Nağıllar, hekayələr

Rafiq Ələkbəroğlu. Ən böyük xəzinə

Qədim dövrlərdə bir müdrik qadın yaşayırdı. Onun bircə oğlu var idi. Bir gün ölümünün yaxınlaşdığını hiss edən ana oğlunu yanına çağırdı və dedi:

 

- Çox çətin günlər yaşadıq, çünki çox yoxsul idik. Ancaq mən sənə bir kitab qoyub gedirəm. İçində böyük bir xəzinəni tapmaq üçün lazım olan hər cür məlumat var. Onu sənə əmanət edirəm.

 

Az keçməmiş ana dünyasını dəyişdi. Onu dəfn etdikdən sonra oğlu kitabı oxumağa başladı. Kitabın əvvəlində bu sözlər yazılmışdı: “Xəzinəni tapmaq üçün kitabı əvvəldən axıra kimi oxumalısınız. Əgər əvvəlini oxumamış axırına keçmək istəsəniz, xəzinəni birdəfəlik itirəcəksiniz”.

 

Bu sözlərdən sonra kitabda uzaq bir ölkədəki xəzinədən bəhs edilirdi. İlk səhifələrdəki farsca mətn bir qədər sonra ərəbcə davam edirdi. Artıq özünü dünyanın ən varlı adamı hesab edən gənc başqaları bu sirri bilməsinlər deyə kitabı tərcümə etdirmək istəmədi. Buna görə də böyük bir həvəslə fars və ərəb dillərini öyrənməyə başladı. Bu dilləri öyrəndikdən sonra kitabı yenidən oxumağa başladı, ancaq bir qədər sonra kitabdakı yazılar hind dilində davam edirdi. Daha sonra başqa dillər gəldi. Gənc isə xəzinənin sirrini başqasına vermək istəmir və böyük bir səbirlə bütün bu dilləri öyrənirdi.

 

Artıq bir neçə dil bilən gənc çörəkpulu qazanmaq üçün tərcüməçiliyə başladı. Daha sonra kitabda xəzinənin necə idarə olunmasından bəhs edilirdi. Beləliklə, gənc iqtisadiyyatı və ticarəti də öyrəndi. Sonrakı səhifələrdə isə qiymətli daşlardan söhbət gedirdi. Kitabın bu hissəsini diqqətlə oxuduqdan sonra gənc zərgərlik sənətinin sirlərinə bələd oldu. Öyrəndiklərindən istifadə edərək o, başqa ölkələrlə daş-qaş ticarətinə başladı və ölkənin ən varlı adamlarından birinə çevrildi. Lakin gənc oğlan kitabı oxumağa davam edir, xəzinənin yerini öyrənməyə çalışırdı.

 

Gəncin şöhrəti bütün ölkəyə yayıldı. Padşah onunla görüşmək istədi. Söhbət zamanı gəncin ağlına heyran qalan hökmdar onu böyük bir şəhərin valisi təyin etdi. Şəhəri idarə edə-edə gənc kitabı da hey oxuyurdu. Kitabın 2-ci hissəsində təbiətdən, səma cisimlərindən, texniki məsələlərdən söhbət açılırdı. Bu hissəni oxuduqca gənc oğlan tikintini, gəmiçiliyi, astronomiyanı, əkinçiliyi öyrəndi. Bu biliklər ona şəhəri daha yaxşı idarə etməkdə kömək edirdi. Çox keçmədi ki, onun şəhəri ölkənin ən zəngin şəhərinə çevrildi.

 

Padşah artıq qocalmışdı. Öz yerinə bacarıqlı və sadiq bir adam axtarırdı. Günlərin bir günü padşah gənci yanına çağırıb onu özünə baş vəzir təyin etdi.

 

Ağıllı və bilikli gənc bu işin öhdəsindən məharətlə gəlirdi. Eyni zamanda kitabı da yaddan çıxarmır, onu oxuyub qurtarmağa tələsirdi. Artıq son səhifəyə çatmışdı. Gənc əlləri əsə-əsə son səhifəni çevirdi. Orada bircə cümlə yazılmışdı...