Əli Səmədov. Sərçənin sədaqəti
Biri vardı, biri yoxdu, bir sərçə vardı. Bu sərçə başqa sərçələrə bənzəmirdi. Yayı aranda, qışı, payızı isə meşədə keçirirdi. Həmişə meşəni arandan çox sevərdi. Ona görə ki qışda nə qədər qalın qar yağsa da, ağacların altı quru qalırdı. Sərçə bu quru yerlərdə dənlənər, qışın sərt keçməsini hiss etməzdi.
Payız günlərinin birində sərçə meşəyə doğru uçurdu. Bir də gördü ki, meşə od tutub yanır. Meşəbəyidən başqa, onun alovunu söndürən yoxdu. Meşəbəyi çox əziyyətlə çaydan vedrə-vedrə su daşıyır, meşənin yanan yerinə tökürdü ki, alov çox yayılmasın. Yazıq meşəbəyi qan-tər içində idi. Sərçə bu yanğını görüb çox təlaş keçirdi. Fikirləşmədən qanadlarını geniş açıb işə başladı. O tez-tez çaya baş vurur, dimdiyində su gətirir və meşənin yanan yerinə tökürdü.
Meşəbəyi sərçənin bu köməyini görüb çox təəccüb etdi:
-Ay allahın quşcuğazı, sənin dimdiyində gətirdiyin su bu yanğına nə edəcək? - dedi.
Sərçə dilə gələrək:
-Bunu mən də bilirəm, - dedi. - Ancaq mən meşəyə olan məhəbbətimi, sədaqətimi göstərirəm.
Sərçə bunu deyib sürətini bir qədər də artırdı. Tez-tez çaya baş vurub, dimdiyində gətirdiyi suyu meşənin yanan yerinə tökürdü. Meşəbəyinin və sərçənin gətirdiyi sular, elə bil, bircə anda çoxaldı, selə-suya döndü. Meşənin alovu tüstülənib söndü. Qoca meşəbəyi rahat nəfəs aldı.
Sərçə də yaşıl budağa qonub dincəlirdi. Meşəbəyi sərçəyə baxdı, baxdı, sonra dedi:
- Ay allahın zərif quşcuğazı, kaş bəzi nankorlar, meşəni gizli qıranlar da sənin kimi meşənin qədrini biləydilər.
30.11.2022