bir qorxudur. Axı iki eyni adam yoxdur, deməli iki eyni yaradıcılıq, iş, əməl də yoxdur. Hər kəs öz sözünü, öz fikrini deməli, öz səsini qoruyub getməlidir. Səslərimiz havada əriyib gedəcək. Yazıçı xoşbəxtdir; Onun səsi kağıza yapışır. Vaxt bizə neyləyəcək? Vaxta qalib gəlmək üçün nə isə bir iş görməlisən. Bu gün sonsuz ölən bir adam yüz ildən sonra bəşəriyyətin yüz nəfər az olmasının günahkar ıdır. Heç bir iş qoyub getməmiş adam insanlığı bir addım geri çəkir. Yazıçı yazmalıdır. İnsanlığı düşünməyib öz fərdini təsdiq edən, "mən"ini ifadə edən, daxilini təsvir edən yazıçı insanlara ən böyük xidmət göstərir. Özü haqqında kəşf etdiyin hər şey 
insanşünaslıq elminin bir cümləsidir. Nə isə... 


Hekayə yazırıq. Hekayələr yazırıq. Qüssələnəndə, sevinəndə. Yay. Qış. Payız. Yaz. 


Gecədir, yağış yağır. Pəncərəmdən boylanan ağac hərdən bir dərindən ah çəkib köksünü ötürür. 


22 yaşım var. "Gündə bir kərpic düşür, ömrümün sarayından..." Radio məhzun melodilər verir. Həmişə elə bilirdim ki, 21 yaşında öləcəm. 22 yaş tamam oldu. 23-ün içindəyəm. Yaşamaq yaxşıdır. Çox gözəldir. Xatirələrin solğun kədəriylə, ümidlərin aldadıcı sevinciylə yaşamaq, gözləmək, gözləmək, gözləmək. Bir də yazmaq. 


Gecədir. Yağış yağır. 


Füzuli deyib: 


Ey Füzuli şami-qəm əncaminə yoxdur ümid 

Bir təsəllidir sənə ol söz ki, derlər var sübh! 


Yəqin ki, bir bu "derlər" sözü mənim bütün yaradıcılığıma dəyər. "Derlər". Elədir, ustad, "derlər". 


Gecədir. Yağış yağır. 


Hekayə yazırıq. Hekayələr yazırıq. 


Hekayə yazıram. Hekayələr yazıram. 


Gecədir. Yağışlı gecə... 


Bu hekayələri oxuyun.