Nağıllar, hekayələr

Gülzar İbrahimova. Əsl dost

Vasif və Leyla dostluq edirdilər. Onlar bir sinifdə oxuyur və bir həyətdə yaşayırdılar. Çox vaxt dərslərinə birgə hazırlaşır, gəzməyə də bir gedirdilər.

 

Yay tətili idi. Bir gün Leyla Vasifə dedi:

 

- Vasif, mənim əmim sirkdə işləyir. Akrobatika üzrə məşqçidir. Bu gün məni də özü ilə sirkə - məşqə baxmağa aparacaq. İstəyirsən, bir yerdə gedək.

 

Vasif sevindi:

 

- Bu lap yaxşı olar. Mən sirki çox sevirəm.

 

Onlar Mərdan əmiyə qoşulub sirkə getdilər.

 

Sirk elə böyük və möhtəşəm idi ki! Məşqin başlanmasına yarım saat qalmışdı. Uşaqlar sirk meydançasından çıxıb pərdə arxasına keçdilər.


Buradakı qəfəslərdə müxtəlif heyvanlar var idi. Dostlar maraqla onlara baxırdılar. Vasifin başı heyvanlara qarışmışdı. Birdə baxdı ki, Leyla yanında yoxdur. Yenidən sirk meydançasına qayıdan Vasif burada dəhşətli bir səhnənin şahidi oldu. Böyük qonur ayı iri pəncələri ilə Leylanı tutub dəyirmi stolun üstünə çıxmışdı. O, bərkdən nərildəyirdi, yazıq qızcığazın isə heç səsi də çıxmırdı. Elə bil qorxudan dili tutulmuşdu. İşin tərsliyindən ətrafda heç kim yox idi.

 

Vasif var gücü ilə: “Mərdan əmi!” - deyə çığırdı. Amma Mərdan əmidən səs-soraq yox idi. Ayı isə Leylanı daha da yuxarı qaldırır, sanki onu yerə çırpmağa hazırlaşırdı.

 

Nəhayət, Vasif cəsarətini toplayıb ayının çıxdığı stola yaxınlaşdı. Var gücü ilə stolun bir tərəfindən yapışıb qaldırdı. Ayı sürüşüb yerə yıxıldı, Leylanı əlindən buraxdı. Vasif Leylaya tərəf qaçıb onu ayıdan uzaqlaşdırmaq istəyəndə qız təəccüblə dostunun üzünə baxıb:

 

- Sən nə edirsən? - dedi.

 

Bu vaxt qəribə bir hadisə baş verdi. Ayı: “Vay, belim!” - deyə qışqırdı. Bu, Mərdan əminin səsi idi. Sən demə, o, ayı “paltarı” geyinib qardaşı qızını bir qədər əyləndirmək istəyirmiş. O gözləmirdi ki, Vasif onu əsl ayı ilə səhv salar.

 

Səs-küyü eşidib gələn sirk ustaları məsələnin nə yerdə olduğunu biləndə gülüşdülər.

 

Leyla da onlara qoşuldu. Vasif isə özünü itirmişdi, bilmirdi, gülsün, yoxsa Mərdan əmidən üzr istəsin.

 

Bu zaman Mərdan əmi ayağa qalxdı. Leyla ilə birgə Vasifə yaxınlaşdı, onun əlini sıxıb:

 

-Afərin, Vasif! - dedi və üzünü Leylaya tutdu. - Qızım, Vasif əsl dostdur. Onunla kəşfiyyata da getmək olar.