Nağıllar, hekayələr

Mircəlal. Anamın qeydləri

Martın yeddisində qayğıkeş kişilərin çoxuna hədiyyə mağazala­rında rast gəlmək olar. Axı, sabah 8 Mart Beynəlxalq Qadınlar Günü­ dür! Bu bayramı hökumət idarələri, təşkilatlar, qəzetlər qeyd edirlər. Necə ola bilər ki, bu ümumi bayramı hər kəs öz evində qeyd etməsin. Qadın olan evlərin hamısmda, qadm olmayan evlərin isə (belə evlər də vardır) çoxunda martın səkkizini qeyd edirlər.

 

Bizim evdə bu bayram hər il vaxtında, qayda ilə qeyd olunur. Qa­dın cinsindən təkcə bir anam var ki, mən onun xatirini, demək olar, ta­nıdığım qadınların hamısından çox istəyirəm. Bu bayramın adını da, dəsgahını da, onun adı ilə - ailəmizin bünövrəsi olan ağsaçlı qadının adı ilə bağlayırıq. Özündən soruşsan, o, heç belə bir bayramda mənim zəh­mətə düşməyimə, mağazaları gəzib hədiyyə almağıma razı olmaz. Ona görə yox ki, qadın bayramını əzizləmir, yox! O da bütün qadınlar kimi bu bayramın qədir-qiymətini yaxşıca bilir. Hələ yadımdadır, biz rayon­ da yaşayan zaman iclaslara həvəslə gedərdi. Klubda qadınlar yığınca­ğında tribunaya çıxıb ucadan nitq də deyərdi.

 

Əvvəllər bu bayram bizdə çox şənlik, şadyanalıqla keçərdi. İndi, mən bir az yaşa dolandan sonra anamın əlinə bir bəhanə düşüb. Evimiz­ də martın səkkizini bayram eləmək söhbəti gələndə qadın başlayır mə­ni danlamağa.

 

- Sən, - deyir, - əvvəl bir bu evə gəlin gətir, mən də arzu-kamala halal süd əmmişin qabağına çıxım, tədarükümü görüm. Sonra da belə gündə gəlinimizə mübarəkbadlıq eləyək. Bayram elə cavan gəlinlərə la­yiqdir. Yoxsa bu nədir, sən heç bir insanı bəyənib evlənmirsən, amma mənimlə oturub qadın bayramı keçirirsən.

Nə olsun belə! Məndən səvay qadın yoxdur?!


- Ay ana, qadın bayramı hər kəsin öz arvadının bayramı deyil ki,bu qadınlarımızın azadlığı, çadradan, mövhumatdan, ər zülmündən qurtuluş bayramıdır. Sən də ki azad olmuş qadınların əsl bir nümayəndəsisən.


- Mən istəyirəm, bu evdə ayrı bir nümayəndə də olsun.


- Olsa da eləsi olacaq ki, nə zülm görüb, nə çadra. Köhnə dünya­dan qalma kim olacaq.


- Deməli, sən mənə köhnədənqalma kimi, bir muzey adamı kimi baxırsan.


- Yox, mən sənə dünyagörmüş, zülmət dünyasından işıqlığa çı­xan, ona görə də bu ağ günlərin qədrini yaxşı bilən bir adam kimi baxı­ram.


Anam görür ki, mənə söz çatdıra bilməyəcək. "Başı xeyirli!" de­yib, ötüb keçir. Mən isə etirazına baxmadan anamın bayram hədiyyəsi­ni alıb gətirmişəm. Qoltuğumda ağ kağıza bükülü, qutuya bənzər hədiyyəni görəndə qadın marağını gizlədə bilmədi.

 

- Nədir o elə?


- Tap görüm nədir?


- Sənin hədiyyən, yəqin ki, şirinlik, konfet olacaq! - Konfet deyil.


- Tortdurmu?


- Elə şey deyil.


- İpək dəsmal-zad.


- Yox, tapa bilmədin.

 

Anam balaca gözlərini daha da kiçildərək, aldığıma baxdı: - Corabdır.


- Uzaqlaşdım.


- Bildim, qutuda tikiş məsəlahi gətirmişsən.

 

- Uzaqlaşdın, çox uzaqlaşdm, ana!

 

Mənim inkar cavablarım qadını daha da ciddiləşdirdi. O, diqqəti­ni toplayıb bir az da yaxma gəldi, əli ilə hədiyyəni yoxlamaq istədi.

 

- Bəs axı, nə olacaq bundan artıq, - dedi, - bəlkə xalan uşaqlarına oyuncaq maşından-zaddan almışsan.

 

- Ana, mən sənə, şəxsən sənə hədiyyə almışam. Uşağa yarayan şey deyil, hətta mənim özümə də lazım olmaz. Bu ancaq sənə lazım olan şeydir.

 

Qadını maraq götürdü. O gülümsər gözləri ilə mənim əlimdəki bağlamaya baxdı, mümkün hədiyyələrin hamısını bir-bir xəyalından ke­ çirtdi: "İlahi, təkcə mənə, mənim kimi bir qoca arvada gərək olan nədir, görəsən."

 

Birdən o, əlini yuxarı qaldırıb bərkdən dedi:


- Tapdım!


- Nədir!


- Lap tapmışam, odur ki var! Sən həna almışsan. Əcəb də eləmişsən, almışsan. Mənə ondan yaxşı hədiyyə olmaz, di bəri ver!

 

Mən güldüm, həna almağa söz verdim və inandırdım ki, bu hə­diyyə başqa şeydir.

 

Qadının sevinc və marağı təəccübə çevrildi:

 

- Adə, bəs nə ola bilər, nədir axı o?

 

Mən kağızı açıb içərisindən çıxartdığım göy cildli, böyük yaraşıqlı bir kitabı anama təqdim etdim:

 

- Ana, sənə kitab almışam, - dedim.

 

Anamın təbəssümü və təəccübü dərhal sönüb getdi. İndi onun üzündə vəziyyətini müəyyən etməkdə çətinlik çəkən bir adamın tərəd­ düdü vardı, indi o, mənim onunla zarafat etdiyimi, özümə aldığını bir kitab üçün ona minnət qoyduğumu güman edə bilərdi. Çünki anamda belə qalın kitabları oxumağa kifayət qədər savad yox idi.

 

Anam qollarını çarpazlayıb dedi:

 

- Elə kitablar mənim kəmsavadlığıma yaraşır!..


Qadında məyusluq hissinə imkan verməmək üçün əlavə etdim:


- Bilirsən nə kitabıdır? Xörək kitabı! Cürbəcür ləzzətli xörəkləri bi­şirmək qaydaları! Hər xörəyin məsalehi, adı, rəngi, şəkli, dadı, nədən və necə hazırlanmaq qaydaları...


Bu xəbər anamın sifətində maraq, sevinc əlamətlərinin yenidən doğmasına səbəb oldu. Mən bunu dedim, kitabın çiçək kimi yanan, əl­van şəkillərlə bəzəkli səhifələrindən birini açdım, qadına təqdim etdim:

 

- Buyur, bax!

 

Kitabda tamamilə yeni hazırlanmış, mağazalardan təzəcə satılan incə naxışlı, müxtəlif rəngli orijinal dəbli nimçələri, boşqabları, düşbərəxorları, buludları, tayqulpları görəndə anamın üzü yağışdan sonrakı yaz göyləri kimi açıldı.

 

- Bu nədir belə, - dedi, - qab-qacaq satan mağazanın işidir.


- Yox, xörək bişirmək qaydaları üçündür! Ləzzətli süfrə üçündür! Mən kitabı vərəqləyib cürbəcür xörəkləri göstərəndə anamı hey­rət götürmüşdü. O təəccüb dolu bir maraqla deyirdi:


- Buna bax, şəkərçörəyi, badambura... elə bil, bu saat kürədən çıxardıbsan! Meyvələrin düzülüşündəki sahmana bir baxırsanmı! Gör nə­ləri kitaba salırlar.


- Ana, bəs necə! Bizim adamlarımız üçün, dadlı, ətirli, yağlı xörək bişməsi ilə nazirliklər, trestlər, qəzetlər məşğul olur.


- Plov bişirməyi də yazıblar.


- Gör plovun neçə cürəsindən danışılır!


Mən həmin səhifələri vərəqləyib oxudum. Qovurmaplov, kişmişplov, döşəməplov, çəkməplov.


Qadının marağı daha da artdı.


- Bu yaşa gəlmişəm, xörək barəsində bu dəsgahda kitab görmə­mişəm, - dedi.


- İndi xörəyin öz dəsgahı da artıb axı! - deyə mən əlavə etdim. Kitabın şəkillərinə baxdıqca, izahları eşitdikcə anam vəcdə gəlir­di. Kitabı əlimdən alıb dizi üstünə qoyur, səhifələri göstərib soruşurdu: - Oxu görüm, burada nə yazır. Burasını oxu! Bir aşağı bax, görək!

 

Oxuduqlarımı hərfinə qədər elə diqqətlə dinləyirdi ki, deyərdin yazanların səhvini tutmaq istəyir. Qadın qələmi əlimdən alıb kəfgir ki­mi oynada-oynada danışırdı:

 

- Plovun, oğul, əsl plovun ayrı dəsgahı var! Düz yazır ki, məsale­hi çoxdur. Onun şüyüdünümü, zəfəranınımı, lavaşınımı deyim! Onun kömür üstündə dəm almasımmı, dəmkeşinimi, qazan ağzına vurulan xəmirimi deyim, cürbəcür xuruşlarınımı deyim. Hansını deyim!

 

- Ana, bunların hamısı kitabda yazılıb! Qadın mənim sözümü kəsdi:


- Gör plovun yanında nə yazıb.


- Necə yanında! Xuruşumu deyirsən.

 

- Yox, gör içməli nə var.

 

- İçmək hər kəsin öz işidir.

 

- Yox, plov yanında indi araq qoyurlar, amma qədimdə şərbət, ya ayran olardı - buz kimi!

 

- O hər kəsin öz işidir.


- Oxu görüm kişmişplovu necə hazırlayırlar.


Mən kitabın müəyyən səhifələrindən oxudum:


- "Təmizlənmiş, yuyulmuş, qabaqcadan isladılmış, ona görə şiş­miş kişmişi... ayrıca qazanda yağda qızardırsan..."


- Əşi, dəmə qoymaqdan nə yazır.


- Zəif odda, ağzı xəmirlənmiş qazanı..."


- Vay sənin! Deyən, bu kitab lap aşpaz əlindən çıxıb... Oxu! - "Küdüplov."

 

- O bir şey deyil. Plovu hörmətdən salan şeydir, öt! Mən xörəklər haqqında danışdıqca, anam təshih verirdi: - Kişmişə alma qatmaq düz deyil.


- Qazmaq lavaşdan da olar, yumurtadan da.


- Südlü plovu yadından çıxarıb!

 

- Bozbaşa petruşka tökmək düz deyil!..

 

Mən anama söz verdim ki, sənin qeydlərini kitab yazanlara çatdı­racağam.

 

Anam isə indi kitabı əlindən yerə qoymur. Hər gələnə oxudur, tə­zə-təzə şeylər hazırlayır. Məni də lap təngə gətirib:

 

- Bu kitab olan evə, - deyir, - gəlin gətirməmək lap nainsaflıqdır. Çünki necə naşı qız olsa, buraya baxıb götürəcək, hər cür xörək, hər cür səliqə öyrənəcək. Sən gəl daşı ətəyindən tök, ay oğul!