Nağıllar, hekayələr

Süleyman Sani Axundov. Tağı əmidən siz də öyrənin!

Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim.

 

Bir dəfə bağda alabəzək bir qurdu yarpağa büküb gətirdi

 

- Tağı əmi, bax gör nə qəşəng qurddur! - deyə ona göstərdim.

 

- Doğrudur, gözəldir. Lakin bu qurd kəpənək olanda daha da gözəl olacaqdır, - deyə Tağı əmi əlavə etdi.

 

Mən təəccüblə soruşdum:

 

- Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur.

 

Tağı əmi cavab verdi:

 

- Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb içində qalacaqdır. Bir müddətdən sonra onun gözləri, ayaqları yox olub topal olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir. Yayın isti günlərinin birində baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq istəyəcəksən.

 

Mən o vaxta kimi ipəkqurdunun saxlanılmasını görməmişdim. Sonralar özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.