Süleyman Sani Axundov. Tağı əmidən öyrəndiklərim
Mən əvvəllərdə quşların adlarını, növlərini, yaşayışlarını, xasiyyətlərini bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə kimi görünən quşu mənə göstərərək deyərdi:
- Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır.
- Tağı əmi, o yuxarıda quş yoxdur. O, nəyi ov edəcəkdir? - deyə soruşduqda:
- Onun ovu yerdədir. Alıcı quşların gözləri çox iti olar. Onlar yerdə siçan kimi xırda bir heyvanın hərəkət etməyini görərlər. İndi o qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. Sonra bir uca dağın başında oturub yeyəcəkdir, - deyə Tağı əmi mənə cavab verərdi.
Mən qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş, sar kimi ətyeyən vəhşi quşları Tağı əminin vasitəsilə tanıdım. Alacəhrə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan bağ quşlarını təbiətin özündə gördüm. Turac, qırqovul, kəklik, çil bildirçin kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsilə gördüm, öyrəndim. Onun müəllimlik vəzifəsi bir bunlarla bitmirdi. Ətrafımızda gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də ondan öyrəndim.
26.10.2022