Nağıllar, hekayələr

Maralın etibarı

Kənddə bir inəyimiz vardı. Onun adı Maral idi. Bu adı ona nənəm vermişdi. Maral nənəmin sevimlisi idi. Doğrusu, o elə hamımızın sevimlisi idi. Axı o bizim gözümüzün qarşısında böyümüşdü.

 

Yadımdadır, yay tətilində kənddə olanda hamımız balaca Maralın başına yığışardıq. Kimi onu sığallayar, kimi ot, su, kimi də əlindəki meyvəni və ya çörəyi ona verərdi. Balaca Maral bizim qayğımızdan xoşallanardı. Başını əlimizə, üzümüzə söykəyərdi.

 

Biz uzaqda olanda isə tez-tez mələyər, sanki, bizi yanına çağırardı. Amma o hamıdan çox nənəmə öyrəşmişdi. Axı nənəm onun yanında bizdən çox olurdu.

 

İllər keçdi. Maral böyüdü. Gözəl bir inək oldu. Biz kəndə gedəndə Maralın nənəmə olan məhəbbətini seyr etməkdən həzz alardıq.

 

Hər axşam darvazanın qabağında Maralın örüşdən qayıtmasını gözləyərdik. Maral darvazanın qabağında nənəmi görən kimi yerişini sürətləndirər və bir neçə dəfə mələyərdi. Maral, elə bil, bununla öz sevimli sahibinisalamlayırdı. İnək nənəmə yaxınlaşanda nənəm əllərini ona tərəf uzadar, belinə, başına sığal çəkərdi. Maral da nənəmin əllərini yalayar, üzünü onun əllərinə sürtərdi.

 

Bir dəfə yayda nənəm bərk xəstələndi. Atam onu həkimə göstərmək üçün Bakıya apardı. Maral bizim ümidimizə qaldı. Biz yenə də axşamlar darvazanın qabağında Maralı gözləyirdik. Ancaq Maral səsini çıxarmır, sual dolu gözləri ilə üzümüzə baxır, sonra da başını salıb həvəssiz həyətə keçirdi. Hətta bir dəfə bibim onu bağlamaq istəyəndə Maral dartındı və bibimi vurmaq istədi. Mən əlimdəki ağacla onu vurdum. İnək divara qısıldı və kinli gözləri ilə mənə baxdı. Elə bil, nənəmə şikayət edəcəyi ilə məni hədələdi.

 

On gündən sonra nənəm Bakıdan qayıtdı. Axşam, adəti üzrə, o, darvazanın qabağına çıxdı. Körpüdən enəndə Maral nənəmi gördü. İnək böyürə-böyürə nənəmin üstünə qaçırdı. Onun səsinə bütün qonşular küçəyə çıxdılar. Hamı bu qeyri-adi mənzərəyə maraqla tamaşa edirdi. Maral nənəmin qabağında dayandı. O, nənəmin əllərini yalayır, paltarlarını iyləyir, başını onun qoynunda, qucağında gizlətmək istəyirdi. Maralın gözlərindən yaş axırdı. Nənəm də ağlayırdı. Bu hadisədən hamı təsirlənmişdi. Hamımızın gözlərimiz yaşarmışdı. Maralın etibarını görəndə mən öz hərəkətimdən peşman oldum. O vaxtdan mən bu hadisəni unuda bilmirəm.