Nağıllar, hekayələr

Naftalan

Günlərin bir günü tacirlər indiki Naftalan ərazisindən keçirdilər. Burada çoxlu bulanıq sulu göllər vardı.

 

Karvandakı dəvələrdən biri xəstə idi; həddindən artıq arıqlamış, yük götürməyə gücü qalmamışdı. Karvanbaşı çox düşünüb-daşındıqdan sonra onu karvandan çıxarmağı əmr edir:

 

- Belə heyvanın əzab-əziyyətlə yaşamağındansa, gölün suyundan zəhərlənib biryolluq tələf olması yaxşıdır. Onu elə burada qoyub gedək.

 

Tacirlər belə də edirlər, dəvənin yükünü başqa dəvələrə yükləyib yollarına davam edirlər.

 

Bir müddətdən sonra geri dönən tacirlər həmin çöldə qoyub getdikləri dəvə ilə qarşılaşırlar. Görürlər ki, dəvə tamamilə dəyişib: kökəlib, gümrahlaşıb. Mat-məəttəl qalırlar. Maraqlanıb dəvəni izləyirlər. Baxırlar ki, dəvə gölün sahilində gəzinir, tez-tez gölə girib-çıxır, sonra da kənarında yatır.

 

Onlar gölə əl vurarkən suyun yağlı olduğunu görürlər. Məlum olur ki, xəstə dəvəyə şəfa verən bu yağın hikməti imiş.

 

Sonradan məlum olur ki, bu yerlərin camaatı “naftalan” adlanan bu yağdan bir dərman kimi istifadə edir.

 

Nafta - neftdən alınan maddənin adıdır. Naftalan nafta ilə zəngin yer deməkdir. Müalicəvi əhəmiyyəti olan naftalan yağı əsl təbiət möcüzəsidir. Onun haqqında ilk məlumat XII əsrə aiddir. Dünyada yeganə təbii neft müalicəxanası sayılan Naftalan şəhəri Goranboy yaxınlığında yerləşir.

 

Lap qədim zamanlardan naftalan yağı nəinki Cənubi Qafqazda, eləcə də Kiçik Asiyada, İranda və uzaq Hindistanda minlərlə xəstəyə şəfa verib.

 

XIX əsrin ikinci yarısında Naftalan xarici sahibkarların diqqətini cəlb edir. Alman mühəndisi Yeger 1887-ci ildə buraya gəlir. O, böyük bir sahə alıb bir neçə quyu qazdırır. Çıxarılan neftin bir hissəsi naftalan dərmanı hazırlamaq üçün Almaniyaya aparılır. Tezliklə Berlində məşhur "Naftalan- Yeger" firması yaradılır. Naftalanın şöhrəti hər yana yayılır.

 

Rus-yapon müharibəsində yapon əsgərlərinin çantalarında daim naftalan dərmanı olarmış. Həmin qabların üstündə bu sözlər yazılmışdı: "Kimin əlində bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".