Nağıllar, hekayələr

Dovşan və tısbağa

Bir gün dovşan çayın kənarında tısbağaya rast gəldi və ona dedi:

 

- Gəl səninlə qaçaraq ötüşək. Qalibə bir səbət dəymiş meyvə mükafat təyin edək. Həmin səbəti hündür təpənin başına qoyaq. Kim ona birinci çatsa,  meyvəni də o yesin.


Tısbağa bir az fikirləşdi və razılaşdı.

 

Onlar səbəti meyvə ilə doldurub hündür təpənin başına qoydular, özləri isə çayın sahilinə qayıtdılar.

 

- Qaçırıq! - deyərək dovşan qışqırdı. O bilirdi ki, tısbağadan çox yeyin qaçır. Tısbağa da bilirdi ki, dovşana çatmaq olmaz. Lakin yenə də o, təpəyə çıxmaq üçün var qüvvəsini toplamışdı.

 

Dovşan isə gülməkdən özünü saxlaya bilmir, otun üzərində o yan-bu yana diyirlənirdi. Nəhayət, özünə gələn dovşan gördü ki, tısbağa hündür təpəyə çatmaq üzrədir. Dovşan var qüvvəsi ilə yuxarı qalxmağa başladı. Lakin dovşan gecikdi. O, təpənin zirvəsinə çatanda tısbağa artıq şirəli meyvələri yeyirdi.