Nağıllar, hekayələr

Yuri Yarmış. Dovşanın nağıl kitabı

Biri var idi, biri yox idi, boz bir dovşan var idi. Günlərin bir günü dovşan meşədə bir kitab tapır. Dovşan kitabın səhifələrini bir-bir vərəqləyib içərisindəki rəsmlərə baxır, amma hərfləri bilmədiyinə görə oxuya bilmir!

 

- Kaş ki, qarşıma kitab oxuya bilən biri çıxsaydı! Yəqin kitabdakı hekayələr çox maraqlıdır!?”- deyə dovşan öz-özünə fikirləşir və kitabı qolunun altına alıb meşə boyu hərəkət edir.

 

Dovşan təzəcə bir-iki addım atmışdı ki, qarşısına tülkü çıxır:

 

- Salam, Çəpgöz. De görüm əlindəki nədir? – deyə tülkü soruşur.

 

- Bu bir nağıl kitabdır, tülkü lələ! Bax gör səhifələrində necə də gözəl rəsmlər var!  Zəhmət olmasa mənim üçün oxu, mən də dinləyim!

 

- Yaxşı, sən deyən olsun, çəpgöz! - tülkü razılaşır.

 

Tülkü bir kötüyün üstünə oturub kitabı açır və sətirlər boyu pəncələrini sürtüb oxumağa başlayır: “Biri vardı, biri yox, bir baba və nənə var idi. Onların Ryaba adlı toyuqları vardı. Toyuq hər gün dadlı yumurtalar yumurtlayır, amma toyuğun özü daha dadlı idi...”.

 

-Xeyr, Tülkü lələ! - dovşan tülkünün sözünü ağzında kəsir, - Sən düz  oxumursan! Burada Arıquşu, Tarla və Pişik balalarının rəsmi çəkilib!

 

-Hələ bax sən işə yaramaz bu dovşana!" - Tülkü inciyərək deyir – Əgər mənə inanmırsansa, sağ ikən qaç canını qurtar!

 

Tülkü kitabı yerə atır, dovşan kitabı yerdən qaldırıb tez oradan uzaqlaşır. Dovşan bir qədər getmişdi ki, qarşısına boz Canavar çıxır.

 

- Hər vaxtın xeyir, Canavar əmi! – Dovşan salam verib kitabı canavara uzadır.

 

- Çəpgöz! De görüm kitab mənim nəyimə lazımdır?

 

- Mənim üçün oxuya bilərsən? - Dovşan canavardan xahiş edir - Maraqlı nağıl kitabına bənzəyir!

 

- Nağıl? – deyə canavar soruşur– Maraqlı nağıldırsa oxumaq olar!

 

Canavar kitabı açıb gözlərinə yaxın tutur və başlayır qalın səslə oxumağa: “Bir vaxtlar nənənin boz keçisi var idi. Dadlı – dadlı.. Nənə keçini çox sevirdi. Çox, çox, çox sevirdi! Mən də çox sevirəm…”

 

Dovşan ilk başda canavarın nağılına qulaq asır, sonra kitaba baxır və təəccübdən ağzı açıq qalır:

 

- Canavar əmi, axı sən oxuya bilmirsən! Kitabdakı rəsmlər baş-ayaq durur!

 

- Nə-ə-ə!? - Canavar əsəbiləşir və kitabı kolların arasına atır.- Tez yox ol gözlərimin qarşısından, yoxsa dişlərimin arasına salacam səni! Hələ mənə oxuya bilmədiyimi deyir! Burda nə var ki? Bütün maraqlı nağıllar - dadlı quzular haqqındadır!

 

Yazıq Dovşan kitabını götürüb qorxudan başı alovlu elə sürətlə qaçır ki, meşədə göbələk yığan qızcığazın yanından necə keçdiyinin  fərqinə belə varmır.

 

-Sakit ol, Dovşan, sakit ol! - qızcığaz dovşanı tutub sığallayır – Axı səni kim qorxudub belə? .. Bəs bu kitab nədir? Nağıl kitabıdır? Doğrudan da, nağıl kitabdır. Həm də içərisində bir deyil , bir neçə nağıl var! Gəl birlikdə oxuyaq!

 

Bax beləcə, qızcığaz dovşana kitabda olan bütün nağılları oxuyur.

 

Bilmək istəyirsən hansı nağılları?: «Şən Arıquşu», «Meşə danışanları», «Yüngül Külək», «Gözəl Bulud», «Göy Gurultusu və İldırım», «Yaramaz pişik balası» və «Kirpi və bülbül». Onlara sən də qulaq as! Bacarırsansa oxu!