Nağıllar, hekayələr

Rafiq Ələkbəroğlu. Hərənin öz imzası

Bu, adi bir supermarket idi nə böyük, nə də kiçik. Müştəriləri o qədər də çox deyildi. Buraya gələnlər, əsasən, ətraf binaların sakinləri idi. Üç ay əvvəl həmin küçədən iki tin yuxarıda daha iri supermarket açıldıqdan sonra burada alış-veriş xeyli zəifləmişdi. İş o həddə çatmışdı ki, satıcılar günün çox hissəsini bir-biri ilə söhbət etməklə keçirirdilər. Şayiə gəzirdi ki, yaxınlarda supermarket bağlanacaq. Lakin günlərin bir günü supermarketə yeni müdir təyin olundu və tez bir zamanda hər şey dəyişdi.

 

Həsən müəllim müdir təyin olunan günün səhəri supermarketdə divara lövhə vuruldu:

 

“Müştərilərə hörmət və qayğı ilə yanaşın. Sizə maaş verən onlardır”.

 

Həmin gün axşam Həsən müəllim bütün işçiləri iclasa yığdı. Əvvəlcə o hamı ilə tanış oldu. Söhbət zamanı hər kəsə öz adı ilə müraciət etməsi işçiləri çox təəccübləndirdi. Bu qədər adamın adını ilk dəfədən yadda saxlaması istər-istəməz yeni müdirə qarşı rəğbət hissi yaratdı.

 

Həsən müəllim işçilərə dedi:

 

– Çalışın, marketimizə gələn insanlarla ünsiyyətdə alıcı-satıcı münasibətlərindən bir qədər kənara çıxasınız. Siz bu insanları, demək olar, hər gün görürsünüz. Onların da, yəqin ki, bir xoş sözə, səmimi təbəssümə ehtiyacı var. Hər bir işdə uğur gətirən əsas amillərdən biri də yaradıcı yanaşmadır. Hər bir şəxs öz işini Səttar Bəhlulzadənin şəkil çəkdiyi, Üzeyir bəyin musiqi bəstələdiyi, ya da Füzulinin şeir yazdığı kimi yerinə yetirməlidir.

 

Bu zaman cavan bir oğlan əlini qaldırıb söz istədi. Bu, supermarketdə şən və zarafatcıl adam kimi tanınmış Səlim idi. O ayağa qalxıb dedi:

 

– Həsən müəllim, mənim işim kassanın yanında dayanıb müştərilərin aldığı malı torbalara doldurmaqdır. Deyə bilərsinizmi, mən bu işi yaradıcı şəkildə necə görə bilərəm?

 

Həsən müəllim gülümsündü:

 

– İclasdan sonra qalın, bir şey fikirləşərik.

 

Səlim iclasdan sonra Həsən müəllimə yaxınlaşdı. Maraq dolu nəzərlərlə ona baxdı. Həsən müəllim soruşdu:

 

– Sən, deyəsən, tələbəsən?

 

– Bəli, qiyabi oxuyuram.

 

– Yəqin ki, evdə kompüterin var?

 

– Əlbəttə.

 

Həsən müəllim ayağa qalxıb kitab rəfinə yaxınlaşdı. Qalın bir kitabı götürüb Səlimə uzatdı:

 

– Bu, aforizmlər kitabıdır. Xoşuna gələn aforizmləri seç, kompüterə köçür. Sonra onları çap elə. Hər müştərinin torbasına bir aforizm qoy. Yadında saxla: işə yaradıcı yanaşma ona öz imzanı atmaq deməkdir.

 

...Bir həftə keçdi.

 

Həsən müəllim supermarketi gəzir, satıcılara göz qoyurdu. Ət şöbəsinin yanından keçəndə satıcı ilə alıcının söhbətini eşitdi:

 

– Zərifə xanım, bu gün xüsusilə gözəl görünürsünüz. Elə bil arıqlamısınız.

 

– Doğrudan? – şişman qadın sevinclə soruşdu.

 

Həsən müəllim gül şöbəsinə yaxınlaşdı. Burada işləyən iki qız saplağı qırılmış gülləri bir qaba yığırdı.

 

– Qızlar, bunları nə edirsiniz? Birdən satarsınız ha!

 

– Yox, Həsən müəllim. Bunları müştərilərin uşaqlarının yaxalarına taxırıq. Elə sevinirlər ki!

 

Bu zaman başqa bir işçi müdirə yaxınlaşdı:

 

– Həsən müəllim, qonşu binada bir qoca yaşayır. Heç kimi yoxdur. Neçə gündür ki, xəstədir. İcazə verin, onun ərzağını evinə çatdırım. Pulunu gətirib kassaya ödəyərəm.

 

– Əlbəttə, qızım, xeyirxah iş görmüş olarsan.

 

Bu zaman kassada işləyən qızlardan birinin səsi gəldi:

 

– Xahiş edirəm, o biri kassaya keçin. Axı orada növbə yoxdur.

 

Buna cavab olaraq növbədə duranlardan biri dilləndi:

 

– Kim istəyirsə, keçsin. Mən Səlimin kəlamlarından almaq istəyirəm.

 

Həsən müəllim razı halda kabinetinə sarı yollandı: “Hərənin öz imzası var. Deməli, hər şey öz qaydasındadır...”