Nağıllar, hekayələr

Sevil Hüseynli. Bayrağım

Azərbaycanın müstəqilliyini dünyanın böyük dövlətləri tanıdı. Biz də, nəhayət, dünya xalqları içində müstəqil bir dövlət kimi öz layiqli yerimizi tutduq. Bu, böyük bayram idi. Mən indiyə kimi atamı belə şən, gülərüz görməmişdim. O mənə söz verdi ki, istədiyim hədiyyəni alacaq. Mən də bir bayraq almasını xahiş etdim. Atam mənə ay-ulduzlu, üçrəngli bir bayraq aldı.

 

Çoxdan bəri belə bir bayraq həvəsində idim. Harada onu görsəm, dayanıb baxırdım. Onun küləkdə dalğalanması, ay-ulduzu o qədər xoşuma gəlirdi ki, baxmaqla doymurdum. Bayram günlərində evləri, park və bağları, küçələri bəzəyən bayraqlarımız qəlbimdə fərəh, iftixar hissi doğururdu. Əsgərlər marş sədaları altında addımlayarkən onlara tərəf yüyürürdüm, gözlərimlə üçrəngli bayrağımızı arayıb tapırdım. Əsgər dəstəsi uzaqda gözdən itənə qədər bayrağa baxır, gözümü ondan çəkə bilmirdim.

 

Nəhayət, arzuma çatdım. İndi mənim də bayrağım var idi. Tez-tez onu oxşayır, üzümü ay-ulduzuna sürtür, dönə-dönə öpür, onunla danışırdım: “Sevimli bayrağım, kaş tez böyüyüb əsgər olaydım, səni başım üzərinə qaldırıb şanlı Vətənimizi xain düşmənlərdən qoruyaydım”.

 

Deyəsən, atam mənim bayraqla söhbətimi eşitmişdi. 28 May - Respublika Günü yetişəndə o mənə əsgər paltarı və oyuncaq silah da aldı. Sevincimin həddi-hüdudu yox idi. Tez əsgər paltarımı geyindim, tüfəngimi çiynimdən aşırdım, bayrağımı qaldırıb əsl əsgər kimi qışqırdım:

 

- Eheey, vətənimin, müstəqilliyimin düşmənləri! Nə qədər ki bu bayraq əlimdədir, heç biriniz vətənimə soxula bilməzsiniz.