Nağıllar, hekayələr

Üzeyir Hacıbəyov. Ordan-burdan

Bir neçə gün bundan irəli «əlahəzrət», qədri-qüdrət Məhəmmədəli şah Qaçar ruhəna fədah adlanan, amma bu gün rus demişkən, prosto Meşədi Məhəmmədəli deyilən İran sabit şahı Məhəmmədəli mirzə küsübdür!

 

Küsübdür ki, nə üçün onu taxtdan yerə saldılar. Halbuki həmin Məhəmmədəli mirzə öz millətinə bir çox... zülmlər etmişdir!

 

Ravi belə rəvayət eyləyir ki, bir dəfə rus səfarətxanasının yanından keçirdim. Gördüm ki, otaqların birisindən həzin-həzin səslər gəlir. Bir qədər qulas verib bu cürə sözlər eşitdim:

 

— Mən sənə demədimmi ki, millət ilə sülh elə!

 

— Yalançıya allah lənət eləsin! Sən demədinmi ki, məclisi topa tut!

 

— Əşi, zərər yoxdur, sən padşah olma, oğlun olsun, özgəsi deyil, ha!

 

— Vallah, əslinə baxsan, heç bu iş pis olmadı... Bax, bizim bu xaraba qalmış torpaqda sənin zərrəcə də hörmətin qalmamışdı. Amma indi get Rusiyaya, gör sənə nə hörmət eyləyəcəkdirlər!

 

— Axı, mən burada istədiyimi eyləyirdim. Görüm Rusiyyətdə də oylə şeylər mənim üçün mümkün olarmı?

 

— Yaxşı, sənin burada istədiyin, ayıb olmasın, isti yer... yəni belə bu cürə ürək açan şeylər deyilmidi? Əgər sən Rusiyyətdə haman istədiklərin yuz dəfə ondan yaxşısını tapmasan, onda əmr elə sənin cəlladın mənim... yox, amma indi çəlladın yoxdur... Onda mən namərdəm! A gözəl Fitilbörk! Ey yerin behişti! Qurtar bizi bu cəhənnəmdən!

 

Oranın küçələri o qədər təmizdir ki, qatıq töküb yalamaq olar.

 

Amma bunun küçəsində bir qədər yağış yağsa, gərək hammal dalına alıb minib keçəsən. Oranın küçələrində gözəllər — gözəl-gözəl madamlar — mislil huri, qəşəng-qəşəng oğlanlar — kəmisli qılman! Amma buraların küçələrində sürü-sürü hammallar...

 

— Amma hayıf ki, mən yaxşı rusca bilmirəm!

 

— Amma mən yaxşı bilirəm!

 

— Adama nə deyir?

 

— Çelovek!

 

— İtə nə deyir?— Sabaka!

 

— Gedirəm, nə tövr deyir?

 

— Baydom!

 

— Gəlirəm?

 

— O da baydom.

 

— Onda sən məndən çox bilirsən!

 

Sonra nə danışıblarsa ravi eşidə bilməyibdir.