Nağıllar, hekayələr

Rafiq Ələkbəroğlu. Avtomobil

“Avtomobil” sözü autos (yun. “özü”, “müstəqil”) və mobile (lat. “hərəkət edən”) sözlərinin birləşməsindən yaranıb. Özü hərəkət edən araba düzəltmək insanların çoxdankı arzusu olub. Onlar gah pedal düzəldib onun vasitəsilə təkərləri fırladır, gah da arabaya yelkən taxırdılar. Maraqlıdır ki, bir çox xalqlar avomobilə, sadəcə, “araba” deyirlər (türk. “araba”, ing. “car”, ital. “vettura”, frans. “vuatyur”).

 

XVII əsrdə buxar mühərriki ixtira edildi. Bu mühərrik buxarın yaratdığı təzyiq hesabına işləyirdi: qazanda su qaynadılır, bu zaman yaranan güclü buxar mühərrikə ötürülürdü və beləliklə, mexanizm hərəkətə gəlirdi.

 

Bu ixtiradan sonra arabaya at əvəzinə buxar maşını qoşmağı qərara aldılar. Bu arabanı “lokomobil” (yerdə hərəkət edən araba) adlandırdılar. Bir anlığa təsəvvür edin: araba küçədə hərəkət edir, onun qabağına mis qazan bağlanıb, arxasındakı skamyada isə sürücü oturub sükanı fırladır. Araba bir qədər gedəndən sonra dayanır. Çünki qazanda su soyuyub və buxar qurtarıb. Deməli, sürücü arabadan düşüb ocağı yandırmalıdır ki, qazanda su qaynasın, buxar alınsın və maşın yenidən hərəkətə gəlsin. Elə buna görə də sürücünü fransızca “şofer” adlandırmışlar. Tərcümədə bu söz “ocaqçı” mənasını verir.

 

İngiltərədə isə buxar maşınını örtülü arabaya qoşaraq sərnişin daşımağa başladılar. Qoşquda bir nəfər oturub daim ocaq qalayırdı ki, qazandakı suyu soyumağa qoymasın. Artıq yollarda bacasından tüstü çıxan buxar avtobuslarına tez-tez rast gəlmək olurdu. Bu avtobuslarda yol getmək qorxulu, həm də təhlükəli idi, çünki qazan partlaya bilərdi.

 

İxtiraçılar daha yüngül və rahat mühərrik yaratmaq haqqında düşünürdülər. İlk belə yüngül mühərriki belçikalı mühəndis Lenuar düzəltdi. Onun yaratdığı mühərrikdə silindrin içərisindəki porşen yanan qazın yaratdığı təzyiq nəticəsində hərəkət edirdi. Lenuar bu mühərriki “daxiliyanma mühərriki” adlandırdı.

 

Lakin “atsız araba” ixtiraçıları kimi tarixin yaddaşında başqa adlar qalmışdır: Karl Bens ilə Qotlib Daymler. Onlar ixtiraçıya vacib olan hər şeyi etdilər: ixtiranın ideyasını fikirləşib tapdılar, onun ilk nümunəsini yaratdılar, ixtiranı patentləşdirdilər və onu istehsalata tətbiq etdilər.

 

Alman mexaniki Karl Bens XIX əsrin 80-ci illərində benzinlə işləyəndaxi liyanma mühərrikini ixtira etmişdi. Bens bu mühərriki üçtəkərli bir karetə bərkitdi. Beləliklə, 1885-ci ildə saatda 16 km sürətlə hərəkət edən avtomobil sınaqdan keçirildi.

 

Həmin ildə alman mühəndisi Qotlib Daymler də benzinlə işləyən, yüngül və sürətli bir mühərrik ixtira etdi. Bu mühərrik taxta bir velosiped üzərinə qoyuldu və nəticədə ilk motosikl ixtira olundu. 1889-cu ildə Daymler ilk dördtəkərli avtomobili düzəltdi. Bu avtomobilin təkərləri xüsusi mexanizm ilə hərəkətə gətirilirdi.

 

Daymler “Daymler motor kompani” şirkətini yaratdı. Bu şirkətin buraxdığı avtomobillər “Mersedes” adlandırıldı.

 

Bəs nəyə görə “Mersedes”?

 

Emil Yellinek adlı bir avtomobil həvəskarı “Daymler” maşınında ilk avtomobil yarışında qalib gəldi. Bundan sonra o, “Daymler” zavoduna 36 ədəd avtomobil sifariş etdi. Razılaşmaya əsasən, zavodun buraxdığı avtomobillərə “Mersedes” adı verildi. Mersedes Emil Yellinekin qızı idi. O zaman Mersedesin 10 yaşı var idi.

 

Sonralar Daymlerin şirkəti Bensin şirkəti ilə birləşdi. Məşhur “Mersedes-Bens” avtomobil şirkəti belə yarandı.

 

XX əsrin əvvəllərində avtomobillər çox baha idi. ABŞ-ın Miçiqan ştatında, fermer ailəsində dünyaya göz açmış Henri Ford başa düşürdü ki, avtomobilin qiymətini ucuzlaşdırmaqla ona olan tələbatı kəskin şəkildə artırmaq mümkündür. 1903-cü ildə o, “Ford motor” adlı şirkət təsis etdi. Ford ilk dəfə olaraq avtomobillərin düzəldilməsində konveyer üsulunu tətbiq etdi. Beləliklə, “Ford” avtomobilinin kütləvi istehsalına başlanıldı. Ford öz zavodunda hər gün 1000 ədəd avtomobilin yığılmasına nail oldu.

 

Bir neçə ildən sonra Bakı yollarında görünən ilk avtomobil də “Ford” oldu. Onu şəhərə neft milyonçusu Hacı Zeynalabdin Tağıyev gətizdirmişdi.