Nağıllar, hekayələr

Eston nağılı. Xeyirxah odunçu

Bir gün bir odunçu meşəyə yollandı. Odunçu necə olar ki? Nahar çantası çiynində, baltası belində. Meşə də elə həmin meşə: ağaclar, yamyaşıl otlar yerində, cürbəcür quşları göyündə. Ətrindən, təmiz havasından bihuş olur, talasında dincəlirsən...

 

Qərəz, bu odunçu o meşəyə gəldi. Sağa-sola boylanıb hər şeyi yerində gördü və sizcə, neylədi? Üz-göz turşutmayın, – odunçu neyləyəsidi, əlbəttə, odun qırasıdı!..

 

Demək, odunçu bir də baxdı ki, qarşısında bir tozağacı var. Elə baltasını yuxarı qaldırmaq istəyəndə tozağacı dil açıb dedi:

 

– Mənə rəhmin gəlsin. Cavanam, körpə balalarım var. Ölsəm, nə günə qalarlar?

 

Odunçu tozağacının dil açıb danışmağına məəttəl qaldı. Fikirləşdi ki, yəqin, bu, sehrli ağacdı, kəsərəm ziyan görərəm.

 

Odunçu tozağacına dəymədi. Yaxınlaşıb ondan bir az aralıdakı qızılağacı kəsmək istədi. Qızılağac gözünün yaşını axıda-axıda dedi:

 

– Mənim nə günahım var? Görürsən ki, südümlə kiçik meşə cücülərini bəsləyirəm. Onlar bir gün də ac yaşamazlar.

 

Odunçu qızılağacın da dil açıb danışmağına mat qaldı. Fikirləşdi ki, yəqin, sehrli meşəyə gəlib çıxıb.

 

Odunçu qızılağaca da dəymədi. Yaxınlıqdakı gilas ağacına üz tutdu. Elə baltasını qaldırmaq istəyəndə gilas ağacı yalvarmağa başladı:

 

– Təzəcə çiçək açmışam. Bu çiçəklərin həvəsinə quşlar budaqlarıma qonub nəğmə oxuyurlar. Məni kəssən, uçub gedəcəklər. Meşədəkilər bir də onların gözəl nəğmələrini eşitməyəcəklər.

 

Odunçu gilas ağacına da dəymədi. Yaxınlaşıb quşarmudu ağacını kəsmək istədi. Təhlükəni duyan quşarmudu ağacı haray-həşir qaldırdı:

 

– Dayan, əl saxla! Payızda, qışda quşlar mənim meyvələrimlə dolanırlar. Onları acından qırmaqmı istəyirsən?

 

Odunçu quşarmudu ağacına da dəymədi. Yaxınlaşıb, palıd ağacını kəsmək istədi. Palıd ağacı baltanı görən kimi qorxudan tir-tir əsdi:

 

– Mənə yazığın gəlsin. İndi-indi güclənirəm. Heç qozalarım yetişməyib. Onları məhv eləsən, palıd meşəsinin kökü kəsilər.

 

Bunu eşidən odunçu palıd ağacına da dəymədi. Yaxınlaşıb şam ağacını kəsmək istədi. Şam ağacı baltanı görəndə zülüm-zülüm ağladı:

 

– Mənə necə qıyırsan? İnsanlar bütün fəsillərdə yaşıllığımdan zövq alırlar.

 

Odunçu şam ağacına da dəymədi. Axırda bir daşın üstündə oturub öz-özünə dedi: “Pah, həyatda nə cür möcüzələr varmış. Sən demə, bütün ağaclar danışa bilirmiş. Hansını kəsmək istəyirəm, gözyaşı tökür, imdad diləyir. Mənim də ürəyim daşdan deyil ki... O saat yumşalıram. Amma evə əliboş da gedə bilmərəm. Arvad nə deyər?”..

 

Elə bu vaxt meşənin qalınlığından əyninə qoz ağacının qabığından köynək, küknar qabığından kürk geymiş, başına göbələk papaq qoymuş saçsaqqalı ağ bir qoca çıxdı. Qoca odunçudan soruşdu:

 

– Nə olub? Niyə dilxorsan?

 

Odunçu dedi:

 

– Dilxor olmayım, neyləyim? Gəldim ki, odun qırım, aparım bazarda satım, uşaqlara pal-paltar, azuqə alım. Ağacların hamısı dil açdı, rəhm dilədi. Heç birini kəsə bilmədim.

 

Qoca odunçunu xeyirxah nəzərlərlə süzüb dedi:

 

– Mən bu meşədəki canlıların atasıyam. Çox sağ ol ki, rəhmə gəlib övladlarıma dəyməmisən. Bunun əvəzində səni xoşbəxt edərəm.

 

Sonra qoca odunçuya bir sehrli çubuq verib dedi:

 

– Bunu göz bəbəyin kimi qoru. Nə arzulasan, övladlarım yerinə yetirəcək. Amma gərək sən də kömək edəsən, işsiz-gücsüz durmayasan, yoxsa çubuğun sehri azalar...

 

Qoca bunu deyən kimi yox oldu. Odunçu sehrli çubuğu götürüb evə gəldi. Həyətdəki köhnə anbarı görəndə ürəyindən keçdi ki, onu təzələsin. Sehrli çubuğu qarışqa yuvasının üstündə üç dəfə fırladıb dedi:

– Mənə həyətdə təzə anbar tikin!

 

Qolunu çırmayıb özü də işə başladı. Bir də gördü ki, həyətdə təzə anbar tikilib. Sevindiyindən bilmədi neyləsin. Sən demə, qocanın söylədikləri doğru imiş...

 

Hə... O gündən odunçu artıq yemək dərdi çəkmədi – nə istədi, bir göz qırpımında soba bişirdi. Xətrindən şirin şey keçdi – arıların topladığı ətirli bal süfrədə hazır oldu. Hələ bu harasıdı – hörümçəklər parçasını toxudu, köstəbəklər yerini şumladı, qarışqalar payızda məhsulunu yığdı. Amma bir şey var ki, gərək işi özü başlaya, işdən əlini soyutmayaydı...

 

...Sehrli çubuğun sahibi həm çox, həm də firavan yaşadı, çünki heç vaxt artıqtamahlıq eləmədi, yaşamaq üçün nə lazımdırsa, onu arzuladı. O, ölümündən qabaq övladlarını başına yığdı, qocanın əmanətini – sehrli çubuğu onlara verib, vəsiyyət etdi ki, gözütox olun, həddinizi aşmayın, həmişə bir əliniz işdə olsun. Yoxsa çubuğun sehri azalar, xoşbəxtliyiniz bədbəxtliyə çevrilər...