Nağıllar, hekayələr

Nizami Gəncəvi. Şah və xidmətçi

Keçmiş zamanlarda zalım bir şah varmış. Şah nəinki əyalətə, hətta ətrafında olan yaxın adamlara qarşı da çox qəddar imiş. Ürəyinə yatmayan xırdaca bir nöqsanı belə bağışlamağı bacarmazmış. Şah sarayında bir dəstə yırtıcı köpək saxlatdırırmış. Köpəklər o qədər iri, o qədər güclü imiş ki, dəvənin boynunu bir dişdəmdə qopararlarmış. Şahın bir nəfərə acığı tutanda köpəklərin zənciri açılar, şahın qəzəbinə düçar olan zavallı bu itlərin pəncəsinə keçər, itlər də o saat onu parçalayıb yeyərmişlər.


Şahın cavan bir xidmətçisi də vardı. Ağlı, kamalı ilə bu cavan başqalarından fərqlənirdi. Cavan fikirləşirdi ki, şah qaniçəndir, yaxşılıq bilən deyil. Günahsız adamlara cəllad kimi divan tutub qıran şah bir gün qəzəblənib onu da itlərə atdıra bilər. Cavan bunları fikirləşdikcə canına vəlvələ düşürdü. Elə buna görə də o, itləri saxlayanla dostlaşmağı qərara aldı və belə də etdi. Cavan hər dəfə itlərin yanma gələndə özü ilə bir şaqqa ət gətirər və köpəklərə atardı. Bu qayda ilə xidmətçi itlərlə dostlaşdı, əvvəlki qorxudan bir əsər belə qalmadı. İtlər cavanı gördükdə quyruqlarını qısır, onu mehribanlıqla qarşılayırdılar. 


Günlərin birində zülmkar şahın cavan xidmətçiyə də acığı tutdu. Üz-gözünü turşutdu və cəlladı çağırtdırdı. Əmr etdi ki, cavanı itlərə atsın. Cəllad gəncin əl-qolunu bağladı və gətirib itlərə atdı. Pələng kimi qüvvətli itlər cavana hücum etdilər. Sonra onu tanıdılar, o saat dayanıb durdular və quyruq bulayaraq boyunlarını bükdülər. Köpəklər əli-qolu bağlı xidmətçini dövrəyə aldılar. Sanki onu şahın bəlasmdan qorumaq istəyirdilər. 


Bu hadisədən bir gün keçdi. Səhər açıldı. Şah dünən tutduğu işdən peşman olmuşdu, o, yaxın adamlarına dedi: - O cavanı dünən itlərə atdırdım. Gedin baxın, görün sağdır, ya ölmüşdür? 


Şahın cavanı xəbər alması hər yana yayıldı. İtləri saxlayan tövşüyətövşüyə şahın yanına gəlib dedi: 


- Qəribə sirdir, cavan salamat qalmışdır. İtlər ona toxunmamışlar. 


Şah bunu eşitcək tez əmr verdi:


 - Onu yanıma gətirin! Gənci xilas edib saraya gətirdilər. Şah gözlərinə inana bilmirdi. O, cavanın sağ qalmasına təəccüb edirdi. Şah dedi:


 - Ey cavan, aç söylə, bu nə sirdir, itlərin iti dişlərindən necə xilas olmusan? 


Cavan söylədi: - Sənin pis xasiyyətinə bələd idim. Bilirdim ki, bir gün mən də sənin qəzəbinə düçar olacağam. Ona görə də itlərə tikə atdım. Onlar yaxşılığımı itirmədilər. Lakin sənə, şah sağ olsun, on il qulluq etdim, axırda qismətim itlərə atılmaq oldu. Mən sədaqəti səndə deyil, itlərdə gördüm. İt bilən hörməti sən ayaqladın. İtə bir sümük atsan, səninlə dost olar. Namərd adama canını qurban etsən belə, qədir-qiymətini bilməz.