Nağıllar, hekayələr

Elçin Cabbarov. Pişik və gəlincik

Şəhərin ucqar küçəsində bir qonur pişik yaşayırdı. O, yaşıl bir bağçada hasarın dibində özünə evcik tikmişdi.

 

Bir gün pişik küçədə gəzərkən bir gəlincik tapdı. Onu dişinə alıb evciyinə apardı.

 

Ertəsi gün pişik gördü ki, qonşuluqda yaşayan qızcığaz nə isə axtarır. Anası isə deyirdi:

 

-Gedək, qızım, təzəsini alarıq.

 

-Yox! Mən öz gəlinciyimi istəyirəm,-deyə qız ağlayırdı.

 

Onda itirməzdin. Öz günahındır.


Pişik evciyinə gəldi. Gəlinciyə baxıb öz-özünə dedi: "Anası düz deyir də, gərək itirməzdi. İndi o mənim gəlinciyimdir". Amma sonra nə fikirləşdisə, gəlinciyi dişinə alıb qızgilə gəldi.

 

Gəlinciyini görən qız çox sevindi. O, pişiyi evə saldı, ona nimçədə süd verdi. Gəlinciyini bağrına basdı. Onlar xeyli oynadılar.

 

Axşam pişik evciyinə gedəndə bilirdi ki, sabah qız onu səbirsizliklə gözləyəcək. Çünki gəlincik onları ayrılmaz dostlara çevirmişdi.