Nağıllar, hekayələr

Zahid Xəlil. Qabağa qaçan kirşə

Oğlan ayaqlarına kirşə geyinib sürüşürdü. Kirşələr qarın üstündə bir cüt ağ cızıq qoyub gedirdilər. Kirşələrdən biri dedi:


—Əlbəttə, mən səndən yaxşı sürüşürəm.

 

Mən bilən ikimiz də yaxşı sürüşürük, o birisi cavab verdi.


—Yox, yox, mən səndən xeyli yaxşı gedirəm. İstəsəm ümumiyyətlə səni arxada qoyub çıxıb gedirəm. Doğrusunu deyim ki, mənim belə bir planım var. Səninlə bir yerdə nə qədər sürüşmək olar. Sən sürüşmürsən, tısbağa kimi sürünürsən.


—Nahaq belə danışırsan, ikimiz də bir sürüşürük, —sol ayağa geyilən kirşə cavab verdi. — Bir az insafla danışsan nə olar?


—Sən mənə insafsız deyirsən? — sağ ayağa geyilən kirşə hirsləndi. — Salamat qal, mən daha səni gözləmək istəmirəm. Bu sözləri deyib sağ ayağa geyilən kirşə irəli atıldı.


Sol ayağa geyilən kirşə isə ondan incidiyi üçün dayanırdı ki, o çıxıb getsin. Bu zaman qəribə bir iş oldu. Ayağına kirşə geyinmiş oğlan arxası üstə qarın üstünə yıxıldı. Sağ ayaqdakı kirşə havaya qalxdı və elə göydə iken dedi:


—Sənin acığına mən uçmaq istəyirəm. Bəli, bəli, özüm beləcə uçuram ki, bəzi-bəzi kirşələr mənə həsəd aparsın. Oğlan hirsləndi, onların hər ikisini ayağından çıxanb atdı.


Amma o kirşə başa düşmədi ki, həyatda heç də həmişə irəli atılmaq adama xeyir gətirmir. Əgər onlar qoşa getsəydilər, yəqin ki, hələ də xoşbəxt-xoşbəxt sürüşürdülər.