Nağıllar, hekayələr

Gülarə Xudiyeva. Xeyirxah Əli

Cümə günü idi. Məktəbdə dərsin qurtarmağına az qalmışdı. Hamı evə getməyə tələsirdi. Zəng vurular-vurulmaz şagirdlər dəftər və kitablarını çantalarına qoyub sinifdən çıxmağa başladılar. Yalnız Əli tələsmirdi. Əksinə, yubanmağa çalışırdı. Buna görə zəng vurulduqdan sonra da yerindən qalxmır, ağır-ağır əşyalarını yığırdı. Əli bir tərəfdən gözucu müəlliminə baxır, bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi.

 

Müəllimi onun bu halını hiss etdi:


- Əli, mənimlə işin var?


Əli son yoldaşının da çıxdığını görüncə cavab verdi:


- Sizinlə danışmaq istəyirdim, müəllim.


-Yaxşı, buyur.


- Sinfimizdəki Əhməd haqqında danışmaq istəyirəm.


- Nə olub ki Əhmədə?


- Fikir vermişəm, çox vaxt yeməyi olmur. Deyəsən, ailənin vəziyyəti yaxşı deyil. Ona kömək etmək istəyirəm. Amma o məndən pul almağı özünə sığışdırmaz. Siz isə bir bəhanə tapıb verə bilərsiniz.

 

Bunu deyib Əli cibindən qəpiklər çıxardı və müəllimin masasının üzərinə qoydu.

 

Müəllim Əlinin məqsədini başa düşdü, amma pula toxunmadı. O bilirdi ki, Əlinin də ailəsi zəngin deyil. Bu çalışqan, sevimli şagirdinin nə qədər böyük, xeyirxah ürəyi varmış! Allah bilir, anasının ona yemək üçün verdiyi puldan qənaət edib sinif yoldaşına yardım etmək istəyir. Hələ üstəlik, kömək etdiyinin bilinməsini də istəmir.

 

Müəllim:

 

- Qoy bir düşünək, götür-qoy edək, Əli, - dedi. - Bildiyimə görə, sizin də maddi vəziyyətiniz yaxşı deyil. Üstəlik, atan da xəstədir. Elə deyilmi?

 

- Doğrudur, müəllim. Bir müddət xəstəxanada yatası oldu. Amma indi, şükür Allaha, yaxşıdır.

 

Müəllim dinməz dayanıb düşündü. Bu cür təmiz niyyət qarşısında deməyə söz tapmırdı. Əlinin nəcib hərəkətini bəyənirdi, amma bu böyük ürəkli kiçik uşaqın da vəziyyətini düşünürdü. Onu bu fikrindən daşındırmaq üçün bir bəhanə tapmalı idi. Digər tərəfdən, sevimli şagirdinin hisslərini başa düşüb onun ürəyini sındırmaq da istəmirdi.

 

Bir qədər düşünəndən sonra üzünü Əliyə tutub soruşdu:

 

- Böyüyəndə nəçi olmaq istəyirsən?


- Biznesmen.


- Nə üçün?


- İstəyirəm, pulum çox olsun ki, insanlara daha çox kömək edə bilim.

 

Müəllim sanki işıq ucu tapmış kimi sevindi:

 

- Lap yaxşı. Gəl belə danışaq. Əvvəla, sən düz deyirsən, Əhmədin, doğrudan da, köməyə ehtiyacı var, amma sən tələsmə. Axı hələ balacasan. Bax zəngin iş adamı olarsan, onda insanlara kömək edərsən.

 

-Yox, - deyə Əli etiraz etdi. - Babam həmişə deyir ki, birinin yardıma ehtiyacı olanda ona düşünmədən bacardığın qədər kömək elə. Bir də deyir, elə yardım elə ki, o adam utanmasın. Əgər mən indidən insanlara kömək etməyi öyrənməsəm, zəngin adam olanda bunu bacarmayacağam.

 

Müəllimin gözləri dolmuşdu. Başını “bəli” mənasında tərpədərək masanın üzərindəki pulları bir-bir yığdı...