Nağıllar, hekayələr

Yusif Şirvan. Ananın səsi

Ana Cavanşiri çağırtdırdı. El başçılarının yanında dedi:

 

- Atan qocalmış, mənim də belim bükülmüşdür. Sən bu gündən qalxan və qılınc götür. Budur, minlərlə igid vətən uğrunda döyüşə gedir. Sən də onlara qoşul, hökmdar oğlu olduğunu unut. Bircə şeyi yadında saxla. Vətən fəlakət qarşısındadır, onu xilas etmək lazımdır. Düşmənin üstünə bir əsgər kimi get, qalib bir aslan kimi qayıt... Anan  səni xoşbəxt görmək istəyir.  Düşmən qarşısından qaçsan, bu yurda dönmə. O zaman mən südümü sənə halal etmərəm. Sən arxadan yaralansan, Azərbaycan qızlarına sənin yaranı sarımağı məsləhət görmərəm. Düşməni yurdumuzdan qovmamış geri dönmə.

 

Cavanşir vüqarla başını qaldırdı və yaxına gəlib ananın titrək, zərif əlini öpdü:

 

- Arxayın ol, ana, mən vətən oğluyam!

 

- Cavanşir bizim sərkərdəmizdir!..

 

- Cavanşirə uğurlar olsun! - deyə el başçılarının əzəmətli səsi gurladı...

 

- Sizə uğurlar olsun! - deyə ana zərif əllərini qaldırıb onlara xeyir-dua verdi.